Günəş sistemində ən kiçik, həmçinin günəşə ən yaxın planet hesab edilən Merkuri barədə bəzi faktlar üzə çıxıb.
Reyting.az-ın məlumatına görə, elmi araşdırmalar milyardlarla il əvvəl Merkuri planetinin tam maqma okeanı ilə dolduğu zaman baş vermiş heyrətamiz proseslərə işıq salır. Alimlərin fikrincə, elə həmin dövrlərdə karbonun tamamilə saf almaza çevrilməsinə əlverişli şərait yaranıb.
"MESSENGER" zondunun topladığı məlumatlara görə, Merkurinin qabığı natrium, kükürd və qrafit də daxil olmaqla uçan maddələrlə çox zəngindir. Tədqiqatçılar məhz bu səbəbdən yüksək təzyiqin, eləcə də temperaturun təsiri ilə qrafitin almaza çevrilə biləcəyi ehtimalını irəli sürüblər.
Bernard Şarlenin rəhbərlik etdiyi Çindən və Belçikadan olan tanınmış alimlər qrupu laboratoriyada erkən Merkurinin şərtlərini yenidən yaratmalı olublar. Elm adamları buna nail olmaqdan ötrü kimyəvi birləşmələrin qarışıqlarından çox ustalıqla istifadə etməklə, laboratoriyada 1900 dərəcə selsiyə qədər temperatur yaradıblar. Aparılmış təcrübələr bir daha belə şəraitdə almazın əmələ gəlməsinin mümkünlüyünü təsdiqləyib.
Planetin tədricən soyuması bu almazların yavaş-yavaş səthə çıxmağa başlamasına səbəb olub və onlar metal nüvə ilə silikat mantiya arasında yerləşib, daha sonra isə qalınlığı 200 metrə çatan təbəqə əmələ gətirib. Bu təbəqə planetin kütləsinin təxminən 1 faizini təşkil edir.
Müqayisəli elmi tədqiqatlar həm də onu göstərir ki, Merkuridə yaranmış almazlar yerdəkilərdən çox əhəmiyyətli dərəcədə böyük ola bilər. Mütəxəssislər tərəfindən əvvəllər aparılmış kompüter modelləri də meteorit bombardmanları nəticəsindəqrafitin kütləvi dəyişkənliyə uğramasını və almaza çevrilməsinin mümkünlüyünü göstərir.
Alimlər hesab edirlər ki, Merkuri planeti zəngin bir xəzinədir. Çünki bu planetdəki almaz ehtiyatları Yer kürəsindəki mövcud almaz ehtiyatlarından təxminən on dəfə çoxdur. Bununla belə, müasir dünya elmi üçün məlum olan kosmik maneələr, eləcə də girişdə yaradılan çətinliklər, həmçininekstremal şərait səbəbindən Merkuri indiyə qədər tədqiqatlar üçün əlçatmazdır.