RU

MDB ölkələrinin baş nazirləri 18 sənəd imzalayıblar

MDB Hökumət Başçıları Şurasının iclasının yekunları üzrə Müstəqil Dövlətlər Birliyi ölkələrinin baş nazirləri 18 sənəd, o cümlədən nəqliyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığa dair sənəd imzalayıblar.

hakimiyyet.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət baxımından baş nazirlər sənayenin birgə rəqəmsal transformasiyasına dair memorandum və mülki gəmiqayırmanın inkişafına dair saziş imzalayıblar.

Hökumət başçıları, həmçinin, 2025-26-cı illər üçün MDB ölkələrinin humanitar əməkdaşlığı sahəsində prioritet fəaliyyət planını təsdiq ediblər.

Eyni zamanda, baş nazirlər 2025-ci ildə MDB-yə üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminə vəsait ayırmaq, hava hücumundan müdafiə məsələləri üzrə ayrıca Koordinasiya Komitəsinin işini təmin etmək barədə razılığa gəliblər.

12:03

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

hakimiyyet.az "Report"a istinadən bildirir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edir.

Görüşdən əvvəl hökumət başçıları ənənəvi olaraq birgə foto çəkdiriblər.

Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB məkanında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.

09:12

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirlərinin iclası işə başlayır.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

MDB ölkələrinin baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.

"Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək", - Rusiya hökumətindən bildirilib.

Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar, eyni zamanda, MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

Избранный
17
1
hakimiyyet.az

2Источники