RU

"Reytinq, baxış sayı üçün ən məhrəm mövzular belə..." - Mütəxəssisdən SƏRT TƏNQİD

Son günlər, xüsusilə efirlərə çıxarılan, eyni zamanda, müxtəlif podkastlara dəvət edilən psixoloqlar ciddi tənqid edilir. Məsələn, ötən günlərdə psixoloqlardan biri Bakıda ananın 16 yaşlı oğlu ilə sevgili olduğunu açıqlamışdı. Yaxud bəzən efirdə bakirəlik, intim məsələlər müzakirə obyekti olur. Bu kimi misalların da cəmiyyətə xeyir verməyəcəyi, əksinə, ailə dəyərlərini də dağıda biləcəyi bildirilir.

 

Bununla bağlı Sfera.az-a sosioloq Lalə Mehralı deyib ki, bəzi mövzuların ictimailəşdirilməsi yolverilməzdir:

 

“Bu, cəmiyyətin əxlaqı, ailələrin qorunması üçün şərtdir. Lakin indi reytinq, baxış sayı üçün ən məhrəm mövzular belə rahatlıqla müzakirə edilir, ən gizlin məsələlər belə ortalığa tökülür. Xüsusilə sosial layihə adı ilə hazırlanan televiziya proqramları, psixoloqların podkastları belə məhrəm mövzuların ictimailəşməsi və buna görə baxış, tamaşaçı qazanmaq məqsədləri güdür. Bəzən deyirlər əvvəllər bu qədər zorakılıq, qətl olmurdu, insanlar bu qədər qəddarlaşmamışdı. Əvvəl də belə hallar olub, bu qədər olmasa da olurdu, lakin efirə buraxılmırdı, yayım qadağası var idi. Bilirsiniz niyə? İctimai sağlamlığı və əxlaqı qorumaq məqsədi ilə....Bunların cəmiyyətə fayda verdiyini düşünürlər? Xeyr, onlar da bilirlər ki, danışdıqları cəmiyyət üçün təhlükəlidir”.

 

Müsahibimiz vəkillərin bu məsələdə daha mühafizəkar olduğunu düşünür:

 

“Bəzən bəzi məhkəmə çəkişmələrini, baş verənləri açıqlayırlar, amma müəyyən sərhədi qorumaqla... Həmsöhbət olduğum vəkillər də var ki, məhkəmə predmeti olan bəzi vəziyyətlərdən danışırlar və bunu ictimaiyyət üçün təhlükəli hesab edirlər deyə ictimailəşdirməyi lüzum bilmirlər. Çünki başa düşürlər ki, ip üstündə yeriyənlər üçün bir büdrəmə yetərlidir ki, uçuruma düşsünlər”.

 

Günay Rəsulqızı

Sfera.az

 

 

Избранный
95
sfera.az

1Источники