Rumıniyada keçirilən parlament seçkilərində həm Deputatlar Palatasında, həm də Senatda ən çox səs toplayan Sosial Demokrat Partiyası (SDP) olub.
APA xəbər verir ki, bütün seçki məntəqələrindəki səslərin hesablanmasının yekun nəticələri Daimi Seçki Administrasiyasının saytında dərc olunub.
Deputatlar Palatasında SDP 21,96%, Rumınların Birliyi Alyansı 18,01% və Milli Liberal Partiyası (MLP) 13,2% səs toplayıb. Bu üç partiyadan sonra Rumıniyanın Qurtuluşu İttifaqı (12,4%), SOS Rumıniya (7,36%), Gənclər Partiyası (6,46%) və Rumıniya Macarlarının Demokratik İttifaqı (6,34%) gəlir.
Senatda SDP 22,3% səs toplayıb. İkinci yeri Rumınların Birliyi Alyansı (18,3%), üçüncü yeri MLP (14,28%) tutub. Rumıniyanın Qurtuluş İttifaqı (12,26%), SOS Rumıniya (7,76%), Gənclər Partiyası (6,39%) və Rumıniya Macarlarının Demokratik İttifaqı (6,38%) partiyaları da Senata daxil olub.
Beləliklə, Rumıniya parlamentinin yeni çağırışında ümumilikdə yeddi partiya olacaq. Parlamentə daxil olmayan partiyaların aldığı səslər xüsusi alqoritmlə bu 7 partiya arasında bölüşdürüləcəyi üçün Deputatlar Palatasında və Senatda hər birinin neçə yer tutacağı hələ məlum deyil.