RU

Sənətdə çılpaq qadın rəsmləri bizə nə demək istəyir?

Antik dövrdə çılpaq qadın heykəlləri müxtəlif mədəniyyətlərdə fərqli mənalar daşıyıb. Bu cür heykəllər xüsusilə Yunan, Roma və Misir mədəniyyətlərində geniş yayılaraq, ideal gözəllikdən tutmuş, dini inanclara qədər bir çox mövzunu əhatə etmişdir. Məsələn, Yunan və Romalıların gözəllik tanrıçası olan Afrodita və Veneranın heykəlləri qadın bədəninin estetik gözəlliyini və məhsuldarlığını simvolizə edir, qadın cinsiyyətinin təbiəti və sevgi gücünü vurğulamaq üçün çılpaq təsvir edilirdi.

O dövrə aid olan Praxitelsin “Knidli Afrodita” heykəli ilk çılpaq qadın heykəli hesab edilir. Qədim Şərqdə - Mesopotamiya və Babil mədəniyyətlərində çılpaq qadın motivlərindən geniş istifadə olunub, sevgi, məhsuldarlıq və müharibə tanrıçası İnanna, İştar məhz bu cür təsvir edilirdi. Onların çılpaqlığı həyat gücünü, təbiət dövrünü və qadın enerjisini təmsil edirdi. 
 

Orta əsrlərdə dini təsirlərin güclənməsi səbəbi ilə sənətdə çılpaq qadın təsvirlərinə antik dövrlə müqayisədə daha nadir hallarda rast gəlinirdi. Tarixi proseslərin inkişafı sənətə də təsirsiz ötüşməmişdi, həmin dövrdə yaradıcılqıda da əsas mövzu xristianlıq idi. Bu səbəbdən çılpaq bədən nadir hallarda təsvir edilir və çılpaqlıq günah, utanc anlayışı ilə əlaqələndirilirdi. Ancaq dini mövzularda çılpaq qadın təsvirinə sərhədlər daxilində imkan yaradılırdı, bu rəsmlərdə qadın bədəni mənəvi zəifliyi və qadağan olunmuş həzlərin simvolu kimi təqdim edilib. Məsələn, Orta əsrlərdə çılpaq qadın təsvirinin ən məşhur nümunələri Adəm və Həvvanın hekayəsi əsasında yaradılan əsərlər idi. Həvvanın çılpaq təsviri günah, utanc və tarixin ilk günahının simvolu şəklində təzahür etmişdi. Bu dövrün miniatürlərində bəzi çılpaq qadın təsvirləri dini hadisələri əks etdirmək üçün də  istifadə olunurdu. Məsələn, Qüds mühasirəsini ifadə edən təsviri sənət nümunələrində qadınların çılpaq göstərilməsi çətinlik və çarəsizlik vəziyyətini göstərmək üçün yaradılırdı. Eyni zamanda bu kimi təsvirlər qadın bədəninin zəifliyini və qorunmazlığını simvolizə edirdi. Həmçinin xristian iknoqrafiyasında Məcdəlli Məryəm (İsa peyğəmbərin şagirdlərindən biri olmuş, onun ölümünə şahidlik etmişdir. İncildə qeyd edilir ki, İsa peyğəmbər onu 7 cindən xilas etmiş və bundan sonra o xristianlığı qəbul etmişdir) peşmanlıq və təvazökarlıq simvolu kimi təsvir olunur. Xüsusilə italyan rəssamları onu çılpaq, lakin saçları ilə bədəni örtülmüş şəkildə təsvir ediblər. Çılpaq bədəni onun əvvəlki günahkar həyatını və sonradan özünü tamamilə Allaha həsr etməsi ilə simvolizə edilir. Orta əsrlərdə sənətkarlıq nümunələrində çılpaq qadınlar, həmçinin cəhənnəm təsvirlərində günahkar qadınların orada necə əzab çəkdiyini göstərmək üçün istifadə olunurdu.  

14-17-ci əsrlərdə hakim olan Renessans dövrü antik dövrə qayıdış və insan mərkəzçiliyinə - humanizmə üstünlük verməsi ilə Orta əsr yaradıcılığından fərqlənir. Bu səbəbdən intibah dövründə çılpaq qadın obrazı yenidən populyarlaşdı və daha geniş yayılmağa başladı. İtalyada başlayan intibah insan bədəninin gözəlliyinə vurğu ilə müşahidə edilir, bu dövrdə sənətçilər insan bədənini daha realist və idealizə olunmuş şəkildə təsvir edirdilər. Bu cür təsvirlər Renessans dövründə estetik, simvolik və fəlsəfi yanaşmaların təzahürü kimi səciyyələndirilir. Bu dövrdə yaradılan sənətkarlıq nümunələri qadın bədənini ideal və təbiətin bir parçası olaraq təsvir etməyə çalışır, bəzən isə antik Yunan- Roma mifologiyasında və dini mövzulardan ilhamlanaraq ilahi gözəllik, məhəbbət və doğuş kimi dərin mənaları simvolizə edirdi. Məsələn, Sandro Botiçellinin “Veneranın doğuşu” (1486) lövhəsi çılpaq qadın təsvirinin Renessans dövründə necə qəbul edildiyini göstərən ən əhəmiyyətli nümunələrdən biridir. Bu əsərdə sevgi və gözəllik tanrıçası Venera bir dəniz qabığının içində çılpaq şəkildə təsvir edilib. Rəsmdə Veneranın çılpaqlığı ilahi və təbii gözəlliyi, həmçinin insan sevgisini simvolizə edir. “Axrıncı məhkəmə” (1536-1541) Mikelancelinin Vatikandakı Sistine kapellasının tavanında çəkdiyi dövrün ən məşhur əsərlərindən biridir. Burada həm kişi, həm də qadın fiqurları çılpaq təsvir olunub. Qadın və kişi fiqurlarının çılpaqlığı rəsmdə günah, xilas və cəza mövzularını vurğulayır. Mikelancelonun çılpaq təsvir etdiyi fiqurlar insan bədəninin ilahi yaradıcılıq olaraq qəbul edildiyini və Tanrıya yaxınlığını da simvolizə edir. 

17-ci əsrdən təsviri sənətdə də hakim olan Barokko dövründə qadın bədəni yalnız estetik bir obyekt kimi deyil, həm də duyğuların və dramatizmin ifadəsi kimi göstərilib. Bu dövrdə qadın çılpaqlığı həyatın zənginliyini və bəzən də günah anlayışını ifadə edirdi. Bu baxımdan Peter Paul Rubensin “Üç gözəl” (1635) rəsmini göstərmək olar. Rubensin bu məşhur əsərində Yunan mifologiyasının üç gözəllik ilahəsi – Aglaya, Eufrosina və Talya çılpaq vəziyyətdə təsvir edilib. Rəssam qadın bədənini yumşaq və dolğun xətlərlə çəkərək, ona həyat dolu bir gözəllik verib. Rubensin əsərlərində qadın bədəni təbiətin bolluğunu və həyatın zövqünü simvolizə edir. Bu ideallıq dolğun və sağlam görünüşü ilə həm fiziki, həm də ruhi zənginliyi və sağlamlığı göstərir. 

Rokoko dövründə isə çılpaq qadın motivi tamamilə fərqli məna daşıyaraq, əyləncəli və estetik baxımdan cazibadar formada təsvir edilirdi. Aristokratların zövqünü oxşayan bu cür tablolarda qadın bədəni erotik və romantik cazibə simvolu olaraq sənətdə geniş yer tuturdu. 

18-ci əsrin sonları 19-cu əsrin əvvəllərindən Neoklassizm cəryanı sənətə ciddi dəyişikliklər gətirdi. Bu dövrdə sənətkarlar intizam, mükəmməllik və ideal formalar axtarışında idilər. Qadın çılpaqlığı Yunan-Roma idealizmini əks etdirir, yəni çılpaq bədən ilahilik, təmizlik və mükəmməllik simvolu olaraq təqdim edilirdi. Dövrün ən məşhur rəssamlarından biri Jean Auguste Dominique İngresin “Böyük Odalisk” (1814) əsəri Şərq motivli qadın fiqurunu çılpaq təsvir edərək, Şərqə aid edilən qadın gözəllik streotiplərini Avropa zövqü ilə birləşdirərək göstərib, çılpaq qadını öz əsərində təmizlik və müqəddəsliyin simvolu kimi göstərib. Ümumiyyətlə Neoklassika dövründə Şərq ekzotikliyi Avropa sənətində maraq oyadırdı.

19-cu əsrin ilk yarısında yayılan Romatizm üslubu isə sənətdə daha çox emosional və fərdi təcrübələr (şəxsi təfəkkür, obyektlərə baxış tərzinin özəlləşdirilməsi bu dövr üçün səciyyəvidir) üzərində qurulmuşdur. Qadın çılpaqlığı bu dövrdə təbiətin gözəlliyi, insanın daxili dünyasını və bəzən də mistik elementləri özündə birləşdirirdi. Dövrün və ümumiyyətlə sənət tarixinin ən çox müzakirə edilən və sevilən rəssamlarından biri olan Françisko Goyanın “Çılpaq Maja” əsəri sözügedən mövzuda çəkilmiş dövrünün ən yaxşı tablosu hesab edilir. Goya bu əsərində qadın çılpaqlığının azadlıq və fərdi təcrübə formasında təsvir edib. Bu əsər heç bir ilahi və simvolik məna daşımır, əksinə, qadın bədəni öz təbii vəziyyətində erotik və cazibadar şəkildə təqdim olunur. Çılpaq qadın tamaşaçıya birbaşa baxaraq azad və özünə inamlı bir şəkildə təsvir edilib. 

19-cu əsrdən yəni Realizm və İmpressionizm dövrünün sənətçiləri təsvirlərində həyatı olduğu kimi göstərməyin tərafdarı idilər. Həmin dövrün rəssamları sosial və əxlaqi normalara meydan oxumağa başlamışdılar. Realizm dövrünün sənətçiləri qadın çılpaqlığını idealizə etmədən həqiqi formada və təbii vəziyyətdə ön plana çəkirdilər. Bu baxımdan Gustav Curbetin 1866-cı ildə çəkdiyi “Dünyanın mənşəyi”  əsərini misal göstərmək olar. Əsər sadəcə qadın bədənin bir hissəsini realist üslubda göstərir və detallara diqqət çəkmək üçün vurğulardan istifadə olunub. Curbet bu təsvirdə qadın bədənini həyatın başlanğıcı, yaradıcılığın mənbəyi kimi göstərərək, çılpaqlığı insan təbiətinin bir parçası kimi qəbul edib. İmperssionizm dövründə isə qadın bədəni estetik və təbii gözəllik, gündəlik həyatın incəliyi kimi göstərilirdi. 

Modernizm - 19-cu əsrin sonu, 20-ci əsrin ortalarına qədər olan dövrdə sənətçilər çılpaq qadın təsvirlərinə aşılanan ənənəvi gözəllik anlayışını yenidən düşünərək, qadın bədənini ekspressiv, abstrakt və bəzən ağlagəlməz formada təsvir etməyə başladılar. Bu dövrdə çılpaqlıq gözəlliyi deyil, əksər vaxt soial, siyasi və psixoloji məsələləri özündə əks etdirib. Məsələn, dövrün ən məşhur rəssamlarından biri hesab edilən Pablo Pikassonun “Avilnyonlu qızlar” (1907) əsərində beş çılpaq qadın kubizm üslubunda təsvir edilib. Qadınların bədəni sərt xətlərlə, qeyri-adi bucaqlar formasında təsvir edən rəssam əsərində ənənəvi gözəllik anlayışını qıraraq, çılpaq qadın bədənini deformasiya və yenilikçi tərzdə göstərib. Bu əsər, həm də Qərbin ekzotizm və seksusal münasibətlərini tənqid edərək, qadın bədəninə obyekt kimi baxılmasına diqqət çəkir. Qadınları bu cür təsvir edərək, onların bədəni və şəxsi kimlikləri haqqında ənənəvi fikirləri yenidən araşdırmağa çağırır. 

20-ci əsrin ortalarından günümüzə qədər davam edən Postmodernizm dövründə sənətçilər, qadın azadlığı və gender bərabərliyi məsələlərinə daha çox diqqət yetirməyə başladı. Bu dövrün sənətçiləri feminist sənət hərəkatı, qadınların sənət sahəsindəki təmsilçiliyini və hüquqlarını ön plana çıxarmağı əsas prioritet kimi seçdilər. 1970-ci illərdə başlanan feminist hərəkatı sənətə də ciddi təsir etdi. Dövrün əvvəlindən qadın sənətkarlar əsərlərində qadın təcrübələrini, gender problemlərini və bərabərsizlik mövzularını daha açıq və cəsarətli şəkildə təqdim etməyə başladılar. Postmodern sənətdə qadın azadlığı və hüquqları ilə bağlı olan mövzular müxtəlif formalarda ifadə olunurdu, bunlardan biri qadın bədəninin təmsil olunması məsələsidir, artıq sənətkarlar bədənlərini sənət eksponatına çevirdilər. Qadın bədəni bu dövrdə cəmiyyətin müəyyənləşdirdiyi standartlardan uzaq, daha fərdi və feminist perspektivdə təsvir edilməyə başlandı. Bu dövrdə qadın rəssamlar və sənətkarlar, patriarxal strukturları və gender rolu ilə bağlı stereotipləri sarsıtmaq üçün sənət vasitəsilə sərt tənqidlər ortaya qoydular. Belə əsərlər ilə sənətçilər həm qadın hüquqları və azadlığı uğrunda mübarizəyə töhfə verir, həm də gender məsələlərinə daha geniş auditoriyalarda diqqət cəlb etməyə çalışırdı.

Bu baxımdan Jenny Saville yaradıcılığı xüsus önəm daşıyır, onun “1992-ci ildə çəkdiyi “Propped” əsəri iri bir qadının çılpaq vəziyyətdə göstərilməsi ilə yanaşı, qadınların bədənlərini fərqli formalarda qəbul etməyə çağırışdır. Saville qadın bədənini obyekt kimi deyil, əksinə, müasir gözəllik standartlarınna meydan oxuyan fiqur kimi təsvir edib. 

Renessans dövrünün yarandığı, dünya üzərində sənətin, mədəniyyətin beşiyi sayılan İtaliyanın monumental heykəltaraşı Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi də məhz müasir dövrümüzdə ekoloji və gender problemlərinə diqqət çəkmək istəyən yaradıcılıq nümunələrini özündə ehtiva edirdi. Bu cür yaradıcılıq nümunələrinə tənqidi yanaşma təbiətə qarşı olan yanaşmadan heç nə ilə fərqlənmədi. 

Избранный
12
modern.az

1Источники