RU

Suriya məsələsi – Türkiyə amili və Azərbaycan

Bəşər Əsəd rejiminin devrilməsi fonunda Qərbin illərdir gözlədiyinin baş verdiyi düşünülə bilər. Ancaq Türkiyənin təşəbbüsü ələ alıb uğur qazanması onun planlarına daxil deyildi. Fikrimizin təsdiqi üçün bir vacib sualın üzərinə gələk: Necə olur ki, Əsəd rejiminin mövcudluğuna həyati əhəmiyyət verən Rusiyada və İranda aktiv anti-Türkiyə ritorikası yoxdur? 

Əlbəttə, türk ordusu, Türkiyə güclüdür, bu, öz yerində. Amma qlobal maraqlar amilini nəzərdən qaçırmaq olmaz. Əsəd, bilavasitə, Qərbin onu devirmək üçün ciddi şəkildə hərəkətə keçməsindən əvvəl getməli idi və getdi də. Birinci ssenari gerçəkləşsəydi, çox güman ki, o da İraq lideri Səddam Hüseyn kimi dar ağacı, yaxud Liviya lideri Müəmmar Qəddafi kimi küçədə linç olunmaq aqibəti ilə üzləşəcəkdi...

Bəli, o nəticəyə gəlirik ki, Türkiyənin uğuru Moskva və Tehran tərəfindən həzm olunur. Həzm edə bilməyən isə Qərbdir. Doğrudur, Qərb cəbhəsi hazırda Bəşər Əsəd rejiminin tarixin arxivinə gömülməsi məsələsində populizmə güc verib, elə fon yaradır ki, sanki demokratiya diktatura üzərində qələbə qazanıb. Heç şübhəsiz, Ankaranın böyüklüyünü qəbul edə bilməyən Qərb adekvat addımlara əl ata bilər. Hələlik isə Bəşər Əsəd rejiminin hakimiyyətdən uzaqlaşması fonunda yaranmış eyforik durum onu fərqli davranmaqdan çəkindirir. Obrazlı desək, Türkiyənin uğuru Qərbin boğazında ilişib qalıb, səsini çıxara bilmir. Amma ehtimal var ki, Qərb Suriyada yeni hakimiyyətə gələnlərlə dil tapmağa, ölkəni anti-İran cəbhəsinə çevirməyə cəhd göstərəcək. 

İndilik Türkiyənin uğuru və bu uğurun Rusiya və İran tərəfindən qəbul olunması onu deməyə əsas verir ki, sonuncular Ankaranın verdiyi təminatlara arxayındırlar. Həm də ona görə arxayındırlar ki, Türkiyənin maraqlı olduğu Cənubi Qafqaz regionu var. Qərbin aktivləşməyə çalışdığı və Ermənistan vasitəsilə özünün qlobal maraqlarını gerçəkləşdirməyə çalışdığı region. 

Bəli, Cənubi Qafqaz müstəvisində Bakı – Tehran – Ankara – Moskva oxu aktivdir və tərəflər məramlarını “3+3” regional məşvərət formatı çərçivəsində rəsmiləşdiriblər. Yeri gəlmişkən, sözügedən formatda Ermənistan da təmsil olunur. Ancaq bu təmsilçilik rəmzidir. Çünki rəsmi İrəvan, faktiki olaraq, “3+3”-ün “region region ölkələri üçündür” şüarının əleyhinədir və Qərbin patronajlığını həyata keçirir. Deməli, Suriyada yaşananların Cənubi Qafqaza təsirindən söz açırıqsa, Ermənistanın düşdüyü durum üzərində dayanmalıyıq və dayanacağıq.

***

Qərbpərəst Paşinyan administrasiyası Bəşər Əsəd rejimi ilə daimi kontaktda idi. Əslində, Suriya–Ermənistan əlaqələrindəki intensivlik xətti Paşinyana qədərki erməni iqtidarı üçün də prioritet sayılıb. Nikol hakimiyyətə gəldikdən sonra həmin xətti qorudu. Baxmayaraq ki, 2019-cu ildən başlayaraq, Qərb anti-Suriya cəbhəsini gücləndirmək qərarına gəlmişdi, bu, rəsmi İrəvanın xarici siyasət kursuna təsir göstərmədi. Səbəb çox sadə idi. Paşinyan hakimiyyəti Əsəd rejiminə erməni maraqlarının müdafiəçisi kimi yanaşırdı. Bununla bağlı müxtəlif faktlar var. Ermənistan hərbçiləri Hələbdə xidmət edirdilər. Minatəmizləmə kimi qələmə verilən bu xidmət, əslində, Əsəd rejiminə dəstək mahiyyəti daşıyır, Suriya ordusunun fəaliyyətini gücləndirmək məramına söykənirdi. 

Bundan başqa, Paşinyan iqtidarı Ermənistanın terror xislətindən də əl çəkmədi. Nəzərə alaq ki, Suriyada erməni terror təşkilatları aktiv şəkildə işləyirdilər və onların Əsəd rejimi ilə sıx əlaqələrinin olması danılmaz faktdır. Ən maraqlısı isə budur ki, Suriyadakı Nubar Ozanyan adına erməni batalyonu Paşinyanın hakimiyyətə gəlməsindən sonra, yəni 2019-cu ildə yaradılmışdı.  O batalyon ki, Suriyanın xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Ermənistan-Suriya hərbi əməkdaşlığının 44 günlük müharibədəki “örnəkləri” də var. Savaşa Suriyadan erməni ordusunun tərkibində döyüşmək üçün çoxlu sayda muzdlular və terrorçular cəlb olunmuşdular. 

Ümumən, Ermənistan hakimiyyəti Əsəd rejiminin anti-Azərbaycan ritorikasından hər zaman bəhrələnib. Bunu Suriyanın İslam Əməkdaşlıq Təşkilatında tutduğu mövqedən də görmək mümkündür. Belə ki, ölkə İƏT çərçivəsində Ermənistanla bağlı qətnamələrin çıxarılmasına maneçilik törətməyə çalışıb, habelə, qəbul olunan sənədlərə qoşulmayıb. Bütün bunlara görə də Suriyada Əsəd rejiminin çökməsini İrəvanın maraqlarına ciddi zərbə kimi qiymətləndirmək üçün yetərincə əsaslar var. 

***

Qeyd etdiklərimiz Əsəd rejiminin çökməsi fonunda Ermənistanda yaranmış isterik durumun səbəblərinə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Mövcud xüsusda Türkiyənin mövqeyinin güclənməsi də İrəvanı təşvişə salır. Türkiyə amili Paşinyan hakimiyyətinin Suriya məsələsində aktivləşib, belə demək mümkünsə, yıxılanı baltalamasını əngəlləyir. 

Əvvəldə Ankaranın aktivliyinə görə Qərbin Əsəd rejiminin devrilməsindən lazımi pay götürə bilmədiyini açıqlamışdıq. Məhz bu cəhət Ermənistanın manevr imkanlarını heçə endirir. Diqqətlər Cənubi Qafqaza yönəlir və mövcud platformada İrəvanın tam piyada mahiyyəti üzə çıxır. Həm Qərb Suriya üzrə istəyinə nail ola bilməyib, həm də Ermənistan özünün Suriya dayağından məhrum duruma düşüb. 

***

Onu da vurğulayaq ki, Suriyadakı olayların Cənubi Qafqaza təsiri ritorikası Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dekabrın 10-a reallaşmış telefon danışığının məzmunundan da görünür. Nəzərə alaq ki, liderlər danışıq əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət ətrafında müzakirə aparıblar. Dövlət başçıları Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Ərdoğan isə öz növbəsində bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

***

Suriya mövzusu ilə bağlı Azərbaycan – Türkiyə həmrəyliyi ölkəmizin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan da aydın görünür. Sənəddə bildirilib ki, Azərbaycan Suriyada baş verənləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasının, vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacibliyinin vurğulandığı bəyanatda, həmçinin  rəsmi Bakının Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadəsini tapıb. Eyni zamanda, Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümid bəslənildiyi açıqlanıb. Ən əsası isə: “Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır”.

***

Bəli, Suriyada sabitlik, bütövlükdə, Yaxın Şərqdə, eyni zamanda, Cənubi Qafqazda sabitlik deməkdir. Qərbə, bu, lazım deyil. Suriyadakı məğlubiyyətlə özünün anti-İran fəaliyyəti üçün mühüm təsir dairəsini əldən vermiş Qərbin yaşadığımız regiona da təsiri azalmış durumdadır. Deməli, Ermənistan indidən öz hərəkət və davranışlarına düzən verməli, Azərbaycanla sülh məsələsində konstruktiv mövqe tutmalıdır. 

İrəvanda nəzərə almalıdırlar ki, Bəşər Əsədin bütün oyunbazlıqlarına rəğmən Suriyanın müstəqil dövlət kimi qalması məqbul sayıldı. Ermənistan isə əndazədən çıxacağı, barış mühitinin formalaşmasına zidd addımlar atacağı təqdirdə, belə bir durum olmayacaq. Ya vəlvələdən, ya zəlzələdən meydana çıxmış erməni dövlətçiliyini isə Qərbin avantürizmi naminə qurban verməyə dəyməz. 

Ə.RÜSTƏMOV
XQ

Избранный
13
7
xalqqazeti.az

9Источники