2025-ci il yanvarın 1-dən İtaliyanın Milan şəhərində küçədə siqaret çəkmək qadağan ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, İtaliyanın məşhur şəhərlərindən biri olan Milanda bələdiyyə 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkməyi qadağan edəcək. Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib. Qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq ediləcəyi açıqlanıb.
Bildirilib ki, siqaret qadağası 2021-ci ildən başlayaraq mərhələli şəkildə tətbiq olunan qaydalar silsiləsinin bir hissəsidir. Əvvəlki qaydalara əsasən, avtobus dayanacaqlarında, parklarda və idman obyektlərində siqaret çəkmək qadağan idi. Yeni qaydalar insanların çox olduğu və 10 metrlik təhlükəsiz məsafənin saxlanıla bilməyəcəyi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını nəzərdə tutur.
İtaliya Tütün Dərnəyi Milan Bələdiyyəsinin belə bir qadağanı tətbiq səlahiyyətinin olmadığını və belə bir müdaxilənin milli səviyyədə müzakirə edilməli olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.