RU

Qlobal iqlim dəyişikliyi və insan hüquqları perspektivindənyeni çağırışlar və onların həlli yolları

Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli qətnaməsinə əsasən qəbul və bəyan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan artıq 76 il ötür.

Bir sıra mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təsbit olunduğu və dünya birliyinin bərabərhüquqlu subyekti olan dövlətlərin qanunvericilik sistemlərinin formalaşmasında mühüm rol oynayan bu sənəd cəmi 30 maddədən ibarətdir.

Burada irəli sürülən irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara sahib olmalarını təmin edən əsas prinsiplər bir çox beynəlxalq müqavilələrdə öz əksini tapmış və insan hüquqlarına beynəlxalq status qazandırmışdır. Həmçinin, Bəyannamə hüquqi baxımdan tövsiyə xarakteri daşısa da, orada müəyyən edilmiş hüquq və azadlıqlar bir çox ölkənin konstitusiyalarına daxil edilmiş və nəticədə dövlətlər üçün icrası məcburi olan bir sənədə çevrilmişdir.

Dünyada ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququnu bəyan edən, hər kəsin doğulduğu andan toxunulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olduğunu müəyyənləşdirən bu sənəd, dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olmuşdur.

Etiraf etmək lazımdır ki, qəbul edilməsindən uzun illər keçməsinə baxmayaraq, Bəyannamə hələ də öz aktuallığını qoruyub saxlayır və insan hüquqlarının təşviqi, müdafiəsi və təminatı sahəsində əsas istinad mənbəyi rolunu oynayır.

Bəyannamənin universal əhəmiyyətini təsdiqləyən amillərdən biri də onun dünyada ən çox tərcümə olunan sənəd olmasıdır. Qəbul edildiyi gündən etibarən müxtəlif dillərə tərcümə olunmuş və 570-dən çox dilə çevrilmiş olması bunun əyani sübutudur.

Bu qədər çox dilə tərcümə olunması həmin sənədin bütün insanlara çatdırılmasına və müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə insan hüquqlarına dair məlumatlılığın artmasına kömək etmişdir. Tərcümə olunmuş versiyalar sayəsində, dünyanın müxtəlif guşələrində yaşayan insanlar, xüsusilə hüquqlarını müdafiə etməkdə çətinlik çəkənlər, öz hüquqları barədə ətraflı məlumat əldə etmişlər.

Bəyannamə, dünya üzrə bir çox təşkilat və dövlətin fəaliyyətlərini istiqamətləndirən, insan hüquqlarının bərpası və təminatı məqsədilə bütün dünyada geniş yayılmış əsas bir sənəd olmağını hələ də qoruyur. Bu, onun nə qədər geniş və dərin təsir gücünə malik olduğunun göstəricisidir.

Bu gün də Bəyannamə, “bütün xalqlar və millətlər üçün ümumi nailiyyət standartı” kimi, beynəlxalq, milli və yerli qanunlar və siyasətlər üçün qlobal bir plan olaraq 2030 Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyin əsasını təşkil edir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi 10 dekabr tarixi, 1950-ci ildən etibarən hər il Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

İnsan hüquqlarının təbliği və müdafiəsi sahəsində əldə olunan mühüm nailiyyətləri vurğulamaq, eyni zamanda mövcud problemləri və çağırışları diqqətə çatdırmaq məqsədinə xidmət edən belə bir əlamətdar günün dünya miqyasında hər il keçirilməsi, həm də bu sahədə qarşıda duran həlledici vəzifələri gündəmə gətirmək üçün bir fürsət yaradır. Bu çərçivədə insan hüquqlarını təbliğ edən aktual mövzulara həsr olunan müxtəlif konfranslar, dəyirmi masalar, təlimlər, seminarlar, sərgilər və digər tədbirlər təşkil edilir.

2024-cü il üçün günün mövzusu “Hüquqlarımız, Gələcəyimiz. Elə İndi” adlanır. Bu şüar hər bir insanın hüquqlarına hörmətlə yanaşılmasının, ədalət və bərabərliyin təşviq edilməsinin əsas şərt olduğunu ifadə edir, o cümlədən miqrantlar və qaçqınlar kimi əhalinin həssas qrupları üçün daha yaxşı bir gələcək qurulmasında mühüm rol oynadığını bir daha vurğulayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, hər il olduğu kimi, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunmuş ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələri elan edilmişdir. Elə bu gün, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə hər iki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Fürsətdən istifadə edərək hər kəsi insan hüquqlarına dair anlayışları ifadə etməyə cəsarətləndirməklə bərabərlik, ləyaqət və ədalətliliyə dəyər qatan və onları təşviq edən bir nəslin yetişdirilməsinə töhfə verən müsabiqələrdə iştirak etmiş hər kəsə təşəkkürümü bildirirəm.

 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və

ekoloji insan hüquqları

 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildikdən sonra insan hüquqları konsepsiyasını beynəlxalq səviyyədə müəyyənləşdirən əsas sənəd olmuşdur. Bəyannamə insan ləyaqətini qorumaq, azadlıq, bərabərlik və təhlükəsizliyi təmin etmək məqsədilə fundamental prinsipləri ortaya qoymuşdur. Lakin XXI əsrdə ekoloji böhranlar, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və digər qlobal ekoloji problemlər insan hüquqlarına ciddi təsir göstərməkdədir. Bu baxımdan, insan hüquqları ilə ətraf mühit arasındakı əlaqə daha da dərinləşərək aktual və vacib bir mövzuya çevrilmişdir.

Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi (maddə 1-2), Yaşamaq, azadlıq və təhlükəsizlik hüququ (maddə 3), Sağlam həyat səviyyəsi hüququ (maddə 25) hər bir fərdin təməl hüquq və azadlıqlarını təsbit edən Bəyannamənin əsas prinsiplərini təşkil edir. Bu prinsiplər həm fərdi, həm də kollektiv hüquqların təmin olunmasında mühüm rol oynayır. Lakin ətraf mühitin pisləşməsi bu hüquqların həyata keçirilməsini çətinləşdirir.

Ekoloji insan hüquqları insan və təbiət arasındakı qarşılıqlı əlaqəni nəzərə alaraq, hər kəsin sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnu müdafiə edir. Bu hüquqlar həm Bəyannamənin prinsiplərinə əsaslanır, həm də müasir dövrün ekoloji çağırışlarına cavab olaraq formalaşır.

Bəyannamədə sağlam ətraf mühitdə yaşamaq hüququna və ekoloji hüquqlara aid spesifik maddələrə xüsusi yer verilməsə də, onun ümumi prinsipləri, o cümlədən bəzi maddələri (Maddə 3. Yaşamaq hüququ – çirklənmiş hava və su, iqlim fəlakətləri insanın yaşamaq hüququnu pozur. Maddə 25. Sağlam həyat səviyyəsi – ətraf mühitin çirklənməsi sağlam həyat şəraitini qeyri-mümkün edir. Maddə 27. Elm və mədəniyyət hüququ – təbiətin qorunması insan cəmiyyətlərinin inkişafı və mədəni irsinin davamlılığı üçün vacibdir) ekoloji insan hüquqlarının inkişafında əhəmiyyətli rol oynamışdır.

Sağlam ətraf mühitdə yaşamaq hüququ kimi anlayışlar və ekoloji hüquqlar daha sonra müasir insan hüquqları müstəvisində xüsusi olaraq qəbul edilmiş və digər beynəlxalq sənədlərdə əks olunmuşdur.

Ətraf mühitin qorunması və bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən bu sənədlər, ətraf mühitin müdafiəsini təmin etməklə yanaşı, ekoloji balansın saxlanması, təbii resursların mühafizəsi və ekologiyanın sağlamlaşdırılması məqsədini güdür.

Bunlara 1951-ci il tarixli “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya, 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Konvensiya, 1973-cü il tarixli “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya və 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası daxil olmaqla bir çox digər müqavilələr daxildir. Bunlar ətraf mühitin qorunması və bioloji müxtəlifliyin təmin edilməsi məqsədini güdür.

BMT-nin 1989-cu il tarixli “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına nəzarət haqqında” Bazel Konvensiyası və 1992-ci il tarixli “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” (Kioto Protokolu) kimi beynəlxalq müqavilələr, ekoloji hüquqların müdafiəsi və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin gücləndirilməsi sahəsində əhəmiyyətlidir. 1992-ci il tarixli “Sərhəddən keçən su axınlarının mühafizəsi və istifadəsi haqqında” Konvensiya və 1997-ci il tarixli “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu kimi sənədlər də bu istiqamətdə vacib hüquqi çərçivələr təqdim edir. Bundan əlavə, 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurası sağlam ətraf mühit hüququnu fundamental insan hüququ olaraq tanımış, bu da ekoloji hüquqların qlobal miqyasda tanınmasına böyük töhfə vermişdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqlarının qorunmasında fundamental bir hüquqi baza rolunu oynasa da, müasir ekoloji böhranlar bu hüquqların yeni aspektlərinin nəzərə alınmasını tələb edir. Ekoloji insan hüquqları yalnız fərdlərin deyil, həm də gələcək nəsillərin hüquqlarını qorumaq üçün vacibdir. Sağlam ətraf mühitin təmin olunması insan ləyaqəti və rifahı üçün əsas şərtlərdən biridir və bu, beynəlxalq və milli səviyyədə birgə və koordinasiyalı səyləri tələb edir.

Müasir dövrün ekoloji böhranı hesab olunan qlobal iqlim dəyişikliyi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmış insan hüquqlarının yeni aspektlərinin nəzərə alınmasını zəruri edir. Bu, iqlim dəyişikliyinin insan hüquqları ilə əlaqəsini və sağlam ətraf mühitin təmin edilməsinin vacibliyini vurğulayır.

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə görə, hər kəsin sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ vardır. Bununla yanaşı, vətəndaşlar ətraf mühitin real vəziyyəti haqqında məlumat əldə etmək və ekoloji hüquq pozuntuları nəticəsində sağlamlıqlarına və ya əmlaklarına dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər. Eyni zamanda heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Bu konstitusion normaların həyata keçirilməsi mexanizmləri “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və digər sahəvi qanunvericilik aktlarında öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, ötən dövr ərzində ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə məqsədilə müxtəlif dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər sənədlər təsdiq edilərək icra olunmuş və onların bəzilərinin icrası hal-hazırda da davam etdirilir.

 

Qlobal iqlim dəyişikliyinin insan hüquqlarına təsiri

 

Müasir dövrün ən vacib problemlərindən biri olan qlobal iqlim dəyişikliyi, sənaye inqilabından sonra daha da sürətlənərək, Yer kürəsində orta temperaturun artmasına və hava şəraitində uzunmüddətli dəyişikliklərə səbəb olmuşdur.

Heç də təsadüfi deyildir ki, ölkəmizin də qoşulmuş olduğu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliyinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətdə milli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur.

İqlim dəyişikliyinin təsirləri insanların fundamental hüquqlarını, o cümlədən yaşamaq, azadlıq, təhlükəsizlik, əmək, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, sağlamlıq, təhsil və digər əsas hüquqlarını təhlükə altına alır. Buna görə də, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qarşısını almaq və onun təsirlərini azaltmaq üçün bu problemi insan hüquqları baxımından qiymətləndirməlidir.

İqlim dəyişikliyi təbii fəlakətlərin (sel, quraqlıq, daşqınlar, meşə yanğınları və s.) artmasına səbəb olur və bu, insanların həyatını təhlükəyə atır. Bu dəyişikliklər xüsusilə yoxsul və həssas bölgələrdə, həmçinin inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara daha çox təsir edir. İnsanların yaşamaq hüququ, bu fəlakətlərin qarşısını almaq və nəticələrinə qarşı mübarizə aparmaq üçün müvafiq tədbirlərin görülməsini tələb edir.

Yüksək temperatur, hava çirklənməsi, yeni xəstəliklərin yayılması, su qıtlığı və qida təhlükəsizliyi kimi problemlər iqlim dəyişikliyinin insan həyatına mənfi təsirlərinin əsas nümunələridir. Bundan əlavə, iqlim dəyişikliyi məcburi miqrasiyanın və qaçqın axınlarının artmasına səbəb olaraq, təhsil və səhiyyə xidmətlərinə çatımlılıqda ciddi çətinliklər yaradır.

İqlim dəyişikliyi kənd təsərrüfatı, balıqçılıq, turizm və digər sahələrdə iş imkanlarının azalmasına, iqtisadi çətinliklərin artmasına gətirib çıxarır. Bu vəziyyət, insanların layiqli iş şəraiti və yaşayış standartlarına çıxışını təmin etməyi nəzərdə tutan sosial və iqtisadi hüquqların pozulmasına səbəb olur.

İqlim dəyişmələrinin qarşısını almaq və onun mənfi təsirlərini azaltmaq məqsədilə beynəlxalq əməkdaşlığı təşviq edən əsas sənəd hazırda 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarət olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasıdır.

Bu Konvensiyanın Tərəflər Konfransı (COP), Paris Sazişi və Konvensiyası üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər.

 

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş

maarifləndirmə tədbirləri

 

Ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaratmasına gətirib çıxara bilən iqlim dəyişmələrinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmır. Buna görə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən olunmuş öhdəliklərə uyğun olaraq iqlim dəyişmələrinin mənfi təsirlərinə və bundan irəli gələn mümkün risklərə qarşı mübarizəyə xüsusi önəm verən ölkələr sırasında Azərbaycan ən öncül yerlərdən birini tutur.

Beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanda 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri də  “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası, eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsindəki zəngin təcrübəsi bir daha növbəti müvəffəqiyyətlə özünü göstərdi. Bu il Azərbaycanda keçirilmiş Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya dövlətlərinin fəal iştirakı ilə yüksək səviyyədə təşkil olundu və qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə sahəsində əhəmiyyətli addımlar atıldı. Dünya miqyasında iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədini güdən bu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırdı.

Konfransda müzakirə olunan əsas məsələlərdən biri iqlim dəyişikliyinə qarşı mübarizə üçün hər il 2035-ci ilə qədər 300 milyard dollar məbləğində maliyyə yardımının ayrılması ilə bağlı qəbul edilmiş qərar oldu. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyət üçün faydalı olan, uzunmüddətli perspektivdə dünyanın ekoloji vəziyyətini yaxşılaşdırmağa yönəlmiş mühüm bir addımdır. Tədbirin nəticəsi olaraq qəbul edilmiş qərarlar iqlim ədalətinin təmin olunmasında əsas rol oynayan ombudsmanlar və milli insan hüquqları institutlarının fəaliyyətinin əhəmiyyətini daha da artırmışdır. Ombudsmanlar sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi və iqlim dəyişikliyinin təsirinə məruz qalan həssas qrupların hüquqlarının qorunmasında mühüm funksiyalar yerinə yetirirlər.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Ombudsmanın təmsil olunması, insan hüquqları və iqlim dəyişikliklərinin qarşılıqlı əlaqəsi məsələlərinin daha dərindən müzakirə edilməsinə imkan yaratdı. Ombudsman təsisatı olaraq, biz də bu mühüm tədbirin təşkilinə və iqlim dəyişiklikləri ilə bağlı insan hüquqlarını qorumaq məqsədini güdən tədbirlərin keçirilməsinə öz töhfəmizi verdik.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-dan irəli gələn mövzuları əhatə edən tədbirlərin təşkili Ombudsmanın cari il üzrə hüquqi maarifləndirmə sahəsində Fəaliyyət Planına daxil edilmişdir. Bu çərçivədə, 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ərəfəsində 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunmuş və aidiyyəti qurumlara ünvanladığımız müraciətə əsasən keçirilmiş maarifləndirmə kampaniyaları zamanı analoji mövzulara üstünlük verilməsi ilə bağlı tövsiyəmiz nəzərə alınmışdır.

Bundan əlavə, Ombudsman və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə “Ətraf mühitin qorunması və insan hüquqları” şüarı altında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sahilyanı təmizlik aksiyası təşkil edilmişdir. Bu aksiyada toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir. Aksiyanın keçirilməsi yalnız sahilyanı ərazilərin məişət tullantılarından təmizlənməsi məqsədini güdməmiş, eyni zamanda Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılmasını təşviq etmişdir.

Yeri gəlmişkən, Ombudsmanın təşəbbüsü əsasında və Azərbaycan dövlətinin dəstəyi ilə cari ilin 2 oktyabr tarixində “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir. Bu forum, iqlim dəyişikliyinin insan hüquqları ilə əlaqələndirilməsinin vacibliyini bir daha vurğulayaraq, mövcud problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş mühüm müzakirə platforması yaratmışdır.

Qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə keçirilən tədbirdə 30-a yaxın ölkədən 60-dan çox qonaq iştirak etmişdir. Tədbirə ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq qurumların rəhbər və nümayəndələri, habelə iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çox iştirakçı qoşulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanlanmış müraciətdə Ermənistanın otuzillik hərbi təcavüzünün ağır fəsadlarının hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaratdığı, Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirdiyi və zəhərlədiyi, meşələrimizi məhv etdiyi, şəhər və kəndlərimizi dağıtdığı, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırdığı qeyd edilmişdir. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsinin dağıdıldığı, dini-mədəni abidələrimizin yerlə-yeksan edildiyi diqqətə çatdırılmışdır. Müraciətdə, həmçinin Beynəlxalq Bakı Forumunun mövzusunun bəşəriyyət üçün xüsusi aktuallıq kəsb etdiyi, iqlim dəyişmələrinin bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biri olduğu bildirilmiş, iqlim dəyişmələrinin əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaratdığı da qeyd olunmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi – Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm.

Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən Hakaton formatında tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil edilmişdir. Sessiyalarda mövzular üzrə çıxışlar dinlənilmiş, geniş fikir mübadilələri aparılmış, çağırışlar və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur.

Tədbirin yekununda ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsi, həmçinin müvafiq sahədə məlumatlılığın artırılması ilə bağlı müddəaları özündə əks etdirən Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilmiş və qəbul olunmuşdur.

Forumdan bir gün sonra xarici qonaqlardan bir qrupunun işğaldan azad edilmiş Ağdam rayonuna və müharibə dövründə raket hücumlarına məruz qalmış Tərtər rayonuna səfəri təşkil olunmuşdur. Bununla da qonaqlar həm Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosid, urbisid, kultursid faktlarını canlı olaraq görmək, həm də Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində ağacəkmə aksiyasında iştirak etmək imkanı əldə etmişlər. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün bir formada çatdırılması, insan hüquqlarının müdafiəsi naminə ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi baxımından əhəmiyyətlidir.

Bu sahədə görülən işlərin davamı olaraq Ombudsman Aparatı və BMT-nin İnkişaf Proqramının (BMTİP) ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlığı ilə Qəbələ şəhərində “İqlim dəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda seminar keçirilmişdir. Tədbirdə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunmuş araşdırma-yazı müsabiqəsinin iştirakçıları ilə yanaşı, Ombudsman Aparatında könüllülük proqramına cəlb edilən gənclər də iştirak etmişlər.

İqlim dəyişikliyinin insan hüquqları kontekstində təhlili və bu mövzuya gənclərin diqqətinin yönləndirilməsi məqsədini güdən interaktiv seminarda müsabiqə iştirakçılarının komanda şəklində hazırladıqları videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra Ombudsman Aparatının əməkdaşlarının təlimçi qismində iştirakları ilə seminar işini davam etdirmiş, iştirakçılar arasında qrup şəklində müzakirələr və “İqlim dəyişikliyinin əhalinin fərqli qrupları üzərində təsiri” mövzusunda kazuslara əsaslanan interaktiv rol oyunu keçirilmişdir.

Təqdirəlayiq haldır ki, 2024-cü ilin 11-22 noyabr tarixlərində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan COP29-un regionda ilk dəfə ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi ilə böyük uğura imza atılmışdır. Bu çərçivədə ən mühüm hadisə isə 12-13 noyabr tarixlərində keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti olmuşdur.

COP29 çərçivəsində Ombudsman tərəfindən Milli Məclisin bəzi deputatlarının iştirak etdiyi, habelə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq ekspertlərin, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI), bir sıra xarici ölkələrin milli insan hüquqları institutlarının da təmsil olunduğu “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda tədbir təşkil edilmişdir.

Tədbirdə iqlim dəyişikliyinin ən çox təsir göstərdiyi həssas qrupların müdafiəsi, ətraf mühitin mühafizəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, iqlim ədalətinin təmin edilməsində ombudsman təsisatlarının rolunun gücləndirilməsi ilə bağlı və digər müvafiq məsələlər barədə ekspertlərin məruzələri dinlənilmişdir.

Bu mötəbər tədbir, ölkələrə iqlim fəlakətlərindən qorunmaq üçün yeni maliyyə razılaşmasının əldə olunması ilə başa çatdı. Bu razılaşmanın əldə olunması ciddi və səmərəli müzakirələrdən sonra mümkün oldu. 196 ölkədən 80 dövlət və hökumət başçısı, eləcə də 76 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə Bakı Təşəbbüsü və Bakı Rəhbər Prinsipləri kimi mühüm sənədlər qəbul olundu.

Hesab edirik ki, COP29-un yekununda onun yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edən qətnamə layihəsinin qəbul edilməsi ölkəmizin növbəti mühüm uğurudur.

Beləliklə, iqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial və hüquqi sahələrdə ciddi təsirlər yaradır. Bu səbəbdən, beynəlxalq təşkilatlar, dövlət orqanları və digər aidiyyəti qurumlar, eləcə də hər kəs iqlim ədalətinin təmin olunmasında öz rolunu dərk etməli, həmrəylik göstərməlidir.

İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə insan hüquqlarının qorunmasına dair yeni çağırışlarla bağlı, həm qlobal, həm də yerli səviyyədə çevik, ədalətli və dayanıqlı həll yollarının tapılması üçün müxtəlif yanaşmalar irəli sürülə bilər:

–      İqlim dəyişikliyinə qarşı mübarizə və onun təsirlərinin azaldılması, bərabərsizliklərin azaldılmasına yönəlməlidir. Xüsusilə inkişaf etməkdə olan ölkələrə və həssas icmalara dəstək verilməli, zəngin ölkələr öz karbon izlərini azaldaraq bu icmalara yardım etməlidir;

–      İnsan hüquqlarının qorunması üçün icmaların iqlim fəlakətlərinə qarşı dayanıqlılığını artırmaq vacibdir. Bu, su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı və yaşayış yerlərinin mühafizəsi kimi sahələrdə innovativ yanaşmaların tətbiqini tələb edir;

–      İqlim dəyişiklikləri ilə bağlı hüquqi və institusional qurumlar arasında daha sıx əməkdaşlıq yaradılmalı və bu, hüquq sistemlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinə əsaslanmalıdır. İqlim dəyişikliyi ilə bağlı hüquqi öhdəliklər, insan hüquqlarını qorumağa yönələn tədbirlər olmalıdır;

–      İnsan hüquqlarının iqlim dəyişikliyi ilə əlaqəli aspektləri barədə beynəlxalq və yerli ictimaiyyəti maarifləndirmək, qlobal təsirlərin azaldılması məqsədilə hüquq və ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərin daha səmərəli şəkildə tətbiqinə xüsusi diqqət yetirmək lazımdır.

Sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması, həssas qrupların müdafiəsi və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi hamımızın ortaq məsuliyyətidir. Bu sahədə ölkəmizin əldə etdiyi müsbət addımlar, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni və dövlətin ali məqsədi olan insan hüquqlarının, o cümlədən sağlam ətraf mühitdə yaşamaq hüququnun daha səmərəli təmininə diqqətini göstərir.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir və qlobal iqlim dəyişikliyinin insan hüquqları ilə əlaqəli yaratdığı yeni çağırışlar qarşısında hər birimizi məsuliyyətli və fəal olmağa dəvət edirəm. Gəlin, gələcək nəsillərə rahat yaşamaq üçün layiq bir dünya buraxmaq naminə səylərimizi birləşdirək, hər birimizin hüquqlarını daha səmərəli müdafiə etmək üçün kollektiv iradə ilə birlikdə addımlayaq.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə

fəlsəfə doktoru

Избранный
41
yenigundem.az

1Источники