Bakı,13 dekabr, AZƏRTAC
“Vaxtımız azdır. Ona görə də hazırda ən çox texniki hazırlıqlar üzərində işləyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Oqtay Rüstəmli Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç yığması ilə keçiriləcək oyunla bağlı danışarkən deyib.
O bildirib ki, seçmə mərhələdə iştirak edən bütün komandalar iddialı və güclüdür: “İlk rəqibimiz olan İsveç komandasının Almaniya, Çexiya və Yunanıstanla oyunlarını izləmişik. Skandinaviya təmsilçisi son görüşdə yunanlara 1:4 hesabı ilə məğlub olub. Statistikaya baxsaq, görərik ki, yunanların qapıya vurulan 4 dəqiq zərbəsi qolla yekunlaşıb. Lakin İsveç millisinin 50 zərbəsindən biri qolla tamamlanıb. Düşünürəm ki, həmin matçda isveçli futzalçılar son nöqtəni qoymaqda çətinlik çəkdilər”.
Futzalçının sözlərinə görə, İsveç millisinin hücumda və müdafiədə problemləri var: “Bu, Yunanıstanla matçda da hiss olunurdu. Sadəcə, komanda əzmkarlıq hesabına meydanda yaxşı mübarizə aparır. Biz də zəif deyilik və doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan–İsveç görüşü saat 20:00-da başlayacaq.