RU

Dişlər yenidən inkişaf edə bilərmi?

Yapon tədqiqatçılar bunun üçün yeni dərmanı sınaqdan keçirirlər

Dişləri əskik olan insanlar yeni dişlər çıxara bilərlər”, -yaponiyalı diş həkimi Katsu Takaşaki belə deyib. O açıqlayıb ki, yapon diş həkimləri protez və implantlara alternativ təklif edəcəyinə ümid etdikləri qabaqcıl dərmanı sınaqdan keçirirlər.

Adətən dişlərini müntəzəm olaraq əvəz edən sürünənlərdən və balıqlardan fərqli olaraq, insanlarda və digər məməlilərin əksəriyyətində yalnız iki diş dəsti yetişdiyi hamıya məlumdur.

Osaka Tibb Tədqiqat İnstitutunun Kitano Xəstəxanasının ağız cərrahiyyəsi şöbəsinin rəhbəri Katsu Takahaşinin dediyinə görə, diş ətlərimizin altında üçüncü diş dəstinin “yatmış qönçələri” gizlənir.

Onun komandası oktyabr ayında Kyoto Universiteti Xəstəxanasında klinik sınaqlara başlayıb və bu gizli dişlərin böyüməsini sürətləndirmək potensialına malik olduğunu söylədiyi yetkin test subyektlərinə eksperimental dərman tətbiq edilib.

Takahaşi AFP-yə bildirib ki, bu, dünya üçün "tamamilə yeni" bir texnologiyadır.

Çürük, xəstəlik və ya zədə nəticəsində itirilən dişlər üçün istifadə edilən protez müalicələri çox vaxt bahalı və invaziv olaraq görülür.

Layihənin aparıcı tədqiqatçısı Takahaşi deyir ki, təbii dişləri bərpa etməyin mütləq üstünlükləri var.

Siçanlar üzərində aparılan sınaqlar göstərib ki, USAG-1 adlı zülalın bloklanması üçüncü dəsti oyandıra bilər və tədqiqatçılar yenidən böyüyən heyvan dişlərinin laboratoriya fotoşəkillərini dərc ediblər.

Hələlik stomatoloqlar daha çox daimi dişi doğuşdan əskik olan xəstələrin ehtiyaclarına üstünlük verirlər.

Buna görə də, dərman ilk növbədə uşaqlara yönəldilmişdir. Tədqiqatçılar onu 2030-cu ildən istifadəyə vermək istəyirlər.

Londonun Kraliça Meri Universitetinin stomatologiya üzrə professoru Anqray Kanq dişləri bərpa etmək və ya bərpa etmək üçün antikorlardan istifadə etmək kimi məqsədə doğru irəliləyən yaponiyalı komandanın işini yüksək qiymətləndirib.

"Deyərdim ki, Takahaşi qrupu bu yolda liderdir", -deyə Kanq Takahaşinin işini həyəcanlı və təqib etməyə dəyər hesab etdiyini bildirib.

Bu, yalnız başlanğıcdır

Honq Konq Universitetinin endodontiya üzrə klinik professoru Çenqfei Zhanq da Takahaşi metodunun "yenilikçi və yüksək potensiala malik olduğunu" söyləyib.

"İnsanların üçüncü diş dəstini yarada bilən gizli diş qönçələrinə sahib olması iddiası həm inqilabi, həm də mübahisəlidir",-profeesor deyib.

O, həmçinin xəbərdarlıq edib ki, heyvanlarda müşahidə olunan nəticələr heç də həmişə insanlara birbaşa uyğun gəlmir.

Heyvanlar üzərində aparılan təcrübələrin nəticələri "regenerasiya edilmiş dişlərin çatışmayan dişləri funksional və estetik cəhətdən əvəz edə biləcəyi ilə bağlı suallar doğurur", - deyə Zhanq əlavə edib.

Özünə güvənən Takahaşi isə iddia edir ki, ağızda yeni bir dişin yeri dərman ilə təyin olunmasa da, idarə oluna bilər. Yəni diş yanlış yerdə böyüyərsə, ortodontiya və ya transplantasiya ilə köçürülə bilər.

İlk klinik sınaqda anadangəlmə pozğunluğu olan heç bir gənc xəstə iştirak etmir, çünki əsas məqsəd dərmanın effektivliyini yox, onun təhlükəsizliyini yoxlamaqdır.

Belə ki, hələlik iştirakçılar ən azı bir dişini itirmiş sağlam yetkinlərdir.

Takahaşi bildirib ki, dişlərin bərpası bu dəfəki sınağın açıq məqsədi olmasa da, hər halda subyektlərdə baş verə biləcəyi ehtimalı az da olsa var.

Bu, baş verərsə, tədqiqatçılar dərmanın dişsizliyi olanlar üçün təsirli ola biləcəyini təsdiqləmiş olacaqlar. “Bu, bir tibbi zəfər olardı”, -Takahaşi qeyd edib.

Qeyd edək ki, dünyada ikinci ən yaşlı əhaliyə malik olan Yaponiya üçün xüsusilə xoş xəbər ola bilər.

"Gözləntilərimiz böyükdür və texnologiyamız onların sağlam ömrünü birbaşa uzada bilər", - Takahaşi layihəyə ümidlə yanaşdığını açıqlayıb.

Nubar Süleymanova, “İki sahil”

Избранный
55
ikisahil.az

1Источники