RU

Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş “Ömürdən sonra…” adlı xatirə gecəsi və 70 kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ictimai və siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev İsmayıl Qarayevin həyat və yaradıcılığına dair öz fikirlərini bölüşüb. O bildirib ki, yazıçının əsərləri həyatın müxtəlif aspektlərini, insanın daxili dünyasını təsvir edərək, oxuculara dərin düşüncə və yeni baxış bucağı qazandırır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İsmayıl Qarayevin həyat yolu və ədəbi irsi barədə məlumat verib. O bildirib ki, yazıçı 1927-ci il dekabrın 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub, Gəncə Tibb Texnikumunu və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Ə.Cahangir qeyd edib ki, İsmayıl Qarayev əmək fəaliyyətinə tibb işçisi kimi başlayıb, respublikanın bir sıra tibb müəssisələrində çalışıb. Daha sonra bir neçə qəzet və nəşriyyatlarda fəaliyyət göstərib, həmçinin müxtəlif ədəbi-bədii verilişlərin ssenari müəllifi, aparıcısı və redaktoru olub.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digərləri İsmayıl Qarayevin əsərlərindən seçmələr səsləndirib, onun yaradıcılığına dair xatirələrini bölüşüblər. Onlar, həmçinin yazıçının həyat və ədəbi fəaliyyəti haqqında geniş məlumat veriblər.

Qeyd edilib ki, İsmayıl Qarayev 120-dən artıq romanın, povestin, poemanın, publisistik əsərin, 80-ə yaxın kitabın müəllifi, bir çox məşhur yazıçıların əsərlərinin redaktoru, bir neçə xarici ölkə yazarlarının əsərlərinin tərcüməçisi kimi zəngin yaradıcılıq yolu keçmiş, əsərləri türk, rus və digər dillərə tərcümə edilərək nəşr olunub.

Bildirilib ki, yazıçı bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlayıb. İlk kitabı “O və mənim anam” 1964-cü ildə çapdan çıxıb. Sağlığında “O və mənim anam”, Aydınlıq”, “Tərtərin mahnıları”, “Dəniz və dənizçi zarafatları”, “Ömür”, “Əməyin bəhrəsi”, “Gecə keçir”, “Tülkü və canavar”, “V.Şklovski. Marko Polo” (İsmayıl Qarayevin tərcüməsində, 1973) kitabları çap olunub.

Sonda yazıçının övladı, tanınmış yazıçı-publisist Vəsimə İsmayılqızı atasının həyat və yaradıcılığından bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, 2008-ci ildə yazıçının həyat və yaradıcılığından bəhs edən “Qələmə sarılmış ömür” adlı biblioqrafik göstərici kitabı nəşr olunub. O, yazıçının yaradıcılığını yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Yazıçı İsmayıl Qarayev 1989-cu il oktyabrın 11-də doğulduğu Tap Qaraqoyunlu kəndində vəfat edib və orada dəfn olunub. Vəfatından sonra yazıçının 70-dən artıq kitabı bir çox nəşriyyatlarda dəfələrlə çap edilib. Bu kitablara “Bir kəndin uşaqları” (2003), “Ata həsrəti” (2006), “Aşiqlər” (2004), “Ömür” (2005), “Piyada” (2005), “Son dəfə” (2006) “Adanın sirri” (2008), “Dağlar qızına məktub” (2008) və s. daxildir.

Избранный
53
26
yeniazerbaycan.com

10Источники