RU

Rusiyanın “Oreşnik”lə bağlı PLANLARI: “Bu, bütün dünyada fəlakətə yol açacaq”

“Dünya silah bazarında hazırda böyük gərginlik və sıxlıq yaranıb. Bunun səbəbi münaqişə zonalarının və qaynar nöqtələrin sayının durmadan artmasıdır. Təbii ki, bu vəziyyətdə maraqlı olan ölkələr də mövcuddur ki, onlar həm sifarişləri, həm də sorğuları yerinə yetirməkdən məmnundurlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin Astanada keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında “Oreşnik” raketi və onun kütləvi istehsalı haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Birincisi, bu istehsalçılara böyük məbləğlərdə qazanc gətirir. Digər tərəfdən, bu ölkələr öz yeni silahlarına və texnoloji tapıntılarına marağı artırmaq istəyirlər, bu da onların mövqelərini gücləndirməyə imkan yaradır. Amerika, Birləşmiş Krallıq, Fransa, Britaniya, Niderland kimi ölkələr silah bazarında yeni tendensiyaların baniləri kimi çıxış edirlər və Rusiya da bu sıradadır. Əlbəttə, son illərdə Rusiya müəyyən qədər geriləsə də, öz mövqelərini itirməyib və indi yenidən qüvvətlənməyə başlayıb. Rusiya da konstruktor büroları, xüsusi təyinatlı institutlar və Müdafiə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən podratçılara malikdir. Hazırda Rusiyada “Oreşnik”, “Kinjal” və digər raket sistemləri istehsal edilir. Bəzi silahlar hələ sınaqdan keçə bilməsə də, “Oreşnik” kimi bəzi yeni sistemlər silah sahəsində canlanma yaradıb”.

Analitik əlavə edib ki, Rusiya bu silahları istehsal etməkdə bacarıqlı olduğunu gizlətmir:

“Oreşnik” kimi silahların xüsusiyyətləri göstərir ki, o, yüksək səviyyədə təkmilləşdirilmiş və mükəmməl həllərə malikdir. Bu silahın ən böyük üstünlüklərindən biri hədəfə dəqiq çatması və uçuş mərhələsində kursdan kənara çıxmamasıdır. Bu səbəbdən, Rusiya onu seriyalı şəkildə istehsal etməyə hazırdır. Lakin bu silahların nüvə başlığı ilə istifadəsi məsələsi böyük narahatlıqlara səbəb olur. Hazırda “Oreşnik” nüvə başlığı ilə təchiz olunmayıb, amma gələcəkdə belə bir ehtimal mümkündür”.

“Bu, dünya geosiyasətindəki gərginliyin artmasına işarə edir. Nüvə başlıqlarının silahlarda istifadəsi hər bir ölkə üçün təhlükəli və xoşagəlməz bir tendensiyanın başlanğıcı ola bilər. Kim ki, nüvə başlığından istifadə edərsə, bu, bütün dünyada fəlakətə yol açacaq potensiala malikdir. Allah göstərməsin, hətta bu proseslər bütün dünyanı məhvə doğru apara bilər. Hələ ki, nüvə silahlarının istifadəsi 1940-cı illərdə istifadə olunan balaca silah sursatından sonra baş verməyib və bu, ümidverici bir göstəricidir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

Избранный
17
yenicag.az

1Источники