Bakı, 12 dekabr, AZƏRTAC
İki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktdır. Azərbaycan Respublikası dəfələrlə bunu bildirib. Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin başa çatmalı olduğunu vurğulayan Prezidentin köməkçisi əlavə edib: "Azərbaycan Prezidentinin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (sabiq prezidenti – red.) və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma gördüyümüz kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir”.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmürük. Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətinin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və hərbi amil kimi meydana çıxmasına xidmət edir.