RU

Cəmiyyətin hər bir üzvü ictimai və dövlət maraqlarının müdafiəçisi olmalıdır

İstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi

Dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Bu baxımdan dövlət vətəndaş cəmiyyətinin inkişafı üçün bütün lazımi şərait yaradır. Vətəndaş cəmiyyətləri də adekvat olmaqla bütün dövrlərdə cəmiyyətin əsas institutları olaraq dövlətin və vətəndaşın yanında olub. Vətəndaş cəmiyyətləri daim mövcud problemlərin aşkar edilərək üzə çıxarılması və onun həllinə istiqamətlənmiş fəaliyyəti ilə seçiliblər. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti Prezidentin siyasətini dəstəkləyir və dövlətçiliyə xidmət edir. Azərbaycan dövlətçiliyinə qarşı bütün təhdid və təhlükələrə qarşı qeyri-hökumət təşkilatları xüsusi fəallıq göstərirlər. 
Təcavüzkar dövlət olan Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində 30 il ərzində aparılan mübarizədə vətəndaş cəmiyyətləri daim dövlətin yanında oldular. Hətta ölkə vətəndaşlarına müraciət edərək insanları ayıq-sayıq olmağa, dezinformasiyalara uymamağa çağırdılar. Konkret olaraq,  bütün cəmiyyətə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildirdilər  ki, müharibənin, hərbi əməliyyatların özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaş bu qanunlara tabe olmağa borcludur. Hamını düşmənin dezinformasiyalarına uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmağa və istinad etməyə çağırdılar. Bununla da mənfur düşmən tərəfindən törədilə biləcək hər cür təxribatın qarşısını almaqda dövlətə yardımçı oldular. Etiraf edilməlidir ki,  Qarabağ məsələsində QHT-in apardığı fəaliyyət çox önəmlidir və bu istiqamətdə də istər daxildə, istərsə beynəlxalq aləmdə uğurlu layihələr icra olunub.
 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra da Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları öz fəaliyyətləri ilə dövlətin yanında olduqlarını sübuta yetirdilər. Belə ki, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsi və sessiyadan sonra qeyri- hökumət təşkilatları ölkəmizə qarşı yürüdülən ikili siyasətə qarşı çıxdılar. Azərbaycana qarşı edilən təzyiq və təhdidlərə tutarlı cavab verdilər. Çünki, QHT-lər də hesab edirdilər ki, Azərbaycanın  apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə tam layiqdir. "Biz Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bəyan edirik" deyən QHT-lər hesab edirdilər ki, COP29 sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir: "COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır. COP həmçinin, Azərbaycanla  Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir".
İndinin özündə də QHT-lər dövlətçilik fəaliyyətlərini davam etdirirlər. Öz əməlləri ilə bütün antiAzərbaycan dairələrə mesaj verirlər ki, Azərbaycan QHT-ləri daim dövlətin və Prezidentinin yanındadır, istənilən təzyiq və təhdidlər onları öz yollarından döndərə bilməz. QHT nümayəndələri yaxşl başa düşür ki, bu təhdidlər dövlətçiliyin yolunda fəaliyyət göstərdiklərinə görə onları özlərinə rəqib bilən antimilli qüvvələrin çirkin oyununun tərkib hissəsidir.
Elə ölkə vətəndaşları, dünya azərbaycanlıları və media da dövlətin yanında oldu, COP29-un Azərbaycanda keçirilməsini uğurlu siyasət kimi qəbul etdilər. Dünya azərbaycanlılarıın  COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yaydığı bəyanat fikrimizi bir daha təsdiq edir: "Biz -xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq". Ölkə vətəndaşları da öz fəaliyyətləri ilə dövlətə dəstək çıxdılar. Media və sosial şəbəkələrdə dövlətin, xüsusən prezident İlham Əliyevin  apardığı siyasəti təbliğ edir, istənilən təxribatlara qarşı öz sözlərini çəkinmədən deyirdilər. 
QHT, mətbuat və sadə vətəndaşlar vəhdət halında bəzi xarici və daxili qüvvələrin milli və dövlətçilik maraqlarına qarşı şər və böhtanlarına qarşı çıxdılar, öz qətiyyətləri ilə gözlənilən təxribatların qarşısına sipər çəkdilər. Birgə koordinasiyalaşmış fəaliyyət məkrli qüvvələrin ifşa olunmasında mühüm rol oynadı.
Etiraf edilməlidir ki, ümumi düşmənə qarşı mübarizədə son illər medianın fəaliyyətində müsbət irəliləyişlər müşahidə olunur.  Xatırladaq ki, hələ 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyulun 12-də Tovuzla sərhəddə başlayan döyüşlərdə Azərbaycan mediası düşmənlə mübarizədə həm peşəkarlıq, həm də əsl vətənpərvərlik nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində də media üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Sadalanan faktlar deməyə əsas verir ki, media ilə işləyən ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının informasiya savaşında davranış məsələləri barədə ictimai müzakirələr açmaları, bu mövzuda tövsiyə xarakterli mülahizələrin çoxalması mətbuatın informasiya savaşında ciddi dönüş yaradıb. Media cəbhə xəttindən məlumatları yayarkən Azərbaycan Ordusunun həqiqi üstünlüyünü təbliğ edir, ermənilərin hərbi uğursuzluqlarına daha çox diqqət yetirir. Etiraf edək ki, müasir dövrdə kütləvi informasiya vasitələri cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri ən müxtəlif üsullarla gerçəkləşdirir. Bu baxımdan, mediamız işğalçı dövlətin bütün dezinformasiyalarının uğursuzluğa düçar olması, Azərbaycan dövlətinin siyasi-ideoloji kursunun təbliğində mühüm rol oynayır. Sadalanan faktlar deməyə əsas verir ki, ictimai və dövlət maraqlarının müdafiəsində vətəndaş cəmiyyətləri, media və sadə vətəndaşların fəaliyyəti vəhdət təşkil edir.  

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники