RU

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub

Dekabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, tərəflər arasında keçirilən təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfər və təmasların dinamikasında müşahidə olunan artımın məmnunluq doğurduğu, Azərbaycan ilə Müqəddəs Taxt-Tacın siyasi, mədəni, humanitar sahələrdə mövcud əməkdaşlığına ciddi töhfə verdiyi vurğulanıb. Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlər üçün əhəmiyyəti məmnunluqla qeyd edilib. Roma Papası II İoann Pavelin 2002-ci ildə, Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərləri xatırlanıb, qarşılıqlı səfərlərin davamlı olacağına inam ifadə edilib.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində, o cümlədən Müqəddəs Taxt-Tac ərazisində yerləşən beynəlxalq əhəmiyyətli mədəni abidələrin bərpasında fəal iştirakının təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Görülən tədbirlərin ölkəmizin multikulturalizmin təşviqi sahəsində mövcud təcrübə və fəaliyyətinin davamı olduğu bildirilib, bu istiqamətdə, həmçinin Müqəddəs Taxt-Tacla əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi cari ildə ölkəmizdə COP29-un nəticələri barədə ətraflı məlumatlandıraraq, Azərbaycanın sədrliyi ilə uğurla həyata keçirilən konfrans çərçivəsində bir sıra vacib tədbir və təşəbbüslərlə yanaşı, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin təşkil edildiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyətindən, delimitasiya komissiyaları tərəfindən aparılan iş barədə ətraflı bəhs edilib. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi vurğulanıb.

Arxiyepiskop Paul Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdırıb, kilsənin inşasına yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
23
2
xalqqazeti.az

10Источники