RU

Azərbaycan Suriyada nə vaxt səfirlik açacaq? - RƏSMİ CAVAB

Suriyada Bəşər Əsəd rejiminin çöküşü ilə ölkədə böyük siyasi və simvolik dəyişikliklər baş verir.

61 illik Baas rejiminin sona çatması ilə birlikdə artıq bir neçə ölkə Suriyada səfirliyin fəaliyyətini bərpa edib. Onlardan biri də qardaş Türkiyədir. Məhz Türkiyə 12 ildən sonra Dəməşqdə səfirliyin fəaliyyəti bərpa edib.

Bəs Azərbaycan Suriyada nə vaxt səfirlik açacaq?

“Cebheinfo.az” məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirlikdən bildirilib ki, hələlik bununla bağlı rəsmi qərar yoxdur:

“Suriya ilə əlaqədar yeni məlumat olacağı təqdirdə məlumat verəcəyik. Bu yaxınlarda Suriya ilə bağlı XİN-nin bəyanatı olmuşdu.

Hazırda əlavə hər hansı bir açıqlama yoxdur”.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyət barədə 10 dekabr 2024-cü il bəyanatında Azərbaycanın Suriyada baş verən prosesləri izlədiyini və bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirildiyini vurğulamışdı:

“Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir.

Azərbaycan qardaş Türkiyə və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. 

Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır”. 

Избранный
4
41
cebheinfo.az

10Источники