RU

Dekan: "Media savadlılığı cəmiyyət üçün çox vacibdir"

Bu gündən ölkədə Media Savadlılığı Həftəsinə start verilir. 

Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək və məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir. 

Qeyd edək ki, hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər öz fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək. Bu həftənin keçirilməsi cəmiyyətin media savadlılığının artırılmasında hansı əhəmiyyətə malikdir? 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, ölkəmizdə media savadlılığına diqqət artıb və  “Media haqqında” Qanunda da  bu məsələ qoyulub: 

“Media savadlılığı insanların mediada təqdim olunan məlumatları analiz edə və faktları fərqləndirə bilmək, media vasitələrindən düzgün istifadə bacarıqlarını əhatə edir. Bu mənada əsasən də indi, müasir dövrdə internet texnologiyalarının, rəqəmsal alətlərin inkişafı, mediada bunların tətbiqi fonunda media savadlılığının əhəmiyyəti olduqca artıb. 

Bunu xüsusi vurğulamaq lazımdır ki, ümumiyyətlə, XXI əsrin insanı mediatik və media savadlı olmalıdır. 

Hətta bu, XXI əsrin ən vacib şərtlərindən biridir. Biz nə dərəcədə media alətlərindən düzgün istifadə edə, nə dərəcədə düzgün  tətbiq edə bilirik və nə dərəcədə medianı anlayırıq, media barədə məlumatlıyıq, media haqqında aydın təsəvvürə malikik? Çünki media dedikdə, biz yalnız professional media quruluşlarını, kütləvi informasiya vasitələrini nəzərdə tutmuruq. Media böyük məfhumu özündə əhatə edir, bütün bunlar haqqında məlumatlı olmağımız olduqca vacibdir, əhəmiyyətlidir”. 

V.Zifəroğlunun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir: 

“Ancaq ümumilikdə media savadlılığı haqqında məlumat, media savadlılığının özü hələ geniş yayılmayıb. Bir çox insanlar xüsusilə də sosial mediada yalan məlumatlara inanmağa meyillidirlər. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasına və  yalan məlumatların yayılmasına gətirib çıxarır. Eyni zamanda,  Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maariflənməsi üçün gördüyü işlər olduqca əhəmiyyətlidir, təqdirəlayiqdir. Unutmayaq ki, media savadlılığı insanlar üçün gündəlik həyatlarında medianı, məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün də vacibdir”.

Избранный
21
41
cebheinfo.az

10Источники