RU

Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr etdi

Dünyanın ən nüfuzlu nəşriyyat evlərindən biri olan “Palgrave Macmillian” tərəfindən Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev haqqında akademik kitab nəşr edilib.

Publika.az xəbər verir ki, Yuta Universitetinin professoru M. Hakan Yavuz, Tennessi Texnologiya Universitetinin professoru Maykl M. Qanter və Humboldt Universitetinin doktorantı Şamxal Əbilovun redaktorluğu ilə çap edilmiş “Heydar Aliyev and the Foundations of Modern Azerbaijan” adlı bu kitab müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi irsini və liderlik dövrünü əhatə edən dərin təhlillər təqdim edir.
Kitab 12 bölmədən ibarət olub ABŞ, Rusiya, Belçika, Almaniya, Türkiyə, Azərbaycan, Cənubi Koreya kimi ölkələrin nüfuzlu universitetlərində və tədqiqat mərkəzlərində çalışan alimlərin məqalələrini özündə ehtiva edir. Əsər Heydər Əliyevin 1993–2003-cü illəri əhatə edən rəhbərlik dövrünü – Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini, milli kimlik və dövlətçilik konsepsiyasının yenidən formalaşdırılmasını və Ermənistanın işğal etdiyi ərazilərin azadlığı üçün təhlükəsizlik strukturunun yaradılmasını elmi baxımdan araşdıran ən əhəmiyyətli akademik mənbələrdən biri kimi qiymətləndirilir.

Kitabda Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın məqsədyönlü strategiyası, idarəetmə modeli və təhlükəsizlik siyasəti detallı şəkildə araşdırılır. Bu dövr Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, geosiyasi strategiyasının və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi ilə yadda qalıb. Eyni zamanda, əsər Azərbaycan Respublikasının cari dövlətçilik modelinin formalaşması proseslərini həm daxili, həm də beynəlxalq kontekstdə analiz edir.

Sözügedən kitabda Azərbaycanın siyasi mədəniyyəti, iqtisadi inkişafı, diplomatik əlaqələri, media və mədəniyyət, tarix, texnologiya, hərb və təhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlərə dair geniş təhlillər təqdim edilir. Həmçinin təhsil və xarici siyasətə dair əhəmiyyətli məsələlər də bu fundamental araşdırmanın əsas mövzularındandır.

Məzmun baxımdan kitabın əhatə etdiyi mövzular olduqca zəngindir. Belə ki, Azərbaycanın son iki yüzillikdəki tarixi proseslərindən bəhs edilən giriş hissəsindən sonra verilmiş ikinci fəsildə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı siyasət ətraflı şəkildə araşdırılır və onun liderliyi dövründə dövlətin formalaşması və millət quruculuğu prosesini işıqlandıran mühüm suallar cavablandırılır. Bundan əlavə, Heydər Əliyevin dövlətə və onun sosial-siyasi mənzərədəki mühüm roluna dair baxışlarının təhlil edildiyi bu fəsildə onun milli kimlik anlayışına dair incə yanaşması təqdim edilir.

Üçüncü fəsildə Heydər Əliyev irsi Şarl de Qoll və Avraam Linkoln kimi ikonlaşmış dünya liderləri ilə müqayisəli təhlil edilərək daha kiçik bir ölkədən gəlməsinə baxmayaraq, Heydər Əliyevin bu kimi mötəbər şəxsiyyətlər sırasında əhəmiyyətli yer tutduğu vurğulanır. Eynilə, çətin dövrlərdə öz dövlətlərinin gələcəyini təmin edən xilaskar obrazı qazanmış Şarl de Qoll və Avraam Linkoln kimi Heydər Əliyevin də siyasi eniş dövründən sonra böyük qayıdış edərək Azərbaycanın milli lideri kimi tanınması və xalqın qoruyucu simvoluna çevrilməsi bu fəsildə analiz edilir.

Dördüncü fəsil Heydər Əliyevin siyasi bioqrafiyasına dair daha geniş tədqiqatın bir hissəsi kimi Rusiya arxivlərinə istinad edir. Bu fəsildə Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq siyasətinin erməni millətçilərinə Qarabağ hərəkatını başlatmaq üçün əlverişli şərait yaratdığı qeyd edilir. Burada həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olan Heydər Əliyevin nüfuzdan salınması istiqamətində aparılan kampaniyaya, ermənilərin Qarabağ siyasətinin qarşısında duran ciddi maneə hesab edilən Ümummilli lideri SSRİ-nin ali hakimiyyət orqanından uzaqlaşdırmaq cəhdlərinə də yer verilib.

Növbəti fəsil Heydər Əliyevin müdrik dövlət quruculuğu strategiyalarına həsr olunub. Xüsusilə, bu fəsildə “Əsrin müqaviləsi” kimi tanınan mühüm enerji sazişlərinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki əhəmiyyəti rolu araşdırılır. Bu sazişlərin təkcə institusional quruculuğu stimullaşdırmaqla kifayətlənmədiyini həm də ölkədə özəl sahibkarlığın inkişafı üçün zəruri konstitusion təməli təmin etdiyi göstrilmiş və eləcə də Azərbaycanın beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunun artmasına və ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etdiyi analiz edilmişdir.

Altıncı fəsil Azərbaycanın milli təhlükəsizliyi və xarici siyasətinin əsas məsələlərindən biri olan Qarabağ münaqişəsindən bəhs edir. Fəsildə Heydər Əliyevin Qarabağ münaqişəsi ilə bağlı siyasətinin əsas prinsipləri və bölgəyə dair baxışları təhlil olunur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları araşdırılır. Fəsildə Heydər Əliyevin strateji səbirlilik siyasəti, diplomatik və iqtisadi vasitələrdən istifadə edərək ölkənin mövqeyini gücləndirmək cəhdləri təqdim edilir. Həmçinin Heydər Əliyevin münaqişənin həllində hərbi yanaşmanın kifayət etmədiyini, beynəlxalq təşkilatlarla əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət yürütməsinin detalları açıqlanır. Onun bu yanaşmasının milli təhlükəsizliyin təmin edilməsi və ərazi bütövlüyünün bərpasına yönəlmiş uzunmüddətli strategiyanın bir hissəsi olduğu vurğulanır.

Избранный
3
12
publika.az

10Источники