RU

"Gələn həftə hər şey mütləq düzələcək deyə bir şey yoxdu"

"Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, o, qarşıdakı oyunlar və komandanın durumundan danışıb:

"Qış fasiləsinə qədər son iki oyunumuz qalıb. Biri evdə olacaq, digəri səfərdə. İşimiz tam düzəlməsə də, ən azı əhval-ruhiyyəmizi bu iki oyunda maksimal nəticə götürərək düzəltmək istəyirik. Qış fasiləsində yaxşı motivasiya ilə hazırlaşmaq üçün son iki matç vacibdir. Baxmayaraq ki, nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddı, amma bu, bizim işimizə qətiyyən mane olmur. Tam gücümüzlə işləyirik. Artığını etməyə çalışırıq, çünki bilirik ki, vəziyyətdən çıxmalıyıq. Bunu da ancaq çox çalışaraq edə bilərik. Həmişəki proqramımızla davam edirik".

Mütəxəssis qış transfer pəncərəsinə olan planlar haqda da söz açıb:

"Gedən futbolçularımız da olacaq. Çalışacağıq ki, yeni oyunçular da gətirək. Bəyəndiyimiz və danışıqlar apardığımız futbolçular var. İnşallah ki, yaxşı nəticələnər və gətirmək istədiyimiz oyunçuları gətirə bilərik".

Abasov qış təlim-məşq toplanışında səfərə getməyəcəklərini qeyd edib:

"İstirahətdən sonra öz bazamızda yığışacağıq. Heç bir səfərə getməyəcəyik. Meydançamız və şəraitimiz imkan verir ki, burada hazırlaşaq. Qışdan əvvəl və ya sonra gözləntilərimiz dəyişməyəcək. Məğlub olanda belə vəziyyətdən nəticə çıxarmağa çalışırıq. Bilirik ki, bu həftə uduzub, gələn həftə hər şey mütləq düzələcək deyə bir şey yoxdu. Düşdüyümüz vəziyyət elədi ki, çətinliklərlə çıxacağıq. Ümidlərimiz böyükdü".
Избранный
24
football-plus.az

1Источники