RU

"Vətən dedikdə insanın yaşadığı ərazi nəzərdə tutulur" - ŞƏRH EDİLDİ

"İslam şəriətinə əsasən hər bir insan öz Vətənindən 8 fərsəx məsafəyə kənarlaşsa, dörd rükətli namazları iki rükət qılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, burada bir neçə termin oldu: "Biri "öz Vətənindən" termini, biri "8 fərsəx" termini, biri də "dörd rükətli namazlar" ifadəsidir. Vətən dedikdə insanın ölkəsi nəzərdə tutulmur. Vətən dedikdə insanın yaşadığı ərazi nəzərdə tutulur. Bir kənddə yaşayırsa, həmin kəndin çıxacağı onun Vətənindən çıxış nöqtəsi olur. Şəhərdə yaşayırsa, o şəhər onun Vətənidir. O şəhərdən çıxdığı andan etibarən 8 fərsəx məsafə hesablanır. Yaxud da, bir ölkədə yaşayırsa, ölkənin çıxışı onun yaşadığı şəhərdirsə, o ölkədən çıxışı hesablanır. Vətən insanın yaşadığı kənd, şəhər, qəsəbə ola bilər. İstənilən halda insan yaşadığı məkandan 8 fərsəx hesablanmalıdır. 8 fərsəx müctəhidlərin, fəqihlərin leksikonunda müxtəlif formatda ifadə olunur. Bəziləri 8 fərsəxi 45 km, bəziləri 44 km, bəziləri 41 km hesab edirlər. Hər halda əgər bir insan yaşadığı kənd, şəhərin çıxacağından gedib-gəlməsi 8 fərsəx məsafə təşkil edən məsafədə çıxırsa, dörd rükətli namazları iki rükət qılacaq. Məsələn, bir nəfər Bakı şəhərindən çıxıb üzü Salyana tərəf gedir. Bakı şəhərinin çıxacağı Bibiheybət ziyarətgahından o tərəfə başlanır. Oradan gedəcəyi yerə qədər hesablamalıdır. Əgər getməsi və qayıtması 20 km yarım edəcəksə, Bakıdan çıxdığı andan etibarən azan verirsə, dörd rükətli namazları iki rükət qılmalıdır. Bu ümumi hökmdür. Bir nəfərə səfər çətin, asan, uzaqdırsa, minimum 8 fərsəxdirsə, bunlar nəzərə alınmır. Əgər gedib-gəlməsi 8 fərsəx olacaqsa, namazları qəsr qılmalıdır.

Dörd rükətli namaz niyə deyilir? Çünki sübh namazı və şam namazı qəsr qanununa aid deyil. Bu hökm yalnız dörd rükətli namazlara aiddir. Bu qanunun da bəzi təfərrüatları var. Bir nəfər günah etmək üçün səfərə çıxırsa, onun səfəri şəriət baxımından səfər sayılmır. Ona görə də, səfərdə namazlarını qəsr qılmalı deyil, bütöv qılmalıdır. Bir nəfər ova çıxır, uzaq məsafə qət edəcək. Məqsədi bu ovdan ət deyil, əylənməkdir. Bu adamın səfəri haramdır. Yaxud, bir nəfər uzaq məsafəyə gedir ki, günah etsin, içkili məclisə gedir. Onun namazı qəsr olmur. Çünki onun səfəri şəriət baxımından səfər hesab olunmur".

"Bəzi istisnalar da var. Uzaq yol gedən sürücülər, yaxud, işi səfərdə olan məmurlar, kadrlar, işçilərin səfərlərdə namazları qəsr olmur. Çünki onlar həmişə səfər halındadırlar. Bir də müqəddəs yerlərdən Məkkə şəhərində insan ixtiyar sahibidir ki, namazını qəsr, yaxud da, tam qılsın. Digər şəhərlərdən Kufə məscidinin içində, Kərbəla ziyarətgahının içində namazı qəsr, tam qılmaq insanın öz ixtiyarındadır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
32
sia.az

1Источники