RU

MMC sakinləri təhlükə ilə üzləşdirib - Müraciət

MMC

«Gold Residence» MMC Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cüma küçəsi, 28 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinlərinə qarşı qanunsuz hərəkətlərinə son qoymur.

Reyting.az
saytında kollektiv qaydada müraciət edən həmin yaşayış binasının sakinləri bildirirlər ki, «Gold Residence» MMC-nin özbaşınalıqları, qanunsuz əməlləri və sakinlərin həyatına yaratdığı təhlükələr davam edir.

Sakinlər redaksiyamız vasitəsi ilə Azərbaycan Respublikası hökumətinin, Baş prokurorun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Nərimanov Rayon İcra Hakimiyytinin diqqətinə bir neçə aydır ki, «Gold Residence» MMC-nin qanunsuz hərəkətlərinə məruz qaldıqlarını bir daha çatdırmaq istəyirlər.



Sakinlər yazırlar ki, Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə «Gold Residence» MMC-yə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi, 5B ünvanlarındakı yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,178 ha ərazi ili 36386,06 manata 49 illik icarəyə verilib. Bu sərəncamdan sui-istifadə edən «Gold Residence» MMC isə Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaları qanunsuz olaraq söküb. Bu faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda həmin 240066135 nömrəli cinayət işinin istintaqı aparılsa da, bu günədək MMC-nin işçiləri məsuliyyətə cəlb olunmayıb, MMC-nin direktoru prokurorluğa çağırılaraq dindirilməyib, zərərçəkənlərə dəymiş zərər ödənilməyib.

Şikayətçilərin yazdığına görə, «Gold Residence» MMC-nin direktoru, İmişli rayonunun Əliqulular kənd sakini, 1991-ci il təvəllüdlü İsazadə Anar Sabir oğlunu ümumiyyətlə söküntü ərazisində bu günədək görən olmayıb. Əldə olunmuş məlumata əsasən, o, hazırda hüquqi şəxs yaratmadan fiziki şəxs kimi özünün 5500704602 nömrəli VÖEN-dən istifadə edərək sahibkarlıqla məşğul olur. Deyilənlərə görə, pərakəndə qaydada ayaqqabı satır. Yəni, İsazadə Anar Sabir oğlu «Gold Residence» MMC-nin formal direktorudur. Onun adından MMC-ni qanunsuz idarə edən təsisçisi Hüseynov Elnur Əyyam oğludur.

Elnur Hüseynov əraziyə gələn kimi Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamından sui-istifadə edərək müvafiq yerquruluşu planında göstərilən koordinatlardan kənara çıxaraq MMC-yə ayrılmış ərazidən artıq sahəni qanunsuz olaraq hasarlayıb. Çox güman ki, bunu hansı yollasa Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə razılaşaraq edib.


Yerquruluşu planı

Sakinlər bildirir ki, MMC ona həmin Sərəncamla ayrılmış koordinatlardan kənara çıxaraq Fətəli Xan Xoyski prospekti, 128 nömrəli binadan prospektdə yerləşən «Gloriya» gül dükanınadək qanunsuz hasar çəkib. Bununla da, həmin Sərəncama aidiyyəti olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə çıxışı bağlanıb. Nəticədə sakinlərin hərəkətləri qanunsuz olaraq məhdudlaşdırılıb. Bu azmış kimi, MMC-nin işçiləri gecə vaxtı Aşıq Molla Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın 4-cü blokunun üstünü qanunsuz olaraq söküb, nəticədə blokun giriş qapısı yararsız hala düşüb. Söküntü zamanı binanın 1-ci mərtəbəsində yerləşən Fərid adlı sahibkarın obyektinin divarı dağıdılıb, binanın qaz, rabitə və işıq xətlərini zədələnib. Soyuq havalarda bina sakinləri bir neçə saat işıqsız və qazsız qalıblar.

Xatırladaq ki, adıçəkilən binanın sakini Elxan Qarayevə məxsus qarajın «Gold Residence» MMC-nin rəhbəri Elnur Hüseynovun əmri ilə qanunsuz sökülməsi və digər qanunsuzluqları barədə əvvəllər yazmışdıq.

«Gold Residence» MMC Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaların ətrafında olan təxminən 30-dan çox ağacı qanunsuz olaraq kəsib. Bu barədə sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsinə baxmayaraq, bu günədək hər hansı tədbir görülməyib.

Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın sakinləri redaksiyamız vasitəsi ilə aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirlər ki, «Gold Residence» MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamından sui-istifadə hallarına son qoymasını, binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə Fətəli Xan Xoyski prospekti, 128 nömrəli binadan «Gloriya» gül dükanınadək çəkilmiş qanunsuz hasarı sökməsini, binanın 4-cü blokunun dəmir qapısının təcili olaraq dəyişdirməsini, blokun qarşısına tökülmüş söküntü materiallarının yığışdırmasını, söküntü zamanı etajlarda sındırılmış pencərə şüşələrini yeniləməsini, sakinlərin hər tərəfə sərbəst çıxışının təmin edilməsini və MMC tərəfindən yol verilmiş digər qanunsuzluqların aradan qaldırmasına göstəriş versinlər.

V. QULİYEV

P.S. Redaksiya «Gold Residence» MMC-nin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Избранный
32
2
reyting.az

3Источники