RU

Osman Gündüz: Bütün arxivin yalnız yutubda saxlanılması ciddi riskdir

AzTV-dən başqa TV-lərin hamısının arxivi əsasən yutub üzərindədir

Yalnız AzTV canlı yayımı və verilişləri yerli hostinqdə 8 gün müddətində arxivləşdirir

Televiziya kanalları hər gün xeyli videoməzmun istehsal edirlər. Əlbəttə, maraqlı və faydalı, ictimai əhəmiyyət kəsb edən kontentlə bərabər, sıradan hesab olunacaqlar da var. Amma istənilən halda bu kontent, canlı yayım və arxiv  Azərbaycan məhsuludur, böyük xərc bahasına başa gəlir və onun əlçatan olması, ondan dayanıqlı və effektiv istifadəyə, xüsusən də onlayn mühitdə istifadəyə imkanlar yaradılması çox vacibdir.
Görəsən, TV-lərin video kontenti harada saxlanır?

Bu sualı “Sherg.az”a açıqlamasında şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də “Mediatrends” olaraq ölkə daxili və ölkə xaricində media monitorinq xidmətləri təqdim edərkən yerli televiziya kanalların videokontentinin arxiv problemi ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, telekanalların saytları üzərindən qısa bir araşdırma ilə müəyyən etmək olur ki, bizdə bu istiqamətdə ciddi problemlər var: 

“Maraqlıdır ki, AzTV-dən başqa TV-lərin hamısının arxivi əsasən yutub üzərindədir. Yalnız AzTV canlı yayımı və verilişləri yerli hostinqdə 8 gün müddətində arxivləşdirir.
Xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün köntenti üçün yerli bir arxiv formalaşdıra bilməyib. Əsasən yutubdan istifadə olunur. 
Qonşu ölkələrin təcrübəsinə diqqət yetirdikdə isə görmək olur ki, videokontent həm də ölkə daxilində milli bir hostda toplanır. Son zamanlar, görünür ki, geopolitik proseslərlə bağlı bu tendensiyanın hədsiz gücləndiyi müşahidə olunur. Canlı yayımların da bir qorunan hostdan yayımlanmasına diqqət yetirilir.
Əlbəttə, yutub TV-lər üçün cəlbedicidir, geniş auditoriya imkanları təqdim edir, paylaşımlar, istifadəçi cəlb etmək  və monetizasiya vasitəsilə gəlir də əldə etmək mümkündür. Daha çox baxış daha çox reklam gəliri deməkdir.
Eyni zamanda bu kontenti  özəl serverlərdə, yaxud özlərində arxivləşdirmək yüksək maliyyə tələb edir, idarəetmə xərcləri də var”.

O.Gündüzün sözlərinə görə, bütün arxivin yalnız yutubda saxlanılması da ciddi risklər yaradır: 
“TV-lər kontent üzərində müstəqilliyi itirirlər. Platforma qaydalarına uyğun olmayan kontent, şikayət olunan kontent silinə bilir və ya kanal bloklana bilər, onların öz məxfilik və reklam qaydaları var. Əgər yutub platformasında texniki problemlər və ya qlobal məhdudiyyətlər, yaxud da müəyyən səbəblərdən ölkədaxili bloklanma olarsa, arxivə çıxış dayanıla bilər.
İkinci Qarabağ savaşı zamanı biz bunun şahidi olmuşduq. Düşünürəm ki, indiki zamanda ölkənin bütöv videoməzmununun ancaq xarici bir resursda yerləşdirilməsi informasiya sahəsində milli maraqlarımıza uyğun deyil. Fikrimcə, milli videokontentin saxlanılması ilə bağlı hibrid modelin tətbiqi, yəni bütün ölkə üzrə televiziya arxivin həm də milli hostinq  üzərində saxlanılması daha doğru olardı. Xüsusilə də, milli informasiya resursları üzərində müstəqillik və asılılıq balansını qorumaq dünyanın indiki zamanında daha çox vacibdir.
Azərbaycanda daha çox könüllülük prinsipləri ilə fəaliyyət göstərən "Yoda" plaftorması TV-lərin kontentini bir arada cəmləməklə bu boşluğu doldurmağa çalışıb. Amma hiss olunur ki, bu özəl resursun dayanıqlıq və əlçatanlıq problemləri var.
Maraqlıdır ki, digər xarici resurslar, "Megogo" və  digərləri bizim bazarda yetərincə pul qazanırlar, amma özümüz dayanıqlı və güclü bir platforma ortaya çıxara bilmirik”.

Ekspert hesab edir ki, televiziyalar öz biznes modellərinə və texniki imkanlarına uyğun kontentin arxivləşməsinə diqqət yetirməlidirlər: 
“Ölkədən verilən reklamların çox cüzi hissəsi TV kanallara çatır. Bu reklamların ölkədaxili bir platformadan olması televiziyalar üçün daha böyük gəlirlər gətirə bilər və ölkə üçün də faydalı olar. Audiovizual Şura, TV kanallar və "Rəqəmsal və audiovizual yayım sənayesi" qurumu, dünyanın indiki düzənində telekanallar üçün milli hostinq yaradılması istiqamətində səylərini gücləndirməlidirlər. Bir daha vurğulamaq istərdim ki, AzTV-nin canlı yayımı və  8 günlük kontenti arxivləşdirərək və onlayn resurs üzərindən asan əldə etmək imkanı yaratması çox təqdirəlayiqdir”.

Избранный
39
sherg.az

1Источники