"Səbail" Azərbaycan Kubokunda "Qaradağ Lökbatan"ı məğlub edərək (2:0) 1/4 final mərhələsinə vəsiqə qazandı.
Birinci Liqa təmsilçisi ilə matç Bayıl klubu üçün heç də asan keçmədi.
İlk hissəsi bərabərliklə bitən qarşılaşmada qollar yalnız ikinci yarıda gəldi.
Xüsusilə 53-cü dəqiqədə Emin Rüstəmovun qolu fantastik alındı.
Sosial şəbəkələrdə gənc futbolçunun əla zərbəsi hətta dünya futbolunun ulduzu Zlatan İbrahimoviçin zərbələrinə bənzədildi.
Sportinfo.az-a açıqlama verən "Səbail"in 20 yaşlı yarımmüdafiəçisi həm oyun barədə fikirlərini dilə gətirib, həm də ibrahimoviçsayağı qolundan danışıb:
"İlk yarıda əlimizə düşən epizodlardan yararlana bilmədik. Ancaq fasilədən sonra öz oyunumuzu tapdıq və qollar vuraraq qələbə qazandıq.
Həqiqətən maraqlı qol alındı. O anda top arxama düşdü.
Yalnız o cür vura bilərdim. Açığı, belə qol alınacağını gözləmirdim.
Bu günə qədər belə qolum olmayıb. Amma vurduğum qola görə çox sevindim.
Bəli, sosial şəbəkələrdə qolun bu cür paylaşılmasını mən də gördüm. Özümə də çox xoş oldu. İbrahimoviç bəyəndiyim futbolçulardan biridir".
XANOĞLAN