RU

Şahidlər məhkəməyə məcburi gətiriləcək - Auditorlar Palatasının keçmiş əməkdaşlarının cinayət işi

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri elan olunub. 

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri həmin şahidlərə suallar ünvanlamaq istədiklərini bildirərək onların prosesə çağırılmasını xahiş edib. Məhkəmə vəsatəti qəbul edib.

Təqsirləndirilən Gövhər Əhmədovanın vəkili başqa vəsatət verərək, Vəli Rəhimovun 2020-ci ilin dekabrından 2021-ci ilin sonunadək harada olduğu ilə bağlı anten məlumatlarının əldə olunmasını istəyib. Belə ki, vəkil Gövhər Əhmədovanın Auditorlar Palatasından mənimsədiyi iddia olunan məbləğin Vəli Rəhimova verdiyini deyib. V.Rəhimov isə həmin dövrdə Xızıda olduğunu söyləyib. O, mənimsənən məbləğin xanım müttəhim tərəfindən şəxsi ehtiyaclar üçün istifadə edildiyini iddia edib. G.Əhmədova etiraz edərək V.Rəhimovun tez-tez işə gəldiyini, Xızıda olduğu iddiasının düzgün olmadığını deyib. O, iddia edib ki, Vəli Rəhimov müvafiq sənədləri imzalamaq üçün işə gəlirmiş. V.Rəhimov cavabında elektron imza sistemi ilə sənədləri imzaladığını bildirib.

Mənimsənən məbləğin harada olduğu hələ də bilinmədiyi üçün məhkəmə hər iki adı çəkilən şəxsin 2020-2021-ci illərdə harada olduğunu müəyyənləşdirmək məqsədilə təşəbbüs irəli sürüb. Belə ki, hər iki şəxsin anten məlumatlarının əldə edilməsi üçün onların abunə olduqları mobil operatorlara məhkəmə tərəfindən sorğu göndəriləcək.

Həmin məlumatların əldə olunması ilə bağlı proses 17 yanvar tarixinədək təxirə salınıb. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

Seymur Əli

Избранный
22
1
unikal.az

2Источники