Şuşanın 2024-cü il üçün OIC Gənclər Paytaxtı seçilməsi, həm Azərbaycanın, həm də İslam dünyasının mədəni irsinin təbliği və gənclərin bir araya gəlməsi üçün əlamətdar hadisə kimi yadda qalacaq.
Redaktor.az -ın "Report"a istinadla xəbərinə görə, bunu Səudiyyə Ərəbistanının İdman Nazirliyinin Beynəlxalq Tərəfdaşlıq Direktoru Mazen Alsaadi jurnalistlərə açıqlamasında deyib.
O, Şuşanın İslam Əməkdaşlıq Təşkilatı (OIC) tərəfindən 2024-cü il Gənclər Paytaxtı elan edilməsini yüksək qiymətləndirib.
“Əvvəlcə Azərbaycanın Gənclər və İdman Nazirliyinin bu möhtəşəm tədbiri təşkil etmək üçün göstərdiyi böyük səylərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Şuşanın OIC Gənclər Paytaxtı olaraq seçilməsi Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən uzaqgörən siyasətin və mədəni irsin qorunmasının bariz nümunəsidir. Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni dərindən heyran etdi,” - M.Alsaadi qeyd edib.
M.Alsaadi bu cür tədbirlərin müxtəlif ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində böyük rol oynadığını vurğulayıb.
O, gələcəkdə də Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.