RU

Meydançıların pulu necə böldükləri ortaya çıxdı: Gizli səs yazılarında nələr var?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir müddətdir ətrafında müzakirələr dinməyən "Meydan TV" və bu dırnaqarası media resursunun əməkdaşlarının qaranlıq fəaliyyətlərinə müəyyən çevrələr tərəfindən fərqli don geyindirməyə çalışmaq cəhdi müşahidə olunur. Həmçinin sözügedən dəstənin özlərinin də aydınca bildikləri Azərbaycan qanunları ilə qadağan olunmuş fəaliyyətləri təhrif edilərək ört-basdır edilməyə çalışılır, bu təxribatçı, xarici dairələrin əlində ucuz alətə çevrilmiş güruhun məzlum obrazının yaradılmasına cəhdlər ortaya çıxır. Bu səbəbdən də yeni, danılmaz, ifşaedici faktların ictimaiyyətə çatdırılması zərurəti yaranır.
Belə ki, "Meydan TV" ətrafında aparılmış araşdırmalarla müəyyən edilib ki, media qurumunun qanunsuz maliyyələşdirilməsində beynəlxalq çirkli pulların yuyulması mexanizmlərindən istifadə olunub.
"Meydan TV"nin maliyyələşməsi Almaniyada qeydiyyatdan keçirilmiş "Demokratiya Uğrunda Assosiasiya" (Vereinigung für die Demokratie) adlı QHT üzərindən həyata keçirilir. Artıq ictimaiyyətə məlum olduğu kimi adıçəkilən təşkilatın direktoru Pensilvaniyada anadan olmuş 1992-ci il təvəllüdlü ABŞ vətəndaşı Metyu Kasperdir (Matthew Kasper). O, eyni zamanda "Meydan TV"yə də rəhbərlik edir.
Aralarında erməni diaspor təşkilatları tərəfindən maliyyələşən fondların da olması istisna edilməyən donorlar tərəfindən ayrılan maliyyə vəsaitləri "Demokratiya Uğrunda Assosiasiya"nın hesablarına köçürüldükdən sonra qanunsuz pulyuma sxemləri əsasında "Meydan TV"nin maliyyələşdirilməsinə yönəldilib.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qrant layihələri və bu layihələr əsasında ayrılmış vəsaitlərin müvafiq dövlət qurumlarından qeydiyyatdan keçirilməli olduğunu bilən M.Kasper başda olmaqla "Meydan TV"nin fəaliyyətinə rəhbərlik edən, şübhəli əlaqələrə malik xarici koordinatorlar pul vəsaitlərinin gizli olaraq ölkəyə keçirilməsini təmin ediblər.
"Meydan TV"nin Azərbaycanda fəaliyyət göstərən bürosuna rəhbərlik edən Aynur Elgünəşin iştirakı ilə xaricə səfər edən "etibarlı şəxslər" seçilib, həmin şəxslər geri qayıtdıqda müxtəlif məbləğlərdə xarici valyutanı gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirərək ona təqdim ediblər. Vəsait isə tapşırıqlara uyğun olaraq aparılan fəaliyyətlərin reallaşması üçün istifadə olunub.
Bu məqsədlə tranzit kimi istifadə edilən Türkiyə və Gürcüstanda M.Kasper A.Elgünəşlə birlikdə maliyyə şəbəkəsi yaradıb.
Bəzi hallarda M.Kasper yaşadığı Berlin şəhərindən Türkiyəyə səfər edərək vəsaiti Azərbaycana çatdıracaq şəxsə şəxsən özü təqdim edib.
"Meydan TV" üçün ayrılmış maliyyənin xaricdən nağd şəkildə ölkəyə keçirilməsində Aynur Elgünəşin rəfiqəsi Ülviyyə Məmmədova da iştirak edib. Ü.Məmmədova bu ilin oktyabr ayında M.Kasperlə İstanbul şəhərində görüşərək ondan 14 600 avro pulu götürüb A.Elgünəşə çatdırıb. Bundan əlavə Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə M.Kasper tərəfindən təqdim olunmuş 18 000 avro məbləğində qrant vəsaiti onun İzmir şəhərində tələbə olan bacısı qızı Fidan Əliyeva və Türkiyə Respublikasının vətəndaşı Arda Dumanoğlu tərəfindən 28 noyabr 2024-cü il tarixdə ölkəyə gizli olaraq gətirilib.
Pul vəsaitlərinin Gürcüstandan qanunsuz yolla keçirilməsini isə həmin ölkədə "Meydan TV"nin nümayəndəsi təyin edilmiş Gürcüstan vətəndaşı Sevda Vidadi qızı Səmədova koordinasiya edib.
Onun vasitəsilə 11 oktyabr 2024-cü il tarixdə Əhməd Muxtarov tərəfindən Gürcüstandan ölkə ərazisinə 13 000 avro keçirilib. 13 oktyabr 2024-cü il tarixdə isə Sevda Səmədova Tbilisi şəhəri, P.Kakabadze küçəsində yerləşən "Ginger" hotelində Rəna Tahirova ilə görüşərək ona 5 000 avro təqdim edib.
Bundan əlavə 6 dekabr 2024-cü il tarixdə Gürcüstandan qayıdan Ramin Deko özü ilə 38 000 avro gətirib.
"Slack" mobil tətbiqində aparılan danışıqlardan görünür ki, məxfilik məqsədiylə Aynur Elgünəş "Meri" təxəllüsündən, "Meydan TV"nin rəhbəri M.Kasper isə "Mərt" şərti adından istifadə edib. Aydın olur ki, Avropada nağdlaşdırılan qrant vəsaitini Azərbaycana göndərmək məqsədilə M.Kasper 24 noyabr 2024-cü il tarixdə Türkiyəyə səfər edib.
A.Elgünəş vəsaiti götürərək müvəqqəti özündə saxlaması üçün Ankara şəhərində təhsil alan bacısı qızı 2004-cü il təvəllüdlü Narıngül Xudizadə ilə M.Kasperin "Bahçelievler" qəsəbəsində görüşünü təşkil edib.
Növbəti günlərdə Azərbaycana səfər edən iki "etibarlı şəxs" tapılmasa, A.Elgünəşin Ankara şəhərində təhsil alan bacısı qızları N.Xudizadə və 2006-cı il təvəllüdlü Jalə Xudizadə vasitəsilə pulun ölkəyə gətirilməsi barədə müzakirə aparılıb.
Belə ki, A.Elgünəş "bacım da deyir ki, elə bizim qızlar 2-3 günlük gəlib təkrar dönsünlər, əgər gedəcək adamlarda alınmazsa, onlar gəlib-qayıdar, o heç diqqət çəkməz, tələbədirlər, gəlib-gedirlər" deyə qeyd etmişdir. A.Elgünəşin bacısı qızlarının səfər xərclərinin M.Kasper tərəfindən qarşılanması nəzərdə tutulub.
A.Elgünəşin M.Kasperlə "Slack" mobil tətbiqi üzərindən yazışması
28 noyabr 2024-cü il tarixdə isə A.Elgünəş M.Kasperə "Slack" tətbiqində mesaj yazaraq "8 aralıkda (dekabr) Əhməd və dostu Berlinə gəlir, 4 gün qalacaqlar" deyə bildirib, M.Kasper isə "tamam ayarlayaq, danışaq bunu telefonda" deyə cavab verərək 8 dekabrda Berlin şəhərinə səfəri nəzərdə tutulmuş tanışı, fotoreportyor Əhməd Muxtarov vasitəsilə Avropadan ölkəyə qrant vəsaitinin keçirilməsinin detalları barədə müzakirə aparıb.
Həmçinin məlum olub ki, "Meydan TV"də texniki təchizatla bağlı məsələlərin həlli də M.Kasperin qərarı ilə icra edildiyindən A.Elgünəş işçiyə hər hansı bir avadanlıq lazım olduğu halda ona müraciət edib. Sonuncu dəfə media resursunun işçisi Natiq Umudovun istəyi ilə ona çəkilişlər üçün yüksək keyfiyyətli kamera alınıb.
Bundan əlavə A.Elgünəş "bir də Pino dedi səninlə Belqradda danışıb, kompüterinin dəyişməsini istəyir, dedim yeni ildə danışarıq" deyə M.Kasperə müraciət edərək məxfilik məqsədilə "Pino" deyə müraciət etdikləri jurnalist Aysel Ümüdovanın bu ilin sentyabr ayında Serbiyada "Meydan TV"nin işçiləri üçün təşkil edilmiş tədbir zamanı ona kompüterinin dəyişdirilməsi ilə bağlı etdiyi xahişi xatırladıb.
Donorlarla bağlı danışıq zamanı isə A.Elgünəş M.Kasperin yeni donorla bağlı xəbərinə "şad xəbər olasan" deyə reaksiya verərək "Meydan TV"yə əlavə maliyyə mənbəyinin tapılması ilə əlaqədar sevincini gizlətməyib.
Araşdırma zamanı "Meydan TV" heyətinin ildə bir dəfə müxtəlif xarici ölkələrdə görüş təşkil etmələri və sözügedən görüşdə media resursunun rəhbəri, eləcə də digər ölkələrdə yerləşən nümayəndəliklərin əməkdaşlarının da iştirak etdiyi müəyyən olunub. Sonuncu belə görüş 16 oktyabr 2024-cü il tarixdə Serbiyanın Belqrad şəhərində təşkil olunub. Bütün xərclər təbii ki, sifarişçilər tərəfindən qarşılanıb.
M.Kasperlə A.Elgünəş arasında aparılan yazışmalardan görünür ki, donorlar tərəfindən öz maraqlarına uyğun mövzular öncədən müəyyən edilərək "Meydan TV"nin əməkdaşlarından plan üzrə materiallar hazırlamaq tələb olunub.
Dərc olunan materiala görə qonorarların ödənilməsi həmin mövzuların əhəmiyyət dərəcəsinə görə müəyyən edilib.
Təhlillərdə aşağıdakı istiqamətlər üzrə mövzuların olduğu görünür:
- kiçik sosial problemlərin əhalinin narazılığı kimi təqdim edilməsi,
- narazı vətəndaş obrazlarının yaradılması,
- Guya Qarabağda ermənilərin etnik təmizlənməsi,
- LGBT hüquqlarının pozulması,
- ölkədə təşkil edilən COP29 beynəlxalq tədbiri zamanı ekoloji və sair problemləri qaldırmaq.
Yeri gəlmişkən xatırladaq ki, COP29 tədbiri zamanı qoyulmuş tapşırığa uyğun neqativ mövzu tapa bilməyən "Meydan TV" ilə əməkdaşlıq edən Ramin Dekonun həyat yoldaşı, həmin media resursunun jurnalisti Aytac Tapdıq gizli eşq yaşadığı, özünü heyvan haqlarının müdafiəçisi kimi təqdim edən Kamran Məmmədlinin tədbir zamanı təkadamlıq aksiya keçirməsini təşkil edib və bununla bağlı hazırladığı materialı "Meydan TV"də yayımlayıb.
Onun bu dırnaqarası xidməti təbii ki, əvəzsiz qalmayıb. 5 dekabr 2024-cü il tarixdə "People in Need" donor təşkilatı tərəfindən 1 854 ABŞ dolları məbləğində pul vəsaiti "Zolotaya korona" pul köçürmə xidməti vasitəsilə K.Məmmədliyə göndərilib.
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. "Meydan TV"də on ilə yaxındır fəaliyyət göstərən və bu kanalın təxribatçı xəbər siyasətinə yön verən Orxan Məmmədov hazırda ölkə ictimaiyyətinə çox yaxşı tanışdır. Daha dəqiq desək, onun nə dərəcədə yalançı və Azərbaycan düşməni olması, hətta ictimai-siyasi proseslərdən uzaq olan şəxslərin belə şoka düşməsinə səbəb olub. Orxanın Almaniyanın məşhur media orqanına verdiyi müsahibədə işlətdiyi ifadələr yalnız onun özünün yox, həm də bütövlükdə "Meydan TV"nin Azərbaycan düşmənliyinin mahiyyətini və motivini ortaya qoyur.
Bir daha xaricdəki dairələrə güvənərək öz ölkəsinə düşmən kəsilən şəxslərə xatırladaq ki, görülən sistemli tədbirlərdən dərs çıxarılmalıdır. Əmin ola bilərsiniz ki, heç bir kənar güc Azərbaycanda fərqli ssenariləri həyata keçirmək iqtidarında deyil. Ən önəmlisi isə budur ki, kimin hansı xəyallarla, nəyi planlamasından Azərbaycan dövləti daim xəbərdardır!
Избранный
37
50
oxu.az

10Источники