Gürcüstanda müxtəlif toplantılar və aksiyalar zamanı maska taxmaq qadağan ediləcək.
24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bu gün keçirilən mətbuat konfransında bildirib.
Hökumət başçısı qeyd edib ki, bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək:
"Biz toplantı iştirakçılarının, o cümlədən əks-mitinq iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik. Avropa İttifaqına üzv olan bir çox dövlətlərdə belə qanunlar qüvvədədir və zorakılığın qarşısının alınması üçün ölkəmizdə belə bir qanunun qəbul edilməsi vacibdir. Texniki cəhətdən biz hər şeyi elə təşkil edə biləcəyik ki, gələn həftənin sonuna kimi müvafiq qanun qəbul edilsin və ayın sonuna qədər bu qanun tam şəkildə həyata keçirilsin”, - deyə İrakli Kobaxidze bildirib.