RU

"Media savadlılığı məsələsində vətənpərvərlik hissi, vicdan elementləri olmalıdır" - Ekspertlər fərqli yanaşmalar

Bu gündən etibarən Azərbaycanda \"Media Savadlılığı\" həftəsinə start verilib.
 
Layihə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, o cümlədən media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə həyata keçirilir.
 
Bəs, bu tip layihələrin keçirilməsinin əsl məğzi nədən ibarətdir?
 
Qeyd edək ki, layihə 16-22 dekabr tarixlərini əhatə edəcək.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən əməkdar jurnalist, \"Şərq\" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, media savadlılığı təkcə jurnalistlərin üzərinə düşən bir iş deyil:
 

 
\"Birinci növbədə media savadlılığı üçün cəmiyyət hazırlanmalıdır və media haqqında bilikləri təkmilləşməlidir. Dəqiq informasiya mənbələri haqqında saxta, kirli xəbərlər barədə bu xəbərlərin qaynaqları haqqında məlumatlar verilməlidir. Yəni, cəmiyyət hazırlanmasa, media savadlılığı təkcə jurnalistlərin üzərinə düşən bir iş deyil. Cəmiyyətin bütün strukturları bu sahədə hazırlanmalıdır. Maarifləndirici işlər, təbliğat aparılmalıdır. Təbii ki, burada ciddi, peşəkar medianın da müəyyən öhdəlikləri var.
 
Öhdəliklər də bundan ibarətdir ki, bu cür kirli informasiyaların, cəmiyyətin yola yönləndirən xəbərlərin, dezinformasiyaların qarşısını almaq üçün ciddi çalışmalıdırlar və bizim sosial media şəbəkələrindən kənarda, təbii ki, işimizi qurmaq imkanlarımız yoxdur. O baxımdan sosial media şəbəkələrində də fəal olmalıdır və bu tip informasiyaların qarşısı alınmalıdır. Aydın məsələdir ki, bu dezinformasiyalar artıq təkcə bir ölkənin problemi deyil. İnformasiya savaşı müxtəlif silahlardan istifadə olunan müharibələrdən fərqli olaraq daha dəhşətlidir. Cəmiyyətdə bir iflas əhval-ruhiyyəsi yarada bilər, dövlətlərarası münasibətləri pozmağa cəhd göstərə bilər, etnik münaqişələri qızışdıra bilər, insanları bir-birinə qaldıra bilər. Bunun üçün də media savadlılığı önəmlidir\".
 
Media eksperti qeyd edib ki, orta məktəblərdə sosial media dərsləri keçirilməlidir:
 
\"Mən bir neçə il əvvəl təklif etmişdim ki, orta məktəblərdə sosial media dərsləri keçirilsin. Biz bunu havadan götürməmişdik. Türkiyədə artıq bu sahədə müəyyən təcrübələr var. Həmin təcrübələrdən istifadə edərək müəyyən işləri orta məktəblərdə görmək olardı. Misal üçün, o vaxtkı təcrübələrdən biri bundan ibarət idi ki, \"Həyat Bilgisi\" dərsliklərinin içərisində bu sosial media şəbəkələri, doğru-dürüst informasiyalar, yönləndirici informasiyalarla bağlı məlumatlar dərc olunsun. Bu, orta məktəb auditoriyasında artıq şagirdlər dəqiq və qeyri-dəqiq informasiyalar haqqında sosial media şəbəkələrinin önəmi, əhəmiyyəti, faaliyyəti haqqında məlumatlı olmalıydılar. Lakin həmin dönəmlə bəzi deputatlar belə fikir yürütdülər ki, şagirdlərin təhsil yükü çoxdur, bu şeylərə ehtiyac yoxdur. Zaman onu göstərdi ki, bu vaxtında görüləsi bir iş idi. Əlbəttə ki, media savadlılığı məsələsində vətənpərvərlik hissi, vicdan elementləri olmalıdır\".
 
Mövzuya münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, hazırda hər kəs xəbər istehsalçısıdır:
 

 

\"Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. \"Yanlış xəbər”, \"saxta xəbər”, \"dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. \"Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. 

Bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı \"media savadlılığı” proqramında ifadə olunur\".
 
Ekspert onu da əlavə edib ki, \"Media haqqında\" qanun ölkədə media savadlılığının artırılmasını zəruri edir:

\"Əlamətdar haldır ki, 2022-ci ildən qüvvəyə minmiş \"Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Həmçinin, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək  üçün xüsusi proqramlar icra edir. 2023-cü ildə Agentlik tərəfindən \"Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhvəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq  \"media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır\".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi\" mövzusunda dərc edilib.
 

 


Избранный
20
41
azxeber.com

10Источники