RU

“Cəmiyyət bu xoru dinləməyə məcbur olur”

Bildiyimiz kimi, 16-22 dekabr tarixləri “Media Savadlılığı” həftəsi elan olunub. Media savadlılığı, müasir cəmiyyətdə ən fundamental məsələlərdən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın genişlənməsi fonunda fərdlərin məlumatları doğru şəkildə seçməsi, analiz və şərhetmə bacarıqları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda “Media Savadlılığı”nın inkişaf etdirilməsi və bu sahədə səmərəli təhsil sisteminin qurulması, cəmiyyətin düzgün məlumat əldəetmə və ictimai proseslərdə fəal iştirakının təmini üçün mühüm prioritet təşkil edir. 

Bu məqamda “Qafqazinfo” Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu ilə həmsöhbət olub. 

O bildirib ki, media savadlılığının başlıca mövzusu oxucunun saxta xəbəri gerçəyindən ayırd edə bilməsidir: “Bu məsələdə günahı və yaxud məsuliyyəti oxucunun üstünə yükləməyin tərəfdarı deyiləm. Əvvəla, media aydın məsələdir ki, saxta xəbər yaymamalıdır. Əgər hansısa kütləvi informasiya vasitəsi saxta xəbəri yayırsa, bu, artıq medianın problemi deyil, qanuna aidiyyəti olan məsələdir. Bunu ancaq qanun ayırd etməli və qiymət verməlidir. Hansısa başqa peşə sahibi - həkim də, müəllim də, hüquq-mühafizə orqanı işçisi də əməlində səhv edəndə məsuliyyətə cəlb olunur. Jurnalist də bir peşə sahibidir. Əgər o, saxta, yalan xəbər yayırsa, qanun qarşısında məsuliyyət daşıyır. Ona görə də məhz media savadlılığı ilə bağlı cəmiyyətdə daha aktiv iş aparılmalıdır. Bu, jurnalistlərin özləri üçün çox vacibdir.

Oxucuların bu məsələni daha geniş şəkildə anlaması üçün təbliğat işinin aparılmasına ehtiyac var. Media savadlılığı ilə bağlı tədbirlərin sayı nə qədər çox olsa, daha yaxşıdır. 

Qabil Abbasoğlu qeyd edib ki, bu prosesdə redaksiyalarda işgüzar görüşlər, peşəkarlar tərəfindən treninqlər aparılır: “Jurnalistka fakültəsində təhsil alan tələbələr, gənclər arasında iş aparmaq lazımdır. Bunlar hamısı insan faktorundan asılıdır. Media savadlılığı Azərbaycanda olduqca aktual mövzudur. Buna hər zaman gənclərimizin, jurnalistlərin ehtiyacı var”.

Onun fikrincə, hazırda Azərbaycan jurnalistikasında problemlərlə yanaşı, müsbət məqamlar da var: “Problemlər jurnalistlərlə bağlı deyil, jurnalistkanın özü ilə bağlıdır. Bununla bağlı mənzil təminatı siyasəti həyata keçirildi. Jurnalistlərə dövlət tərəfindən dəstək verilməsi - bunlar hamısı olduqca yaxşı addımlardır”. 

Sayt redaktoru həmçinin, xəbərin operativ, qərəzsiz olması və istinad məsələlərinə də toxunub: “Xəbərin operativ və qərəzsiz olması medianın əlifbası deməkdir. Bununla yanaşı, istinad məsələsinə də olduqca diqqət yetirilməlidir. 

Hazırda jurnalistkada xəbərlərin istinad edilməməsi ən ağrılı probləmlərdən biridir. Kütləvi xəbər yayımını bütün informasiya agentlikləri, bütün televiziyalar olduğu kimi verirlər. Cəmiyyət də bu xoru dinləməyə məcbur olur. Bu gün redaksiyalarda özəl materialların olmaması bir başqa problemdir. Eksklüziv xəbər əldə etmək təbii ki, çətindir. Ancaq redaksiya materialı istehsal etmək, həm də keyfiyyətli jurnalist yetişdirməyə imkan verir. Çünki press-relizlər, “kopya” xəbərlər kənarda hər hansı yaradıcı materialın yazılmasına əsas vermir. İstinad məsələsi jurnalist etikası ilə bağlı məsələdir. Buna qarşı jurnalistlər özləri tədbir görməlidirlər. Bu kimi problemlər yəqin ki, zamanla həll olunacaq”. 

Qabil Abbasoğlu bildirib ki, vətəndaş jurnalistkasının və sosial şəbəkələrin daha üstün olması normal haldır, bu dünya təcrübəsində də eynidir: “Dünyada vətəndaş jurnalistikası artıq özünü tutmuş, möhkəmləndirmiş bir məktəbdir. Ona qarşı mübarizə aparmaq, onun rolunu arxaya atmaqdansa, biz medianı daha keyfiyyətli hala gətirməliyik. Media ilə vətəndaş jurnalistikasının arasında olan prinsipial fərq budur ki, media qanunvericilik və etik kodekslər, peşəkarlıq standartları əsasında işləyir. Sosial şəbəkələr və vətəndaş jurnalistkasında isə bu çərçivələr yoxdur.

Hər zaman deyirəm ki, peşəmi vicdanla yerinə yetirəcəyimə and içirəm. İki peşə sahibi var ki, işləri üçün and içirlər. Bunlar həkimlər və jurnalistlərdir. Jurnalistlər ritual olaraq andiçmə keçirməsələr də, onların etik kodeksləri var. Həkimlərin də Hippokrat andı var. Həmin peşəkarlıq standartları altında fəaliyyət göstərmək bizi vətəndaş jurnalistikası və sosial şəbəkələrin rəngli, xaotik fəaliyyətindən fərqləndirir. Buna görə də qanunvericilik və etik kodekslər çərçivəsinə diqqətlə yanaşmaq və bunun tələblərinə əməl etmək lazımdır. 

Azərbaycanda da, dünyada da vətəndaş jurnalistkasının qarşısını almağın hər hansı bir yolu yoxdur. Mənasızdır, lazım da deyil. Çünki bu da müasir həyatımızın bir sahəsidir, dünyanı əhatə edən bir damğadır. Qarşısında dayanmaqdansa, onun içində olub daha keyfiyyətli bir hala gətirmək lazımdır”.

Fidan Etibar

Избранный
9
qafqazinfo.az

1Источники