“The Moscow Times” “Naval News” nəşrinə istinadən xəbər verir ki, üsyançıların Suriyada sürətlə irəliləməsindən sonra Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasından gəmilərini geri çəkməyə başlayıb.
2024-cü il dekabrın 2-də Rusiyanın “Yelnya” dəstək gəmisinin Tartus limanını tərk etdiyi və iki freqatın, daha bir yardımçı gəminin və bir sualtı qayığın da yola düşdüyü bildirilir. Bu hərəkətlər Rusiyanın bu strateji əhəmiyyətli ərazidə mövcudluğunu azaltmaq niyyətindən xəbər verə bilər.
“Naval News” hesab edir ki, Rusiya gəmiləri geri çəkildikdən sonra Tartusdakı hərbi-dəniz bazası tərk edilə bilər və Rusiya çox güman ki, gəmiləri Baltik dənizinə göndərəcək. Yol boyu onlar Əlcəzair və ya Liviyada dayana bilərlər.
Əgər Rusiya Tartusdakı bazanı saxlamaq qərarına gəlsə, ora böyük əlavə qüvvələr göndərməli olacaq, lakin onların köçürülməsi həftələr çəkəcək, “Naval News” vurğulayır.
Tartusdan gəmilərin və sualtı qayığın göndərilməsi Moskvanın bölgədəki hərbi strategiyasında dəyişiklikdən xəbər verə bilər. Rusiya son illər bazada fəal iştirakını davam etdirsə də, mövcud vəziyyət ciddi gərginliyə səbəb olur.
Qeyd edək ki, Rusiya tərəfi bu cür məlumatlara rəsmi münasibət bildirməyib.
Almaz Həsənli