RU

Gürcüstan üçün üç ssenari

Etirazlar getdikcə güclənəcək və “Gürcü Arzusu” hakimiyyəti qorumaq üçün...

Gürcüstanda gərginlik və küçə aksiyaları dayanmır. Hazırda ölkə ictimaiyyəti iki yerə bölünüb. Onların bir qismi qərbyönümlü siyasəti dəstəkləyir, digər qismi isə ölkədə Qərbdən asılı olmayan hakimiyyətin formalaşmasının tərəfdarıdır. 

Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını qanunsuz hərəkətlərə son qoymağa və qanundan kənara çıxmamağa çağırıb. 

Etiraz aksiyaları təkcə Tiflisdə deyil, Gürcüstanın Batumi, Kobuleti, Ozurqeti və digər şəhərlərində də keçirilib.

Bu arada Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri də etirazlara qoşulmağa çağırıb: “Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatıb”.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə prezidentin məktəbliləri ölkədəki etiraz aksiyalarına qoşulmağa çağırmasını “heç bir əsası olmayan əxlaqsız hərəkət” adlandırıb. O, Gürcüstanda davam edən etirazlar fonunda müxalifətlə danışıqların mümkünlüyünü də qəti istisna edib.

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze Aİ ilə danışıqların dondurulmasına görə istefa verib. Bu haqda o öz X hesabında məlumat verib. Qeyd edək ki, Maisuradze ölkənin istefa verən altıncı diplomatı olub.

2014-cü ilin Ukrayna ssenarisinin bu dəfə Gürcüstanda quruluş verilən təkrarına oxşayır. Buraya küçə toqquşmaları, polisə qarşı zorakılıq və sair qəbuledilməz fəaliyyətlər daxildir. Məlumatlara əsasən, Gürcüstana Balkan, Şərqi Avropa və Baltik ölkələrindən çox sayda təxribatçılar gətirilib. Göründüyü qədər, Gürcüstanda tətbiq olunan məlum ssenari bu ölkənin “növbəti Ukrayna”ya çevrilməsidir. Qərb Ukrayna xalqını müharibəyə sürükləyərək sonu görünməyən məşəqqətlərə saldığı kimi, Gürcüstan üçün də eyni planı həyata keçirir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında da bildirilir  ki, müəyyən qruplar Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlər zamanı dağıdıcı və zorakılıq ssenariləri təşkil etməyə çalışırlar. Bu ssenarilər konkret siyasi partiyaların və QHT-lərin rəhbərləri tərəfindən hazırlanıb, onların əsas məqsədi hakimiyyəti zorla ələ keçirməkdir. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə müxalifətini etiraz aksiyalarında “koordinasiya edilmiş zorakılıqda” və konstitusiya quruluşunu devirmək cəhdində ittiham edib. O etiraf edib ki, bu cür hərəkətlər müxalifət partiyalarını qeyri-legitim kimi tanımaq üçün Konstitusiya Məhkəməsinə müraciət etmək üçün əsas ola bilər.

Kobaxidze “Dəyişiklik naminə!”, “Birlik!”, “Güclü Gürcüstan!” və “Gürcüstan naminə!” koalisiyalarının adını çəkib. 

Elxan

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Gürcüstandakı hadisələr iki-üç ssenari üzrə inkişaf edə bilər: “Ya etirazlar getdikcə güclənəcək, qatılanların sayı artacaq və bu sonda hakimiyyətdəki "Gücü Arzusu" Partiyasının yeni parlament seçkiləri təyin etməsi ilə nəticələnəcək. Bu zaman böyük ehtimalla “Gürcü Arzusu” seçkidə məğlub olacaq, ya da hakimiyyəti qorumaq üçün daha kəskin zor gücünə əl atacaq ki, ölkənin idarəçiliyini davam etdirə bilsin. Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqı üzvlüyü prosesinin 2028-ci ilə qədər dondurulması barədə addımı strateji səhv idi. Məhz bu qərar etiraz dalğasını gücləndirdi. Hətta seçkidə “Gürcü Arzusu” Partiyasına səs verən insanlar da etiraz qoşuldular. Hakimiyyətin içində də parçalanma istisna deyil. Bunun baş verməsi hökuməti daha ağır vəziyyətə sala bilər. Amma ikinci yol da seçilə bilər. Yəni etirazçıların sayının azalması üçün sərt polis gücündən istifadə edilə bilər. Amma bununla da məsələnin bitəcəyi ehtimalı yüksək deyil. Çünki Gürcüstan cəmiyyəti faktiki iki hissəyə bölünüb. Gənc nəsil Avropaya inteqrasiya və hökumətin istefasını tələb edir. Yaşlı nəsil isə indiki hökumətə dəstək verir.  Gürcüstan vətəndaşları 1991-ci ilin aprelində böyük səs çoxluğu ilə Zviad Qamsaxurdiyanı prezident seçdi. Ancaq cəmi 10 ay sonra Qamsaxurdiyanı devirdilər və onu devirən qüvvələr keçmiş tərəfdarları idi. Paytaxt Tiflisdə silahlı toqquşmalar oldu və Qamsaxurdiya ölkədən qaçdı. Eyni hadisələr təkrarlanır. Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi namizəd idi. Salome Zurabişvili “Gürcü Arzusu” Partiyasının namizədi olaraq əsas rəqibi keçmiş xarici işlər naziri və keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi namizəd Qriqol Vaşadze üzərində qələbə qazandı. Ancaq bu qələbədən zaman keçdikcə Salome Zurabişvili ilə onu dəstəkləyən hakim partiya arasında fikirayrılığı yarandı. Hazırda fikirayrılığı o qədər dərinləşib ki, hakim partiya və hökumət insanları sabitliyə və evlərinə dağılışmağa dəvət edir, prezident isə əksinə, hökumətə qarşı mitinq və küçə yürüşlərini davam etdirməyə səsləyir. 14 dekbarda yeni bir qarşıdurma da yaranacaq. Gürcüstanda 14 dekabrda prezident seçkisi keçirilməlidir. Hakim partiyanın namizədi var. Buna baxmayaraq, Salome Zurabişvili 14 dekabrdan sonra prezident vəzifəsini tərk etməyəcəyini açıqlayıb. Bu, ikinci qarşıdurma meydanına çevriləcək və gərginliyi daha da artıracaq. Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyacaq. Bu vəziyyətdə Gürcüstan hökuməti Qərbə alternativ olaraq Rusiya ilə yaxınlaşmağa çalışa bilər".

İqor

 İqor Korotçenko 

Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko isə Axar.az-a deyib ki, Gürcüstanda vəziyyət sabitliyə təhlükə yaradır. Qərb ölkələrinin səfirlikləri tərəfindən dəstəklənən müxalifət rəngli inqilab formatında dövlət çevrilişi planlarından əl çəkmək niyyətində deyil, etiraz dalğası daha da aqressivləşəcək: “Müxalifət Salome Zurabişvilinin antigürcü fəaliyyətinə güvənir. O, Cənubi Qafqazda sabitliyi pozmağa çalışan dövlətlərin əlində alətə çevrilib. Buna görə də müxalifətin artan etirazları və aqressiv hərəkətləri qaçılmazdır. Praktik olaraq, hökumət binalarına basqın, hakim partiya liderlərinin və hökumət üzvlərinin məhv edilməsi, təhlükəsizlik qüvvələrinə güc tətbiq edilməsi planlaşdırılır. Bu səbəbdən vəziyyət olduqca gərgindir. De-fakto söhbət hökumət çevrilişindən gedir. Gürcüstanın güc strukturları konstitusiyanı əsas götürərək hazırkı baş naziri dəstəkləməlidir.

Bu hadisələr Maydan ssenarisini xatırladır. Avropa Birliyinin Tiflis hakimiyyətinə siyasi təzyiq siyasətini davam etdirəcəyini düşünürəm. Biz Avropa Birliyinin və Avropa Parlamentinin institutlarını və ən əsası, “böyük yoldaşların” (ABŞ və onun Avropadakı əlaltıları) əlində alət olan dövlətlərin qızışdırıcı rolunu görürük. Məqsəd parlament seçkilərində qalib gələn legitim hökuməti istefaya məcbur etmək və yeni seçkilərə yol açmaqdır. Maydan ssenarisinin təkrarlanması ehtimalı böyükdür: müqəddəs qurbanlar, tələbələrin zorakılıqla dağıdılması, Tiflis küçələrində snayperlərin görünməsi və qan tökülməsi ilə hökumətin ittiham edilməsi. Gürcüstan xalqı və hakimiyyəti üçün yeganə yol çevrilişə cəhd edənləri güc vasitəsilə dayandırmaqdır. Kompromis mümkün deyil. Saakaşvilinin tərəfdarları dövlət çevrilişinə cəhdə görə məhkəmə qarşısında cavab verməlidir. Əks halda, Gürcüstan xaosa sürüklənəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
30
50
musavat.com

10Источники