RU

Əsədin iflası qaçılmaz idi- orduya maaş da verə bilmirdi...

Image

Yadigar Məmmədli: “Əsəd rejimini qoruya biləcək heç nə qalmamışdı”

Məlum olduğu kimi, Suriyada vəziyyət son həftələr şiddətli toqquşmalarla daha da mürəkkəbləşib. "Heyət Təhrir əş-Şam" (HTŞ) və digər müxalif qruplar rejim qüvvələrinə qarşı hərtərəfli hücuma keçərək Hələb, Həma, Homs və cənub bölgələrində irəliləyiş əldə edərək, nəhayət paytaxt Dəməşqi də tutdular . Bunun nəticəsində Bəşər Əsəd rejimi devrildi. 

Ümumilikdə, Bəşər Əsəd rejiminin çökməsi qaçılmaz idi. Niyə? Çünki Əsəd hakimiyyətinin sonu bəlli idi və belə çox davam edə bilməzdi. Ona görə ki, ölkəni parçalamışdı. Vahid milli birlik yox idi. Ölkəni dinlərə, məzhəbə, etniklərə, millətlərə görə parçalamışdı. Həmçinin, müxtəlif ərazilərə görə parçalamışdı. Əsəd hakimiyyəti dövründə ölkənin suverenliyini təmin edə bilməmişdi, iqtisadiyyatı dağıtmışdı. Hətta ordu belə Əsəd rejimindən bezmişdi. Ona görə ki, Əsəd rejiminin əsas qoruyucusu olan əsgərlərin belə, maaşları verilmirdi.  Ən başlıcası isə, Bəşər Əsədin beynəlxalq miqyasda mövqeyi, demək olar sıfır idi. Belə vəziyyətdə sözügedən rejim onsuz da çökməli idi və mövcudluğunu qoruya bilməzdi. Bu səbəbdən Əsəd rejimi devrilməyə məhkum idi.

“Suriyanın əsas gəlir mənbəyi olan neft və qaz əraziləri ABŞ-ın dəstəklədiyi PYD terror təşkilatının nəzarətində idi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, Əsəd rejimini qoruya biləcək heç nə qalmamışdı: “Həqiqətən də Əsəd rejiminin çöküşü qaçılmaz idi. Bunu şərtləndirən bir sıra faktorlar var idi. Birincisi, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinin köklü səbəblərini və bunun doğurduğu nəticələri Əsəd düzgün dəyərləndirə bilmədi. Baxmayaraq ki, o, müəyyən Avropa təhsilinə malik idi, yaşı çox deyildi və s. O, Suriyadakı sünni məzhəbin çoxluq təşkil etməsini, digər din və etnik nümayəndələrin rolunu nəzərə almadı. Etiraz edənlərə güc tətbiq etdi və bu da ölkədə kütləvi etirazlara təkan verdi. Görə-görə ki cəmiyyət onu istəmir, zorən axına qarşı getdi. Nəticədə Suriya viran qaldı, milyonlarla ölkə sakini qaçqın düşdü və onların çoxu xaricə, qonşu ölkələrə sığındı. Halbuki, 2011-ci ildə vətəndaş müharibəsi başlayanda Suriya əhalisi 20 milyon nəfərdən çox idi. 2015-ci ildə Əsəd rejimi devrilmək üzrə idi. Ancaq o, hakimiyyətdən getmək əvəzinə, Rusiyadan kömək istədi. Bu isə ölkənin daha da viran qalmasına səbəb oldu. Halbuki, hakimiyyətdən getsəydi, Hələb və digər şəhərlər viran qalmazdı, ölkə parçalanmazdı. 2019-cu ildə Astana razılaşmasına əsasən atəşkəs əldə edilsə də, Suriyanın şimalı və şərqi Əsədin nəzarətində deyildi. Əsəd ölkənin üçdə iki hissəsinə nəzarət etsə də legitim dövlət başçısı deyildi. Süngü ilə hakimiyyətdə qalmışdı. Suriyanın əsas gəlirləri neft və qaz satışından əldə edilən vəsaitlər hesabına formalaşırdı. Ancaq vətəndaş müharibəsi nəticəsində neft hasil olunan ərazilər ABŞ-ın dəstəklədiyi PYD terror təşkilatının nəzarətində qaldı. O cümlədən, Fərat çayı üzərindəki su bəndləri PYD-nin nəzarətində qaldı. Nəticədə Əsəd rejimi iqtisadi baxımdan olduqca ağır iqtisadi vəziyyətlə üzləşdi. Üstəlik, rejimə qarşı tətbiq edilən sanksiyalar vəziyyəti daha da çətinləşdirdi. Bütün bu sadalanan səbəblər üzündən Əsəd beynəlxalq miqyasda bütün dayaqlarını itirdi. 2023-cü ildə Suriya Ərəb Dövlətləri Liqasına qayıtsa da, körfəz ölkələri Əsədi qorumaqda maraqlı deyildilər. Nəticədə Əsəd rejimi 12 gün ərzində çökdü”.

Vidadi ORDAHALLI





Избранный
29
baki-xeber.com

1Источники