RU

Analitik: Duqinin sərt açıqlamaları Kremlin rəsmi mövqeyi deyil

Putin Rusiya-Türkiyə münasibətlərinin bundan sonra da normal məcrada davam etdirilməsinə üstünlük verəcək

 Rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı paylaşımında “Əvvəllər etmədiyimizi edəcəyik, peşman olacaqsınız” deyərək Türkiyəni və prezident Ərdoğanı hədələyib. Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı qəzəbli paylaşım edən rusiyalı politoloq baş verənlərdə Türkiyəni və prezident Rəcəb Tayyib Ərdoğanı  ittiham edərək təhdid edib. Duqin Suriyadakı son hadisələrlə bağlı bu fikirləri işlədib: "Suriya Ərdoğan üçün tələ oldu. Strateji səhv etdi. Rusiyaya xəyanət etdi. İrana xəyanət etmişdi. Məhv oldu. İndi Mustafa Kamalın Türkiyəsinin sonu başladı, biz sizə dəstək olduq. İndiyə qədər. Bundan sonra tövbə edəcəksiniz". O, ikinci paylaşımında isə deyib ki, əvvəllər etmədiklərini edəcəklər, peşman olacaqlar: "Amma çox gec olacaq". Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Eyüp Gökhan Özekin Duqinin qalmaqallı paylaşımına reaksiya verib: "Avrasiyaçıların "Roma Papası" Aleksandr Duqin çardaqdan çıxdı. İndi içəridəki "milli" maskalı rus və iranlı tərəfdarların da əli qana bulaşmış olar. Buyurun, bu millət Ərdoğanın "yeyilməsinə" imkan verməz. Türkiyə böyük tikədir, boğazınızda qalar".

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, bəziləri rusiyalı analitikin Ərdoğanın ünvanına səsləndirdiyi hədəsini Rusiya dövlətinin Duqinin ağzı ilə dilə gətirilən mövqeyi kimi qiymətləndirir. Lakin əvvəllər Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamı kimi tanınan və hətta "Putinin beyni" adlandırılan Duqin artıq xeyli vaxtdır ki, Kreml ilə ünsiyyət saxlamır:

 "Deyilənlərə görə, Putinin ona qarşı münasibəti mənfiyə doğru dəyişib. Yəni bu gün Duqini Kremlin qeyri-rəsmi sözçüsü hesab etmək doğru deyil. Məsələyə bu kontekstdən yanaşsaq, deməli, Duqin sadəcə, sıradan bir rus şovinisti kimi öz emosiyalarına hakim ola bilməyərək, Türkiyənin əleyhinə sərsəm fikirlər səsləndirib. Vaxtilə Rusiya-Türkiyə münasibətlərinin daha sıx inkişafından dəm vuran bir analitikin bu gün daban-dabana zidd fikirlər səsləndirməsi ilk baxışdan həqiqətən anormal görünür. Lakin Duqin kimi aqressiv dünyagörüşlü, ifratçı bir şəxsdən birdən-birə bu cür köklü mövqe dəyişkənliyini görmək qətiyyən təəccüblü deyil". 

B.Mirzəyevin qənaətincə, amerikalı siyasi şərhçi və hərbi ekspert Skott Ritterin Türkiyəni müdafiə məqsədilə səsləndirdiyi fikirlər Duqin kimi rus nasional-şovinistlərinə də, Türkiyəni ittiham edən İran rəsmilərinə də tutarlı cavabdır:
 "Ritter deyib ki, Əsədin devrilməsində Türkiyəni günahlandıranlar əslində hədəfi səhv seçiblər, onlar Türkiyəni yox, Rusiya və İranın özünü qınamalıdırlar. Çünki məhz Rusiya və İranın yanlış və məkrli siyasətləri sonda Əsədin devrilməsi ilə nəticələndi. Ritterin bu yanaşması öz rasionallığı və soyuq məntiqi ilə yəqin ki, Moskva və Tehrandakı bütün isti başları dərindən düşünməyə vadar edəcək. Dünya Duqin kimi isterik şəxslərin ümidinə qalsa, bir gündə məhv olar. Lakin Putin Rusiya-Türkiyə münasibətlərinin bundan sonra da normal məcrada davam etdirilməsinə üstünlük verəcək. Çünki Rusiyanın başqa yolu yox!".

Избранный
29
sherg.az

1Источники