RU

“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb. Müvəkkilin rəhbərlik etdiyi İşçı Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai sağlamlıq, insan hüquqları və dayanıqlı inkişaf prioriteti kimi qəbul edir. Təsadüfi deyil ki, bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3.4-cü hədəfi “Psixi sağlamlığı və rifahı təşviq etmək”dir.

2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı sənədi ictimaiyyətə təqdim edib. Bu sənəd dünya ölkələrində psixiatriya sahəsində islahatlar aparmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və bununla da keyfiyyətli psixiatriya yardımının göstərilməsi məqsədi ilə hazırlanıb.

Qeyd etmək lazımdır ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə görə psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib.

Qeyd olunanlardan irəli gələrək, həmçinin Ombudsman Aparatının təşkilatçılığı ilə cari ilin aprel ayında keçirilmiş “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masada irəli sürülmüş təklif və tövsiyələr nəzərə alınaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb.

İşçi Qrupun yaradılmasında məqsəd beynəlxalq təcrübədən, ən son yanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsi istiqamətində yeni standartların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanması vasitəsilə həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətin qurulmasına töhfə verməkdir.

Избранный
28
9
sia.az

10Источники