RU

Dizel yanacağının istehsalının artmasının səbəbi...-EKSPERT

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə, sürtgü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Dizel yanacağının istehsalının bu qədər artmasının səbəbi nədir?
Məsələ ilə bağlı Bakupost.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli dizel yanacağının istehalının artımına səbəbin Neftayırma Zavodunda yeni qurğuların işə düşməsi olduğunu bildirib.
"Uzun müddət idi ki, təmir gedirdi. İndi artıq iki yeni qurğu işə düşüb. Dizel yanacağının istehsalında yeni qurğuların istehsala başlaması ilə əlaqədar ciddi bir artım var", - o deyib.
Ekspert qeyd edib ki, digər tərəfdən, dizel yanacağına təkcə Azərbaycanda deyil, region ölkələrində də tələbat artıb:
"Ola bilər ki, Azərbaycanın dizel yanacağı ixrac üçün də nəzərdə tutulub. Artan tələbatı ödəmək üçün ölkə xam neftdənsə, daha çox dizel yanacağı ixracına üstünlük verir. Məsələn, qonşu Gürcüstanda Azərbaycan istehsalı olan dizel yanacağı satılır”.
Ekspert əlavə edib ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və quruculuq işlərinin aparılması üçün dizel yanacağına böyük tələbat yaranıb:
"Ona görə də istehsalatın yenidən qurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil".

Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, dizel yanacağının istehsalının artmasının səbəblərindən biri də Bakıda neft emalı zavodunun müəyyən bir hissəsinin yenidən qurulmasıdır:

“Zavodun sektorlarının istifadəyə verilməsi nəticəsində müəyyən işlər görülüb. Bu işlər təbii ki, istehsalata da, müsbət təsir edir. Dizel yanacağı, benzinə nisbətən daha yüksək enerji sıxlığına malikdir və iqtisadi baxımdan daha sərfəlidir. Ona görə də nəqliyyat vasitələri üçün  yanacağın tətbiq olunması və  yanacağa tələbatın artması fonunda müəyyən işlərin görülməsi zəruridir. Dizel yanacağı əsasən ağır yük maşınlarında, avtobuslar və bəzi minik avtomobillərində istifadə olunur. Ümumiyyətlə dizel yanacağının tərkibi və keyfiyyəti beynəlxalq standartlarla (məsələn, Avro-4 və Avro-5) tənzimlənir. Bu standartlar ətraf mühitin qorunması məqsədilə kükürd və digər çirkləndirici maddələrin miqdarını məhdudlaşdırır. Azərbaycanda dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur və ölkədə geniş yayılıb. Sözügedən yanacağın həm iqtisadi, həm də texniki üstünlükləri səbəbindən müxtəlif sahələrdə istifadəsi davam edir. Bunun üçün də bu və digər formada nəqliyyat vasitələrinin texniki parametrlərinə fikir vermək, onların yanacaq tələbatını artmayacaq təqdirdə kompleks işlərin görülməsi zəruridir. Yanacaq sərfiyyatının artmaması əsas işlərdən biridir”.
Избранный
3
17
sherg.az

10Источники