RU

Ermənistan və Aİ Cənubi Qafqazda sülh perspektivlərini uzaqlaşdırır

Avropa İttifaqının (Aİ) mövqeyi və Ermənistan hakimiyyətinin hərəkətləri Cənubi Qafqazda uzunmüddətli sülh perspektivlərinə mənfi təsir göstərir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Bekir Caner Şafak Cənubi Qafqazda sülhün perspektivlərini şərh edərkən bölüşüb.

O, Brüsselin Azərbaycana münasibətdə ikili standartlar siyasətinə diqqət çəkərək, Aİ liderlərinin son illər hər fürsətdə İrəvana dəstək bəyanatları səsləndirdiklərini xatırladıb.

“Avropa İttifaqının kursunun ikililiyi göz qabağındadır. Bir tərəfdən, Aİ Azərbaycan qazının tədarükünün artırılmasına dair saziş bağlayır - sənəd 2022-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iştirakı ilə aparılan danışıqlardan sonra imzalanıb. Digər tərəfdən, artıq gələn il, yəni 2025-ci ildə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran ermənipərəst qətnamə qəbul edir. Əminəm ki, Aİ ölkələrinin COP29-a münasibəti də müəyyən siyasi dairələrin və ideoloji qrupların təsiri altında formalaşıb”, - deyə AVİM nümayəndəsi qeyd edib.

Ekspert Aİ liderlərinin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakdan imtina etdiklərini xatırladıb. Bununla bağlı Fransanın mövqeyinə toxunan ekspert bildirib ki, onlar dəfələrlə dünyanın gələcəyi üçün ekoloji gündəliyin vacibliyini bəyan etsələr də, COP29-a nümayəndə göndərmədilər.

Bekir Caner Şafak Parisin Azərbaycandakı iqlim sammiti ilə bağlı mövqeyini erməni lobbisinin hiylələri ilə əlaqələndirən fransalı politoloq Jan Mişel Brünə istinad edib.

“Heç kimə sirr deyil ki, erməni diasporu həm Fransanın, həm də ABŞ-ın siyasətinə təsir edir. ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA), Fransada isə Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) fəaliyyət göstərir. Hər iki struktur həm hakimiyyətə, həm də mediaya təzyiq üçün maliyyə imkanlarından fəal şəkildə istifadə edir”, - deyə AVİM analitiki davam edib.

Onun sözlərinə görə, təkcə 2023-cü ildə ANCA ABŞ-da senator və konqresmenlərin “maliyyə dəstəyinə” milyonlarla dollar xərcləyib. Eyni zamanda, Fransada ermənilər daha fəaldır ki, bu da Prezident Emmanuel Makron tərəfindən göstərilən dəstəkdə özünü göstərir. “Erməni sahibkarların dəstəyi ilə Avropada Azərbaycanın imicinə xələl gətirilməsini hədəfləyən çoxsaylı tədbirlər keçirilir”, - deyə ekspert bildirib.

Ermənistanın mövqeyindən danışan Bekir Caner Şafak qeyd edib ki, bu ölkənin hakimiyyət orqanlarının hərəkətləri baş nazir Nikol Paşinyanın Azərbaycanla tezliklə sülhə nail olmaq səyləri ilə bağlı vədlərlə ziddiyyət təşkil edir. İrəvandan nümayəndə heyətinin gəlmədiyi Bakıdakı iqlim sammiti nümunəsi də bunu əyani nümayiş etdirdi.

Избранный
24
2
sia.az

3Источники