Suriyadakı Rusiya qoşunlarının canlı qüvvə və texnikasının ölkədən çıxarılması davam edir. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, Rusiya hərbçiləri ərzaq və su sarıdan əziyyət çəkirlər. Bu bilgi dekabrın 15-də “Telegram” sosial şəbəkəsindəki paylaşımda əksini tapıb.
Həmin paylaşımda Tartus və Hmeymimdəki hərbçilərin, Aralıq dənizində lövbər salmış hərbi gəmilərin şəxsi heyətinin problemlərlə üzləşdiyi iddia edilib.
Suriyanın ucqar bölgələrindəki Rusiya qoşunlarının isə çıxarıldığı bildirilir: "Əsəd rejiminə qarşı döyüşən qüvvələrin bir neçə marşrutda Rusiya qoşunlarını müşahidəsi davam edir".
İddialara görə, rəsmi Moskva iki hərbi bazada xidmət aparacaq 3 minədək hərbi qulluqçu saxlamaq istəyir.
Dekabrın 15-də Rusiya XİN “Telegram”-dakı paylaşımında diplomatlarının bir bölümünü təxliyə etdiyini bildirib. Onlar Rusiya HHQ-nin Hmeymim hərbi hava bazasından özəl reyslə çıxarılıblar.
"Həyat Təhrir əş-Şam"ın (HTŞ) sürətli hücumu nəticəsində Bəşər Əsədin rejiminin çöküşündən sonra Rusiyanın hərbi-nəqliyyat təyyarələri Hmeymim bazasını tərk edib.
Dekabrın 13-də yayılan peyk görüntülərinə əsasən, Rusiya bazadan hərbi texnikasını çıxarmaq üçün ölkəyə gətirilən iki "An-124" yük təyyarəsindən yararlanıb. Suriyaya bir neçə desant və mülki gəmilər də göndərilib.
“AzPolitika.info”