RU

“Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu” mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilib

Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə “Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu” mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans keçirilib.

Özbəkistanın Nəvai İnnovasiyalar Universitetinin, Qazaxıstanın Dil Qurumunun, Türkiyə Milli Komisyonunun tərəfdaşlığı ilə gerçəkləşən bu tədbirdə Türk dünyasının müxtəlif yerlərindən olan olan alimlər, araşdırmaçılar ortaq türk dili, əlifbası və imlasına dair geniş elmi müzakirələr aparıblar.

Konfransda millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev çıxış edərək bildirmişdir ki, “Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Bu ilin 23 sentyabrında 7-ci Çağırış Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu, bizim üçün prioritetdir, … indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırışı idi. Bu ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi.

Bu gün bizim Türk dünyası, Türk birliyi adına keçirdiyimiz bütün görüşlər bu çağırışın uğurlu əməli nəticələrindən sayıla bilər.

Cavanşir Feyziyevin sözlərinə görə, 2024-cü ilin iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, “Yaşıl düşüncə: davamlı gələcək naminə birliyin qəbul edilməsi” devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə və s. getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin bariz ifadəsidir.

Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarların türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına, çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfə olduğunu xüsusi diqqətə çatdıran Cavanşir Feyziyev bildirmişdir ki,

ortaq əlifba məsələsinin gerçəkləşdirilməsi Türk dünyasının inteqrasiyası istiqamətində mühüm ideoloji addımlardandır.

Onun fikrincə, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.

Elmi-təcrübi əsası Mirzə Fətəli Axundzadə tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Hətta 1926-cı ildə I Türkoloji Qurultayda məsələ gündəmə gətirilsə də, siyasi səbəblərdən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. Sevindirici haldır ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən Azərbaycan dövləti və xalqı oldu.

Keçmiş Sovetlər Birliyi tərkibində olan türkdilli respublikalar müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik və orfoepik problemlərinin, fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və sinxron planda, müqayisəli-tipoloji müstəvidə araşdırılmasına maraq artmış və bu sahədə bir sıra tədqiqatlar aparılmışdır. Türk xalqları arasında ortaq əlifba ideyasının gerçəkləşməsi bu gün türkologiya elmi üçün olduqca önəmli siyasi-ictimai əhəmiyyət daşıyır. Ortaq əlifba məsələsinin öz həllini tapması türk xalqları arasında ortaq ünsiyyət dili və ortaq imlanı yaratmaq istiqamətində cığırlar açmış olur.

Türk ədəbi dilləri daxili linqvistik strukturuna görə bir-birindən o qədər də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində – türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu xüsusiyyətinə görə türk dilləri ailəsinə mənsub olan oğuz, qıpçaq, qarluq dil qruplarına daxil olan dillərin, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.

Türk ədəbi dillərinin qrammatik quruluşu çox uzun və zəngin bir inkişaf yolu keçmiş, zaman keçdikcə təkmilləşmiş, cilalanmış, həm qohum və həm də qeyri-qohum dillərin qarşılıqlı əlaqə və təsiri altında formalaşmışdır. Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, çoxlu fərdi xüsusiyyətlərin varlığı məhz bu tarixi inkişafın qanunauyğunluqlarının məhsuludur.

Uzun illər idi ki, türk dövlətləri arasında ortaq əlifbanın yaradılması məsələsi türkologiya elminin gündəmində idi və bu gün məsələnin müsbət mənada həllini tapması tarixi məzmun və ideoloji məna daşımaqdadır.

Millət vəkili əminliklə qeyd edib ki: “Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə yanaşı onların dillərinin qorunmasına da öz töhfəsini verəcəyinə inamımız tamdır.

Tarixə nəzər salsaq, XX əsrin əvvəllərində ortaq türk dili və ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm də digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türkdilli xalqların ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər bütövlükdə türk dünyasının daha da yaxınlaşması və milli təməllər uğrunda birləşməsinə zəmin yaratdı. 70 il davam ideoloji əsarətdən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar.

Hazırda türkoloji dilçilik elmini ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türkdilli xalqların vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır.

XIX əsrin sonları – XX əsrin əvvəllərində “dildə birlik, fikirdə birlik, işdə birlik” məfkurəsini həyat qayəsinə çevirən İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil mövzusu hər zaman türk dövlətləri və xalqları arasında gündəm olmuşdur.

Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, türk dünyasını təmsil edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşmışdır. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Həmin fərqlər dillərin bütün komponentlərində xüsusilə də lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Bu gün təməl daşları qoyulan ortaq türk əlifbasının bünövrəsi əsasında sağlam ideoloji dayaqlara söykənən ortaq ədəbi dil yaratmaq artıq zamanın tələbidir. Ümidvarıq ki, ortaq türk əlifbasının açacağı cığırlar yaxın gələcəkdə bizi ortaq türk dilinə aparan yola qovuşduracaq” – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Избранный
31
5
moderator.az

7Источники