RU

İpə-sapa “yatmayan” UŞAQLAR – Ərköyünlük, yoxsa valideynlərin yanlış TƏRBİYƏSİ?

Tez-tez ətrafımızda,  marketdə, metroda, parkda və s özünü yerə  atıb, ağlayan, dayanmadan qışqıran, hətta valideyninə əl qaldıran azyaşlıları görürük. İstədikləri nəsə olmayanda və valideyn onlara “yox” deyəndə adətən bu yollara baş vurub, istəklərini həyata keçirməyə çalışırlar.

Bu hərəkətlərə qarşı müəyyən dərəcədə səbrli olmağa çalışan valideynlərlə yanaşı, uşağın bu davranışını daha da aqressivləşənlər də var.  Uşaqların bu aqressiyalarının səbəbləri  insanlar tərəfindən müxtəlif cür səciyyələndirilir. Məsələn, bunun ərköyünlükdən, izlədikləri cizgi filmlərdən, hətta yedikləri yeməklərdən belə irəli gəldiyini düşünənlər var.

Bəs əslində səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Aynur İsmayılova uşaqların bu davranışlarını birbaşa valideynlərinin hərəkətləriylə əlaqələndirib:

“Məsələn, uşaq valideynin istədiyini etməyəndə valideyn onun üstünə qışqırır  və yaxud aqressivləşib, əşyaları ətrafa atır. Bu da  uşağın ağlında qalır. O düşünür ki, inadlaşarkən bu hərəkətləri etmək lazımdır”.

Psixoloq vurğulayıb ki, uşaqların yaş dövrünə məxsus  inadlaşmaq ayrı məqamdır və onu qırmaq olmaz:

“Biz diqqət etməliyik ki,  4 yaşına qədər uşaqların inadkarlığını qırmaq olmaz, onun başını qata, digər tərəfə yönləndirə bilərik. Çünki uşağın inadlaşmağı normaldır, bu onun xarakterinin formalaşdığını göstərir”.

Aynur İsmayılovanın sözlərinə görə valideynlər ən çox öz hərəkətlərinə diqqət etməli, öz aqressiyalarını necə yönəltməli olduqlarını bilməlidirlər ki, uşaqlar da aqressiv böyüməsinlər:

“Yəni, valideyn öz mental, psixoloji sağlamlığını qorusa, uşaqda heç bir aqressiv davranış müşahidə etmək olmaz”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
58
2
bizim.media

10Источники