RU

Fransanın Afrikada 70 illik uğurlarını Makron 7 ildə məhv etdi...

Image

2022-ci ildə baş verən hadisələrdən sonra Fransa sözün əsl mənasında Afrikadan qovulur. Mərkəzi Afrika Respublikasından Fransanın qovulması qitənin digər ölkələrinin də analoji addımlar atması ilə müşayiət edilir. 1960-cı illərdən bəri Niger, Mali və Burkina Fasoda hərbi bazalar saxlayan Fransa artıq onları itirib. 

İndi eyni aqibət Seneqal və Çaddakı Fransa bazalarını da gözləyir. Yəni bu ilin sonuna qədər Fransanın Afrika qitəsində doqquz əvəzinə beş hərbi bazası olacaq. Eyni zamanda, yerdə qalanlarda - Qabon, Kot-d'İvuar və Cibutidə Fransa əleyhinə əhval-ruhiyyə güclənir.

Seneqal prezidenti Bassiou Diomai Fay bu yaxınlarda iki Fransa hərbi bazasını ölkədən çıxarmaqda qərarlı olduğunu açıqlayıb və bunu belə izah edib: “Seneqal müstəqil, suveren ölkədir, ona görə də xarici hərbi bazaların olması qəbuledilməzdir. Bu, müstəmləkə anaxronizmidir”. Seneqal rəhbəri misal kimi ölkəsinin Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə yaxşı və konstruktiv münasibətlərini” göstərərək, qeyd edib: “Bu ölkələrin ölkəmizdə hərbi bazaları yoxdur,amma yaxşı münasibətlərimiz var”. Seneqal hakimiyyəti gələn ilin yanvarında Fransa hərbi bazalarının ləğvi ilə bağlı Parislə danışıqlara başlamağı planlaşdırır.  Bu xüsusda xatırladaq ki, 1961-ci ildə Tunis sahilyanı Bizertedəki fransız hərbi bazasının ləğvini tələb edəndə Paris orada qan tökmüşdü. Bu, "Buldoq" adı ilə həyata keçirilən əməliyyat idi. Bu müddət ərzində 11 mindən çox tunisli öldü. Lakin 1963-cü ildə Fransa bradakı bazanı boşaltdı. Eyni şey Qərbi Afrika Kot-d'İvuarında 2010-cu illərin əvvəllərində baş verdi, həmin ölkənin "qeyri-fransalı" prezidenti Fransa hərbi bazalarının oradan çıxarılmasını müdafiə etdi. Tezliklə Fransa xüsusi xidmət orqanları tərəfindən devrildi. Amma indi vəziyyət fərqlidir. Rusiyanın, Çinin regionda artan təsiri də fransa üçün əlavə problem yaradır. Yalnız bu ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyası Seneqala taxıl tədarükünü təxminən üçdə bir  həcmdə artırıb. Bu, bir sıra Fransa KİV-lərinin narahatlığına səbəb olub: onlar deyirlər ki, Rusiya Fransanı Seneqal ərzaq bazarından sıxışdırır. Bununla belə, hamı başa düşür ki, rus taxılı nəinki fransızdan ucuzdur, həm də daha keyfiyyətlidir. Bundan əlavə, Rusiya və Belarus kimyəvi gübrələrinin Seneqala tədarükü artır, Fransadan isə analoji məhsulların tədarükü azalır. Və eyni fransız mediasında qeyd edildiyi kimi, Rusiya Federasiyası ilə Seneqal arasında iqtisadi əlaqələrin güclənməsi ilə Rusiyanın siyasi təsiri şübhəsiz artacaq. Yada salaq ki, 2024-cü ildə Fransa hakimiyyəti Seneqal hökumətini qonşu Mali və Burkina Fasodan çıxarılan fransız qoşunlarını qəbul etməyə razı salmağa çalışıb. Lakin seneqallılar bundan imtina etdilər. Və bir müddət əvvəl Fransanın qonşu Qvineya ilə Mali və Seneqal sərhədləri yaxınlığında öz böyük hərbi bazasını yaratmaq üçün danışıqlar apardığı bildirildi. Mövcud məlumata görə, danışıqlar başa çatmayıb, lakin Parisin Qvineyaya iqtisadi təzyiqi artır ki, onun hakimiyyət orqanları planlaşdırılan hərbi baza üçün Fransadan minimum icarə haqqı ilə razılaşsın. Mərkəzi Afrikada yerləşən Çad Respublikası Parisin hərbi mövcudluğu ilə bağlı Seneqala bənzər siyasət yürüdür. Ölkə 1960-cı ildə Fransa hərbi bazalarının ölkəsində yerləşməsi ilə bağlı keçmiş metropoliya ilə bağlanmış müqaviləni pisləyib.  Ölkə hökumətinin bəyanatına görə, Çad Respublikasının öz ərazisində tam suverenliyini təsdiqləməsi və milli prioritetləri əsasında strateji tərəfdaşlığını yenidən müəyyənləşdirməsinin vaxtı çatıb. Ölkədə minlərlə insan bu qərarı dəstəkləmək üçün nümayiş keçirib.Yeri gəlmişkən, Fransa xüsusi təyinatlıları 2011-ci ildə Çaddakı bazalardan Liviyaya yerləşdirilib. Məhz onların köməyi ilə üsyançılar Müəmmər Qəddafini öldürdülər. 

Xatırlatmaq yerinə düşər ki, Qərbi və Mərkəzi Afrika ölkələrində   pul vahidi əvvəlcə regional franklar idi, onların buraxılışı və məzənnəsi hələ də Fransa Xəzinədarlığı tərəfindən idarə olunur. Bu nəzarət elə həyata keçirilir ki, bu ölkələr keçmiş metropoliyanın kənd təsərrüfatı və xammal mənbələri olaraq qalırlar. Ancaq Niger, Mali və Burkina Faso hökumətləri bu ilin ortalarında. Fransanın maliyyə və ümumiyyətlə, iqtisadi neokolonializmindən qurtulmaq üçün 2026-cı ilə qədər kollektiv suveren valyutanın formalaşacağını elan ediblər. Həmin ölkələrdə bu ilin sonuna kimi onilliklər ərzində fransız biznesinə məxsus olan müəssisələrin əksəriyyəti artıq milliləşdirilib. Yeni regional valyutanın ilkin adı saheldir. 2025-ci ildə bu valyuta layihəsində mümkün iştirak Seneqal, Çad və Mərkəzi Afrika Respublikasında da açıqlanıb. Bunlar fonunda   bir çox fransız ekspertləri ilə razılaşmaq olar: Parisdən  Kiyev hakimiyyətinə artan hərbi yardımlar “aparılarkən”, Afrikada  Parisin təsrindən xilas olan Fransanın keçmiş müstəmləkələrinin sayı getdikcə artır. Fransanın "Le Point" jurnalı yazır ki, Fransanın Afrika qitəsindən sıxışdırılması və Rusiya ilə Çinin burada nüfuz qazanması Avropa ölkələri üçün ciddi nəticələrə səbəb ola bilər. Məqalədə qeyd edilir ki, Fransanın regiondan çəkilməsi, o cümlədən BMT daxilində onu müttəfiqlərdən və tərəfdaşlardan, mühüm təsir mənbəyindən məhrum edir və Parisin zəifləməsini simvollaşdırır. Jurnalın fikrincə, bu uğursuzluq Fransanın xarici siyasətdəki səhvləri və təsir vasitələrini itirməsi ilə izah olunur. "Le Point" əlavə edir ki, fransız diplomatiyası Afrikadakı mühüm dəyişikliklərə - qloballaşmanın artması, orta sinfin yaranması və gənclər arasında suverenlik arzusunun güclənməsi kimi proseslərə adekvat reaksiya verməyib. Bundan başqa, Fransa Rusiyanın hərbi, Çinin isə iqtisadi gücünü lazımi səviyyədə qiymətləndirməyib. Məqalədə vurğulanır ki, Fransanın regiondakı təsirinin zəifləməsi həm də fransız şirkətlərinin və sərmayələrinin Afrika ölkələrindən kütləvi şəkildə çıxması, dil və mədəni əlaqələrin pozulması fonunda baş verib. Bu, Fransanın diplomatik ambisiyaları ilə hərbi mövcudluğu arasında uçurum yaradıb. Respublika prezidenti Emmanuel Makronun fəaliyyətinə toxunan "Le Point" onun Fransa ilə Afrika arasında 70 illik imtiyazlı əlaqələrin mirasını 7 il ərzində məhv etdiyini qeyd edir.

Nahid SALAYEV





Избранный
12
baki-xeber.com

1Источники