RU

Minadan və partlamamış hərbi sursatlardan zərərçəkənlərin siyahısı dəqiqləşdirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik.

“Ölkə.az” xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbirdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu deyib.

Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb.

“Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib”, - AMZA sədri, layihə rəhbəri deyib.

O, qeyd edib ki, toplanmış məlumatların mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması, zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə edilməsi nəzərdə tutulur: “Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Belə vacib layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızı bildiririk”.

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMA və BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarına minnətdarlığını bildirib.

Sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov mina probleminin aktuallığı və agentliyin mina probleminin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən danışıb: “Vətən Müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfər həlak olub, 312 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu hadisələrin 70 %-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub. Dövlət qurumları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər - səhiyyə, sosial müdafiə qurumları ilə birgə görülən tədbirlərin nəticəsində insidentlərin yarıdan çoxunun qarşısı alınıb”.

BMT-nin İnkişaf Proqramı (BMTİP) regional ofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariq tədqiqatı yüksək qiymətləndirib, həmçinin Azərbaycanın mina probleminin aktuallığı və problemlərin aradan qaldırılmağı yolunda beynəlxalq dəstəyin vacibliyini vurğulayıb. Təmsil etdiyi təşkilatın bu yolda fəaliyyətindən də danışan Q.Tariq bundan sonra da dəstəyin artan templə davam edəcəyini qeyd edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev qeyd edib ki, BAMF 25 ildən çoxdur, mina probleminin həlli yolunda səylər göstərir. U.Mirzəyev bu problemlə mübarizədə dövlət qurumları ilə QHT-lərin qarşılıqlı fəaliyyətinin vacibliyindən bəhs edib.

UNICEF-in Fövqaladə Hallar və PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Professor Elşad Məmmədov, ƏƏSMN-nin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, ANAMA yanında ictimai şuranın üzvü Hafiz Əzimzadə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyev, TƏBİB əməkdaşı Elşad Əliyev,“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin direktoru Nadir Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə və digər iştirakçılar layihə ilə bağlı razılıqlarını ifadə ediblər.

Избранный
5
14
olke.az

10Источники