RU

Qadını öldürüb, 2 il təqaüdünü alıb

Tanışı olan qadını öldürüb meyiti basdırmaqda ittiham olunan Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən Könül Baxşəliyev məhkəməyə onlayn qoşulub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah olunub.

Qeyd olunub ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş kimi tanınıb. Belə ki, Könül Baxşəliyev 2 il müddətində mərhum Bahar Məmmədovanın təqaüdünü alaraq, quruma 7000 manata qədər ziyan vurub.

Məhkəmənin baxış iclası dekabrın 12-nə təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 57 yaşlı Bahar Məmmədovanın bu il martın 3-də qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Könül Baxşəliyev Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Избранный
532
14
heftelik.az

10Источники