"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş ölkənin "Laçın" adlı ilk milli tankeri istismarda olduğu 5 il əzində limanlara ümumilikdə 68 səfər həyata keçirib.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan bayrağı altında xarici sularda baş tutan bu səfərlər çərçivəsində gəmi ilə 415 135 ton neft və neft məhsulu daşınıb.
Xatırladaq ki, tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Tanker ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.
Bu milli tankerimiz Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.