RU

Vizasız gediş-gəliş - “Gürcüstan xalqını cəzalandırmış olacaqlar...”

Məlum olduğu kimi, Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız rejimi hələ qüvvədədir. Lakin Aİ Gürcüstan hökumətinin Avropa dəyərlərinə uyğun islahatları yubatması səbəbindən bu rejimin yenidən nəzərdən keçirilməsini müzakirə edir.

Bu məsələ dekabr ayında Aİ Şurasının iclasında müzakirə ediləcək.

Hazırda Gürcüstan vətəndaşları Aİ ölkələrinə qısamüddətli səfərlər üçün vizasız rejimdən istifadə edirlər. Lakin gələcəkdə ölkənin Avropa ilə münasibətlərində baş verən dəyişikliklər bu rejimi təsir edə bilər.

Bu məsələ Gürcüstan cəmiyyətində hakimiyyətə qarşı gərginlik yarada bilər. Gürcüstan vətəndaşlarının Şengen zonasına vizasız səyahət etməsi iqtisadi təsirlərə səbəb olub. Vizasız səyahət Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli iş tapmaq üçün getməsini asanlaşdırıb. Bu, ölkədən işçi qüvvəsinin xaricə axınına səbəb olsa da, xaricdə işləyənlərin göndərdiyi pul köçürmələri Gürcüstan iqtisadiyyatına mühüm dəstək olub. Dünya Bankının məlumatlarına görə, bu köçürmələr Gürcüstanın ÜDM-nin əhəmiyyətli hissəsini təşkil edir.

Gənclər və peşəkarlar Avropa ölkələrində təhsil almaq və beynəlxalq təcrübə qazanmaq imkanı əldə ediblər ki, bu da Gürcüstanın insan kapitalının keyfiyyətinin yüksəlməsinə müsbət təsir edib. Həmçinin vizasız gediş-gəliş Gürcüstan üçün Avropa ölkələri ilə iqtisadi və turizm əlaqələrini inkişaf etdirmək imkanı yaradıb.

NATİQ

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Musavat.com-a danışıb:

“Əslində, bu gün müxalifət insanları etirazlara cəlb etmək üçün ən çox bu arqumentdən istifadə edir ki, Avropa İttifaqına vizasız gediş-gəliş dayandırıla bilər. Bu da təbii ki, Gürcüstan əhalisində gərginlik yaradır, çünki onlar bu üstünlükdən sona qədər istifadə etmək istəyirlər. Beləliklə, hazırda Gürcüstanda adi vətəndaşları küçəyə çıxaran, etiraz etməyə sövq edən amillərdən biri də budur. Lakin maraqlıdır ki, Avropa İttifaqı hələ ki, vizasız gediş-gəlişin dayandırılacağı ilə bağlı hər hansı açıqlama verməyib. Əgər bu belə olarsa, bu, Aİ-nin səhvi olar. Çünki faktiki olaraq Gürcüstan xalqını cəzalandırmış olacaqlar. Yəni Gürcüstan məmurları, istərsə müxalifət, istərsə də hakimiyyət nümayəndələrinin diplomatik pasportları var, onlar onsuz da vizasız Avropaya gedib-gəlirlər. Yəni cəzalandırılan onlar olmayacaq. Ona görə də əgər Aİ bunu adi vətəndaşlara tətbiq edərsə, bu, vətəndaşların cəzalandırılması olacaq.

Bəli, kifayət qədər çox Gürcüstan vətəndaşı vizasız gediş-gəlişdən istifadə edib. Bir tərəfdən yarım milyona yaxın Gürcüstan vətəndaşı Avropa ölkələrində ya mövsümi, ya da daimi işlə məşğul olub, ölkəsinə pul göndərir, ya da gətirir. Bunun da iqtisadi baxımdan çox müsbət təsirləri var. Amma digər tərəfdən, ölkədə ciddi şəkildə demoqrafik böhran yaşanır. Belə ki, vizasız gediş-gəliş əhali sayının azalmasına təsir edən ciddi amilə çevrilib. Ölkə boşalır, insanlar Avropada özlərinə şərait qurduqdan sonra geri qayıtmır, doğuş sayı azalır, bununla da əhalinin sayı kəskin şəkildə azalır. Bu baxımdan vizasız gediş-gəlişin iki tərəfi var.

İstənilən halda istər müxalifət, istərsə də iqtidar Avropa ölkələrinə vizasız gedib-gəliş etməkdə maraqlıdır”.

Xalidə Gəray
Musavat.com

Избранный
10
musavat.com

1Источники