RU

Rəqəmlər təhlükədən xəbər verir – Qorxunc tendensiya gündən-günə çoxalır

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına (siqaret) ayda adambaşına orta hesabla 9 manat 40 qəpik xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə və siqaretə xərclənən adambaşına düşən vəsait 9,3% artıb.
 
Bəs Azərbaycanda alkoqol və tütün istifadəsinin artmasının səbəbləri arasında psixoloji faktorlar hansılardır? Bu faktorlar nə dərəcədə rol oynayır? Tütün və alkoqoldan asılılıq inkişaf edən şəxslərdə hansı psixoloji dəyişikliklər müşahidə olunur?
 
Sualları cavablandıran psixoloq Elnarə Kərimova Yenisabah.az-a danışıb:
 
“Əslində mövzu çox dərindir və ciddi araşdırma tələb edir. Son zamanlar xüsusilə gənc ailələrdən alkoqol asılılığına görə ayrılma həddinə çatmayla bağlı müraciətlər artır. Daha sonrakı mərhələlərdə isə narkotik maddələrdən istifadə ilə bağlı müraciətlər var. Amma əslində tütün və alkoqol narkotik istifadəsinə aparan yolun başlanğıcıdır. Çox zaman xüsusilə tütün məmulatlarından istifadənin gəncləşməsi müşahidə olunur ki, bu da sonrakı mərhələdə narkotikdən istifadəyə qədər apara bilər”.
 
Psixoloq qeyd edib ki, asılılıq psixolojidən fiziki duruma keçibsə, məsələ daha da ciddiləşir:
 
“Siqaret və alkoqoldan mütəmadi istifadə edən şəxslər elə düşünürlər ki, istədiyi zaman onu ata bilər. Yəqin ki, siz də ətrafınızda “istəsəm bu gün ataram” deyən, amma bunu həyata keçirməyən çox sayda insan görmüsünüz. Əslində bu, o qədər də asan məsələ deyil, xüsusilə əgər alkoqol və tütündən asılılıq psixoloji asılılıqdan fiziki asılılığa keçibsə, daha çətindir və tibbi, psixoloji müdaxilə tələb olunur.
 
Tibb işçiləri deyirlər ki, xüsusilə alkoqol asılılığının formalaşması fərqli olur, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaranır”.
 
E.Kərimova onu da vurğulayıb ki, ilkin dövrdə alkoqol insanda eyforiya hissi yaradır, o, özünü daha xoşbəxt, daha güclü, daha rahat hiss edir, sanki özgüvəni artır:
 
“Lakin bütün bu hisslər müvəqqətidir. Təkrar-təkrar həmin hissləri yaşamaq istəmək alkoqol asılılığına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür. Bu mərhələ psixi asılılıq dövrü adlanır. Bu mərhələdə psixoloji dəstək və güclü iradə ilə psixoloji asılılığı aradan qaldırmaq mümkündür. Çünki sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur və bu zaman tibbi müdaxilə vacib olur. Fiziki asılılıq əmək qabiliyyətini azaldır, şəxs elə bilir ki, daha yüksək dozada alkoqol qəbul etsə, vəziyyəti yaxşılaşacaq. Çünki daha az dozada alkoqol onu “xoşbəxt etmir”. Yaxud özləri dedikləri kimi, “dərdlərini unutdurmur”. Beləliklə, asılılıq güclənir. Onlar işləməkdən vaz keçir, həyatdakı uğursuzluqlarını bu yolla unutmağa çalışır, ən yaxın adamlarına belə laqeyd olur, bəziləri hətta özlərini belə cəzalandırır, “içməsəm, ürəyim partlayar” deyərək özlərinə bəraət qazandırırlar.
 
Azyaşlılar isə siqaret və alkoqoldan istifadəni böyümə əlaməti hesab edir, sanki “kişiləşdiklərini” bu yolla sübut etməyə çalışırlar. Həmin yaş dövründə qorxutma, cəza, uşağın çantasını, ciblərini axtarmaq, paltarlarını iyləmək, cibxərcliyini kəsmək çox effektli olmur. Ona sadəcə bu vərdişlərin zərərini, bunun kişiliklə, böyüməklə heç bir əlaqəsinin olmadığını başa salmaq lazımdır. Çətindir, amma mümkündür”.
 
Избранный
24
4
moderator.az

5Источники