RU

“Əsəd rejimi devrilsə, İran və Rusiyaya da zərbə dəyəcək”

Oqtay Qasımov: “Orada elə bir durum yaranıb ki, kimin kimə qarşı olduğunu tam şəkildə müəyyənləşdirmək çətindir”

Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusunun (SMO) Hələb şəhərini ələ keçirməsi Orta Şərqdə tamamilə yeni situasiya yaradıb.

Belə görünür ki, Rusiya və İrandan məlum səbəblərdən əvvəlki hərbi köməyi ala bilməyən Bəşər Əsəd rejimi bu dəfə özünü qoruya bilməyəcək və “tikişlər” üzrə “söküləcək”. Ən son məlumatlara görə, müxalif qüvvələr Hələb və Həma şəhərlərindən sonra Tel-Rifat şəhərinə daxil olub. Dəməşqdə isə Bəşər Əsədə qarşı Milli Qvardiyanın üsyan qaldırdığı haqda məlumat yayılıb. Artıq Bəşər Əsəd və arvadının ölkədə olmadığı, prezident sarayının ələ keçirildiyi deyilir.

“Suriyadakı proseslər Cənubi Qafqaza da öz təsirini göstərəcək”.

Bunu erməni politoloq Hrant Mikaelyan yerli mediaya açıqlamasında deyib (Axar.az). O, İrana əsas zərbənin Suriyada vurula biləcəyi haqda beynəlxalq politoloqların aylar öncəki proqnozlarını xatırladıb: “İrana qarşı ilk olaraq Livanda zərbə vuruldu - "Hizbullah" zəiflədildi. İndi Suriyada İranın dəstəklədiyi qüvvələr sıradan çıxarılır. Bu siyasət Rusiya və İrana qarşı yönəlib. Bu yolla onları başqa cəbhələrdən, o cümlədən Ukrayna və Cənubi Qafqazdan yayındırıb, yeni müharibəyə cəlb etməyə çalışırlar”.

Onun fikrincə, Suriyadakı hücum İran və Rusiya üçün çox ciddi imic zərbəsidir, çünki indi orada üsyançılar mühüm uğurlar əldə ediblər: “Hökumət qüvvələri Türkiyənin dəstəklədiyi silahlıları dayandırmağa, vəziyyəti sabitləşdirməyə, həmçinin onları geri oturtmağa cəhd göstəriləcək. Bu proses aylar çəkə bilər. Və bu, İranın imkanlarını azaldacaq ki, bu da Ermənistan üçün təhlükəlidir. Son illər Ermənistanın təhlükəsizliyini əsasən İran faktoru təmin edirdi və İran nə qədər çox kənara çıxarsa, Ermənistan üçün bir o qədər problemli olar. Hətta Trampın dövründə İsrail və ABŞ-ın İrana birgə zərbə vurması təhlükəsi var və indi ola bilsin ki, onlar Suriyanı ara məqsəd kimi seçiblər”.

Bəs pərdə arxasında Türkiyənin rolu nədən ibarətdir? 

Bu arada məlumat yayılıb ki, Suriya prezidenti Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. Bu haqda Suriyanın müxalif telekanalının mənbələri bildirib. Əsədin Türkiyə tərəfi ilə danışıqlar aparmaq üçün Antalyaya təhlükəsizlik heyəti göndərdiyi bildirilir. 

Xatırladaq ki, Suriya yarım-müsəlman Livandan sonra yeganə ərəb ölkəsidir ki, bir neçə il öncə, Bəşər Əsəd dönəmində Ərdoğanın acığına saxta “erməni soyqırımı”nı tanıyıb-parlament səviyyəsində. Bəzi ekspertlərin fikrincə, Əsəddən sonra qərar ləğv edilə bilər.

Bəs Bəşər Əsədin hakimiyyəti xilas etmək şansı qalırmı? Əsəd rejiminin çöküşü bölgəyə, Güney Qafqaza, Türkiyəyə nə vəd edir? 

Oqtay

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Suriyadakı hadisələr olduqca dərin və mürəkkəbdir. Orada elə bir durum yaranıb ki, əslində kimin kimi müdafiə etdiyi, kimin kimə qarşı olduğunu tam şəkildə müəyyənləşdirmək çətindir: “Xüsusilə də nəzərə alsaq ki, baş verən hadisələr Suriyanın İdlib bölgəsindən başlanıb, o bölgə vətəndaş müharibəsi başlanan dövrlərdən müxalifətin nəzarətindədir. Həmin ərazilərdə Türkiyəyə yaxın sayılan bəzi qruplar da fəaliyyət göstərməkdədir. Amma nəzərə almaq lazımdır ki, həmin ərazidə nəzarətin mütləq hissəsi Heyəti Təhriri Şam deyilən terrorçu qruplaşmanın əlindədir. Bu qruplaşma vaxtilə İŞİD-dən ayrılmış qrupdur. Onların arxasında hazırda kimin dayandığını söyləmək kifayət qədər çətindir. Amma nəzərə alsaq ki, İŞİD-in yaradıcısı hansı dövlətdirsə, məhz HTŞ-nin də arxasında dayanan həmin qüvvədir. İŞİD-in hansı dövlətlər tərəfindən yaradıldığı da hər kəsin yadındadır. HTŞ qruplaşmasının Türkiyə ilə hər hansı bir əlaqəsi yoxdur. Bu qruplaşma Türkiyədə terror təşkilatı kimi tanınır. Rusiya və Ermənistan media resurslarında guya bu hadisələrdə Türkiyənin əlinin olduğu iddiaları yer alır. Xüsusilə Rusiyada şovinist millətçi dairələr və erməni təbliğatçılar Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün bu cür dezinformasiyalar yaymaqdadır. O ki qaldı Türkiyənin mövqeyinə, Türkiyənin mövqeyi birincisi ondan ibarətdir ki, Suriyanın ərazi bütövlüyü tam şəkildə dəstəklənir. Türkiyənin mövqeyi həm də ondan ibarətdir ki, bölgədə olan bütün dövlətlərin hərbi bölmələri Suriya ərazisindən çıxarılsın. Suriyada Rusiyanın iki hərbi bazası var, İranın 10 minlərlə proksi qüvvələri Suriyada fəaliyyət göstərir və Əsəd rejimi faktiki olaraq İrandan asılıdır. Bu məqam Suriyada müttəfiq olan Rusiya və İran arasında zaman-zaman müəyyən gərginliklərə də gətirib çıxarıb. Suriyanın hava məkanı tam şəkildə Rusiyanın nəzarətində olsa da biz zaman-zaman onu görürük ki, ABŞ və ya İsrail aviasiyası Suriya ərazisindəki İran bazalarına zərbələr endirirlər, Rusiya tərəfindən buna mane olunmur. Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya ilə İran Suriya rejiminin qorunmasında ortaq maraqları olsa da bəzi məsələlərdə fərqli mövqe sərgiləyirlər. Bundan başqa, HTŞ qüvvələrinin İdlibdən Hələbə, oradan Həma, Hümus istiqamətində hücumlarına baxdıqda belə anlaşılır ki, bu, ABŞ-ın böyük ölçüdə işinə yarayır, İsrailin maraqlarına uyğun gəlir. İsrail Əsəd rejiminin devrilməsində maraqlıdır. Belə bir hərəkatın olması Əsəd rejiminə ciddi şəkildə sarsıdıcı zərbə vurur və rejimi laxladır".

Politoloq qeyd etdi ki, hazırda Bəşər Əsədin daxili qüvvələri kifayət qədər məhdud olduğundan onun ümidi ancaq İran və Rusiya qüvvələrinin prosesə müdaxiləsinə qalıb: “Təbii ki, Suriyada bu hadisələrin başlanması hazırda Rusiyanın maraqlarına uyğun deyil. O baxımdan ki, Rusiya məcburən Ukrayna cəbhəsindən müəyyən ehtiyatını Suriya cəbhəsinə atmaq zorunda qalacaq. Bu da Ukrayna cəbhəndə Rusiyanın müəyyən qədər zəifləməsinə gətirib çıxaracaq”.

O.Qasımov dedi ki, Suriyada mövcud olan ABŞ, Rusiya, İran əslində Türkiyənin maraqlarını qəbul etmədən burada yerləşməyə çalışırlar: “Baxmayaraq ki, Suriya ilə Türkiyə arasında dövlət sərhədi 907 kilometr təşkil etməkdədir. Bu müddət ərzində bölgəyə yerləşməklə Rusiya və Amerika tərəfindən Türkiyənin maraqlarına kobud şəkildə arxa çevrilib. Bu, 2015-ci ildə "Zeytun budağı" əməliyyatında və ondan sonrakı əməliyyatlarda da özünü göstərdi. Rusiya və ABŞ o zaman Türkiyəyə PKK və PYD ilə bağlı vədlər versə də bu vədlər yerinə yetirilmədi. Türkiyə ilə sərhəd boyu Suriya ərazisinin bir hissəsində ABŞ PKK və PYD-nin vasitəsilə bir qondarma dövlət yaratmağa çalışır. Türkiyə isə buna izn vermək niyyətində deyil. Türkiyənin marağı bundan ibarətdir ki, Türkiyəyə sığınmış sayı 6 milyonu keçmiş suriyalı qaçqınlar öz vətənlərinə qayıtsınlar. Amma Əsəd rejimi bunu qəbul etmir. Bu da Türkiyənin maraqlarına uyğun deyil. İlin əvvəlindən Ankara dəfələrlə Əsədə danışıqlar masasına oturmağı təklif etsə də, Əsəd rejimi Türkiyə qoşunlarının Suriyadan çıxmayacağı müddətdə danışıqlar masasına oturmayacağını bəyan etdi. Bu oyuncaq rejim yalnız Türkiyəyə qarşı düşmənçilik etməyə çalışır. Bütün bunlara baxmayaraq, Hələb prosesində Türkiyə iştirak etmir. Türkiyə yalnız türkman kəndlərinin alınmasında iştirak edir". 

Politoloq vurğuladı ki, əgər Əsəd rejimi devriləcəksə, bu, ilk növbədə İranın nüfuzuna ciddi zərbənin vurulması demək olacaq, Rusiyanın mövqeləri zəifləyəcək, PKK PYD məsələsi Türkiyə ilə ABŞ arasında yenə də ciddi problem olaraq qabaracaq: “Lakin PKK və PYD zəiflədiləcəksə, bu, Türkiyənin marağında olacaq. Suriyada Türkiyənin istədiyi 30 kilometrlik təhlükəsizlik zolağı yaradılcaqsa və Türkiyənin maraqları digər qüvvələr tərəfindən də qəbul ediləcəksə, bu, müsbət hal kimi dəyərləndirilə bilər. Bəşər Əsəd rejiminin devrilməsinin iki ölkə üçün xüsusilə mənfi təsirləri olacaq. Bu, ölkələr Rusiya və İrandır. Türkiyənin qeyd etdiyimiz maraqları təmin olunacaqsa, bu prosesin Güney Qafqaza da müsbət təsirləri olacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

Избранный
20
22
musavat.com

10Источники