RU

Süni intellekt artıq elmi iş də yazır

Süni intellekt tədris prosesində, yaradıcılıq və elmi fəaliyyətlərdə istifadə olunan innovativ texnologiyadır. Onun tətbiqi alimlər üçün yeni imkanlar açır. Sürətli olduğundan tədqiqat apararkən vaxta qənaət etməyə imkan verir. Bundan başqa, süni intellekt nəinki insan kimi məntiqli düşünməyi öyrənib, həm də müəyyən mənada artıq öz yaradıcısını ötüb.

Bu sahədə ChatGPT xüsusilə seçilir. O insan dilini başa düşən, təsirli, təfərrüatlı və insana bənzər yazılı mətn hazırlaya bilən prototip danışıq və süni intellekt chatbotudur. Çətin tənlikləri belə saniyələr ərzində həll etmək qabiliyyətinə malikdir. Hətta bunu necə həll etdiyini sadə şəkildə izah edir. Əsas akademik məqalələr, bədii mətnlər, film ssenarisi və s. hazırlayır və bütün mətnlərin təqdim edilməsində uğurludur. Təbii ki, onu düzgün istiqamətləndirmək və sorğunu dəqiq və ətraflı şəkildə daxil etmək önəmlidir.

ChatGPT-nin GPT-o1 modeli isə neyron şəbəkələr sahəsində yenilikdir. “NASA Ames” Araşdırma Mərkəzinin əməkdaşı Kayl Kabasares özünün YouTube kanalında bildirib ki, о1 modeli bir saat ərzində doktorluq dissertasiyasının kodunu yazıb. Model yalnız 6 sorğu tələb edib. Süni intellekt müəllifin GitHub repozitoriyasına daxil olmadan kodun bütün “skeletini” öz sintetik məlumatları əsasında hazırlayıb. Halbuki Kabasares kodun yazılması üçün bir il vaxt sərf etmişdi. Süni zəka isə hər şeyi qısa müddətdə effektiv şəkildə yerinə yetirib.

O bildirib ki, süni intellekt texnologiyasının köməyi ilə ideyalar üzərində düşünmədən və internetdə məlumat axtarmadan qısa zamanda mətn tərtib etmək olar. Bunun üçün sual vermək və ya bir neçə giriş cümləsi yazmaq kifayətdir. Neyron şəbəkə onun davamını yaza bilir.

Beləliklə, süni intellekdən istifadə etməklə dissertasiya yazmaq mümkündür. O məlumatların təhlili, ədəbiyyatın nəzərdən keçirilməsi, qrammatika yoxlanışı və məzmunun dəqiqləşdirilməsi kimi yazı prosesinin müxtəlif aspektlərini optimallaşdırmağa kömək edir.

PÜNHAN
XQ

Избранный
17
xalqqazeti.az

1Источники