RU

"Nəyin yalan, stereotip, doğru olduğunu təyin etmək bacarığını artırmalıyıq” - RƏYLƏR

"Media savadlılığı cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən amildir. Ən əsası Azərbaycan kimi ölkələr hansı ki, tez-tez xaricdən dezinformasiya hücumlarına məruz qalır. Ölkəmizin ictimai rəyini azdırmaq, ictimai fikri çaşdırmaq məqsədilə müxtəlif kampaniyaların qurbanına çevrilirlər. Məhz, belə halda əsas bizim bu cür dezinformasiya və neqativ hallarla mübarizədə əsas alətimiz media savadlılığının artırılmasıdır. Media savadlılığı nə qədər yüksək olarsa, insanların hər hansı bir dezinformasiya və yaxud da informasiya manupulyasiyalarının təsiri altına düşmə ehtimalı da bir o qədər azalır". Bu sözləri SİA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

O bildirib ki, bu baxımdan Medianın İnkişafı Agentliyi sistemli şəkildə fəaliyyət göstərir: "Artıq bu il 2024-cü il dekabr ayında biz 3-cü dəfədir ki, "Media savadlılığı" həftəsi keçiririk. Media savadlılığı həftəsi Azərbaycan mediasının artıq trendinə çevrilmiş bir ənənə funksiyasını yerinə yetirir. Bizim sabah keçirəcəyimiz konfransda da xüsusən Media savadlılığının yüksəlməsində təhsilin rolu və məktəblərdə maariflənmənin daha da intensiv şəkildə qurulmasına diqqət ayrılacaqdır. Media savadlılığı yalnız jurnalistlərin məşğul olduğu bir sahə deyil. Söhbət burada bütün cəmiyyətin, sosial təbəqələrin informasiya savadlılığının artırılmasından gedir.

Rəqəmsal mühitin inkişafı özü ilə pozitiv nüanslarla yanaşı, dezinformasiyanın sürətlə ötürülməsinə də şərait yaradır. Təbii ki, belə bir mühitdə Azərbaycan informasiya məkanını qorumaq, feyk xəbərləri vaxtında aşkar etmək üçün media savadlılığının artırılması çox vacibdir. Bizim informasiya mühitimizə yönəlmiş hər hansısa təhdidlərlə mübarizədə media savadlılığı əsas alətdir. Amma onunla yanaşı hüquqi normalarda var. Media etikasının prinsipləri də var ki, buna birmənalı şəkildə əməl edilməlidir. Bizim bu səylərimiz öz nəticəsini verəcək. Orta məktəbdən başlayaraq, media savadlılığının arrtırılması istiqamətində atılan addımlar nəticədə bizim vətəndaşlarımızın informasiyaya münasibətində pozitiv dəyişikliklər yaratmış olacaq. Əsas məqsəd dezinformasiyaların təsirinə düşməmək, həqiqəti bilmək, oxuduğu məlumatı dəqiqləşdirməkdir. Bu baxımdan bu həftə ərzində bizim çoxlu tədbir, konfrans və təlimlərimiz var".

Media eksperti İsmayıl Rafiqoğlu isə qeyd edib ki, media savadlılığının gücləndirilməsi üçün bir sıra qaydaya əməl etmək tələb olunur: "İlk növbədə axtarış sistemi ilə düzgün işləmək vərdişini formalaşdırmalıyıq. Düzgün sözlərin, teqlərin istifadəsi axtarışı xeyli rahatlaşdırır. Digər tərəfdən hər bir məlumata skeptik yanaşmaq düzgün olardı, çünki ən mötəbər mənbələrdə belə yalan xəbər ola bilər. Hər bir mövzuya yanaşma da bəzən illər sonrası dəyişir. Media savadlılığı yerində olmayan birisi çox asanlıqla qarşısına çıxan elə ilk informasiyanı həqiqət kimi qəbul edəcək.

Axtarış sisteminin alqoritmləri hər bir istifadəçi üçün fərdidir. Yəni süni intellekt bəzən bizə istədiyimiz və ya arzu etdiyimiz nəticəni verir, həqiqi məlumat isə kənarda qalır. Bu səbəbdən daim alternativ mənbələrə müraciət etmək, daha dərin analiz imkanlarından yararlanmalıyıq. Mediada yaradılan bəzi stereotiplər çox vaxt həqiqət kimi qəbul edilir. Stereotip düşüncədən kənar çıxmaq da olmur, çünki real həyatda bir növ “mütləq evə gələn qonağa çay vermək, qarşısına nəsə bir şirniyyat yerləşdirmək” kimi ənənələr nəsildən nəslə ötürülür. Halbuki artıq şəkərin ziyanını hamı bilir, amma yenə də bundan yaxa qurtara bilmirik. Stereotiplər də internetdə yalan təsəvvürlərin artmasına bəzən xidmət edir. Məsələn, ingilislərin hələ də hər gün axşam saat 5-də çay içdikləri barədə stereotip yaşayır. Halbuki Böyük Britaniyada çay dəmləmək ənənəsi artıq yoxa çıxıb. Bir çox insan elə paket çaydan yararlanır. Və ya ispanların ən sevimli idman növünün korrida olduğu barədə stereotip var. Əslində, korrida idman növü deyil, həm də ispanlar daha çox idman olaraq futbolu sevirlər. Bir sözlə, məlumatla rastlaşan zaman asanlıqla nəyin yalan, nəyin stereotip, nəyinsə doğru olduğunu təyin etmək bacarığını artırmalıyıq”.

Müəllif: Seyranə Quliyeva
Избранный
27
sia.az

1Источники