RU

GÜRCÜSTANIN YENİ PREZİDENTİ KİMDİR? - “Diplomu olmasa da, çoxlarından savadlıdır...”

Gürcüstanda prezident seçkiləri baş tutub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Prezident Salome Zurabişvili və müxalifət partiyaları bu seçkinin legitimliyini tanımırlar.

İlk dəfə Gürcüstanda prezidenti əhali deyil, Seçici Kollegiyası seçib. Yeganə namizəd kimi keçmiş futbolçu Mixeil Kavelaşvili Gürcüstanın yeni prezidenti olub.

O, hakim “Gürcü Arzusu”ndan rəsmən ayrılmış “Xalqın gücü” partiyasının üzvüdür. Onun namizədliyini hakim partiyanın fəxri sədri, milyarder Bidzina İvanişvili verib.

Qeyd edək ki, Kavelaşvilinin 53 yaş var. O, siyasətə gəlməmişdən əvvəl peşəkar futbolçu olub. 1995-ci ildə Kavelaşvili Vladiqafqazın "Spartak-Alaniya" klubunda çıxış edib və onunla Rusiya çempionu olub. 1996-cı ildə "Mançester Siti"yə keçib və bir il sonra o, İsveçrənin “Grasshoppers” klubuna icarəyə verilib və onunla da ölkə çempionluğunu qazanıb. Futbolçu karyerasında sonuncu klubu 2005-2006-cı illərdə çıxış etdiyi İsveçrənin "Bazel" klubu olub.

Kavelaşvilinin ali təhsili yoxdur. Məhz bu səbəbdən o, 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürə bilməyib.

Bundan sonra keçmiş futbolçu siyasətə qoşulub. 2016-cı ildə Kavelaşvili ilk dəfə "Gürcü arzusu"ndan parlamentə seçilib.

“Gürcü arzusu” bildirirdi ki, “Kavelaşvili diplomu olmasa da, çoxlarından savadlıdır” və “Vətənini sevmək üçün diploma ehtiyac yoxdur”.

Formal olaraq qanunda namizədlərin ali təhsil haqqında attestat, hətta məktəbi bitirmək haqqında attestat təqdim etməyə məcbur edən müddəaları yoxdur. Lakin Gürcüstanda heç vaxt ali təhsili olmayan prezident olmayıb.

“Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili onu namizəd kimi təqdim edərkən ilk növbədə onun şəxsi keyfiyyətlərini vurğulayır: “Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. Xarakterinə və həyat tərzinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır”.O, Kavelaşvilinin əsas vəzifəsini Salome Zurabişvilinin administrasiyası dövründə “prezidentlik institutundan müvəqqəti olaraq məhrum edilmiş ləyaqəti bərpa etmək”də görür.

2022-ci ilin yayından Kavelaşvili anti-Qərb və homofob bəyanatları ilə tanınan “Gürcü Arzusu”nun diqtəsində olan “Xalqın Gücü” siyasi qrupunu təmsil edib.

2023-cü ilin yazında “Xalqın Gücü” xarici agentlər haqqında qanunun təşəbbüskarı olub. Təşəbbüs geniş etirazlara səbəb oldu və geri götürüldü. Bir il sonra qanun yeni adla qəbul edildi.

Qanunun zərurətini müdafiə edən Kavelaşvili parlamentdəki müzakirələrdə ön sıralarda olub.

2024-cü ilin əmlak bəyannaməsində qeyd olunur ki, Kavelaşvilinin Tbilisinin Qabaşvili küçəsində 22 min dollarlıq qarajı var. Son bəyannamədə digər daşınmaz əmlak haqqında məlumat verilmir.

Sənəddən o da məlumdur ki, Kavelaşvili bankdan 84 min lari məbləğində kredit götürüb, maaş olaraq 49 min 416 lari gəlir əldə edir. Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi "Geomak" şirkətinin səhmlərinin 40%-nə sahibdir. Bəyannamədə qalan sütunlar isə boşdur.

Rasim Əliyev

“AzPolitika.info”

Избранный
14
50
azpolitika.info

10Источники