RU

Karate üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi olub

Karate üzrə uşaq, yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə karateçilərin paradı olub.

Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yarışda 50 klub və müxtəlif regionlardan idmançıların iştirak etdiyini vurğulayıb. O, qalib xalqın gənclərinə sadəcə idmanda deyil, bütün sahələrdə uğurlar arzulayıb. Ü.Quliyev Azərbaycan karateçilərinin həmişə olduğu kimi, gələcəkdə də bayrağımızı beynəlxalq arenalarda daim yüksəklərə qaldıracağına inandığını söyləyib. Federasiya rəhbəri ölkəmizdə karatenin kütləviliyinin artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi baxımından belə turnirlərin əhəmiyyətini də qeyd edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Azərbaycan Karate Federasiyasının ildən-ilə inkişaf etdiyini deyən E.Məmmədov bu idman növü üzrə əldə edilən uğurlardan bəhs edib.

Rəsmi çıxışların ardınca son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar. Təltifetmə mərasimindən sonra tədbir bədii hissə ilə davam edib və çempionat açıq elan olunub.

Qeyd edək ki, ötən gün start götürən yarışlara dekabrın 1-də yekun vurulacaq.

Избранный
12
1
90deqiqe.az

2Источники